Rusiya ilə Ukrayna arasında mümkün RAZILAŞMA: “Məsələnin sonu ondan ibarət olmalıdır ki…” – Sabiq dövlət müşaviri
“Hazırda Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinin imzalanması mümkünsüzdür. İmzalansa belə, bu, yarımçıq sülh olacaq”.
Bu sözləri Rusiya-Ukrayna arasında gedən müharibənin dayandırılması üçün tərəflərin razılığa gəlməsi barədə yayılan iddialara münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.
Qabil Hüseynli bildirib ki, strateji üstünlük tamamilə Ukraynanın tərəfindədir:
“Qərb ölkələri Ukraynanı sülhə təhrik etsələr, Ukrayna buna getməməlidir. Zelenski buna getməyəcək. Söhbət Ukraynanın ərazi bütövlüyündən, Donetsk, Luqansk və Krımın Ukraynaya qaytarılmasından, Rusiyanın bu müharibədən biabırcasına, rüsvayçı formada öz evinə getməsindən keçməlidir. Başqa, yarımçıq kompromislər Ukraynaya sərf etməz.
Məsələnin sonu ondan ibarət olmalıdır ki, Putindən Rusiyanın da canını qurtarmaq lazımdır. Elə bir sülh müqaviləsi imzalanmalıdır ki, Ukraynanın qalibiyyətini ifadə etsin”.
Qeyd edək ki, Ukrayna Rusiya arasında razılığın əldə olunması ilə iddialar ortaya atılıb. İddiaya görə, Ukrayna NATO-ya üzv olmamaq və silahsızlaşdırılma ilə bağlı razılığa gəlib.
Səxavət Məmməd