Rusiya-İran münasibətlərində Ermənistan AMİLİ: “Pezeşkian Xamneyinin fikirlərini təkrarlayacaq”

“İran hakimiyyətinin lideri – ölkənin ali rəhbəri Ayətullah Seyid Əli Xamneyinin Zəngəzur dəhlizi ilə bağlı açıqlaması çoxdan mövcuddur. Belə ki, o, regionda geostrateji mövqelərin, sərhədlərin və ərazi bütövlüyünün dəyişdirilməsinin İranın “qırmızı xətt”i olduğunu dəfələrlə deyib və bu məsələ yeni deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, iranşünas Sədrəddin Soltan deyib.

Analitik İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyini, habelə bu məsələdə Moskva-Tehran münasibətlərinin gərginləşməsini şərh edib.

O, xatırladıb ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Zəngəzur dəhlizi məsələsi gündəliyə gələndə Xamneyi bunu elan etdi:

“Sonralar İranın “qırmızı xətt” oyununu ovaxtkı prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian da söyləmişdi. İndi Abbas Araqçi də analoji fikirləri səsləndirib. Bundan başqa, ölkənin müdafiə naziri və müxtəlif, o cümlədən Təbrizdən olan deputatlar bu barədə danışıblar. Yəni İranda Ayətullah Seyid Əli Xamneyinin dediyi fikir İran hakimiyyəti üçün Quran ayəsi kimi vacibdir. Ona görə də prezident Məsud Pezeşkian, şübhəsiz ki, Xamneyinin söylədiklərini həyata keçirmək üçün oxşar fikir səsləndirəcək. Bu, ayrı-ayrı insanların məsələyə münasibətindən asılı deyil, əksinə, İran hakimiyyətinin mövqeyidir. Pezeşkian da bu hakimiyyətin təmsilçisidir. Onun üçün də istisna etmirəm ki, Pezeşkian Xamneyinin dediyi fikirləri təkrarlayacaq. Bu isə o deməkdir ki, Pezeşkian da Xamneyi kimi, Zəngəzur dəhlizinin açılmasını əngəlləyəcək açıqlama ilə çıxış edəcək”.

“O ki qaldı bu məsələdə Rusiya ilə İran arasındakı gərginliyin olması ehtimallarına, bu, Moskvanın izahatından asılıdır. Bir də ki, Rusiya İran hakimiyyətinin maraqlarına oynamır, əksinə, Rusiya İranı öz maraqlarına oynadır. Rusiya Azərbaycan və Ermənistan arasındakı danışıqların ikitərəfli çərçivə olmasına əvvəldən razıdır. 2020-ci ilin üçtərəfli bəyanatının 9-cu maddəsində kommunikasiya xətlərinin açılması ilə bağlı imza mövcuddur. Sadəcə olaraq, orada həmin xətdən keçəcək marşruta Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti nəzarət etməli idi. İndi 9-cu maddə çıxarılıb və onun yerinə xarici, özəl təhlükəsizlik xidmətinin əməkdaşları salınıb. Rusiya da buna razıdır, lakin, nəticə etibarilə, Moskva həmin yolun açılmasına əvvəldən razılığını verib”, – mütəxəssis o, əlavə edib.

S. Soltana görə, İranı narahat edən özəl qoruma şirkətinin Qərb dövlətlərindən birinə aid olmasıdır:

“Rusiya isə bundan narahat deyil, çünki gec-tez Ermənistan-İran sərhədindən öz hərbçilərini çıxaracaq. Bu gün Rusiya üçün əsas məsələ Ermənistanı itirməməkdir. Çünki Rusiya Ermənistanı qıcıqlandıranda İrəvan Qərbə daha çox meyllənir. Onun üçün də Rusiya-İran münasibətlərində Moskva Ermənistan amilini Tehrana qurban verməz. Zəngəzur yolu ilə bağlı Ermənistanın istəklərinə qarşı çıxmaq həm də Rusiyanın regiondakı maraqlarına çıxmaqdır. Rusiya isə bu maraqlara qarşı çıxmaqla Azərbaycanı itirir və Türkiyə münasibətləri korlanır. İndi sual edirəm ki, Rusiya Ermənistan, Türkiyə və Azərbaycanı İranın maraqlarına qurban verərmi? Təbii ki, yox!”

Rafi Müslümov

COP29