Bu günə qədər Rusiyadan Kursk vilayətindəki vəziyyətlə bağlı heç bir müraciət olmayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mətbuat xidmətindən bildirilib.
“Hərbi münaqişənin KTMT-nin məsuliyyət zonasına keçməsi eskalasiyanın yeni mərhələsidir. Analitik xidmətimiz gecə-gündüz fəaliyyət göstərir. Biz vəziyyətin inkişafını diqqətlə izləyirik və təşkilatın nizamnaməsinə uyğun hərəkət edəcəyik. Katiblik və Rusiya Federasiyasının müvafiq dövlət qurumları müntəzəm olaraq məlumat mübadiləsi aparırlar. Lazım gələrsə, KTMT katibliyi bu halda nəzərdə tutulan bütün prosedurları müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirəcək”, – deyə KTMT-nin mətbuat xidməti əlavə edib.
Təşkilat xatırladıb ki, hərbi yardımın göstərilməsi məsələsi yalnız üzv dövlətin rəsmi müraciəti olacağı təqdirdə yarana bilər. Lakin bu günə qədər Rusiyadan Kursk vilayətindəki vəziyyətlə bağlı belə bir müraciət olmayıb.
Rusiyanın Kursk vilayətinin sərhədyanı rayonlarında vəziyyətin gərginləşməsi avqustun 6-da səhər saatlarında Ukrayna ordusunun bölgədə əməliyyat keçirməyə başlamasından sonra başlayıb. Sərhəd rayonlarında Rusiya və Ukrayna qoşunları arasında şiddətli döyüşlər davam edir, yaşayış məntəqələrində irimiqyaslı pilotsuz təyyarələrin hücumları qeydə alınır, vaxtaşırı raket xəbərdarlığı siqnalları eşidilir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olmasından sonra döyüşlər əsasən Korenevski və Sudjanski, qismən də vilayətin Belovski və Lqovski rayonlarında davam edib.
Rusiya tərəfinin son məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin bölgəyə hücumları nəticəsində 12 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb. Bölgədəki vəziyyət federal fövqəladə vəziyyət kimi tanınır.
Bundan əlavə, Rusiyanın üç regionunda vəziyyətin gərginləşməsi fonunda Belqorod, Kursk və Bryansk vilayətlərini əhatə edən antiterror əməliyyatı rejimi tətbiq edilib.
Bu arada bir sıra rayonlarda mülki əhalinin təxliyəsi davam edir. Avqustun 12-də Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Vladimir Putinə evakuasiya edilməli olan 180 min nəfərdən 121 mininin artıq bölgəni tərk etdiyini bildirib.
Bu arada Ukrayna tərəfi Kursk vilayətində 1150 kvadratmetr km ərazisi və 82 yaşayış məntəqəsini nəzarətə götürüldüyünü iddia edir.
Bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Sudja şəhərinin Ukrayna ordusunun nəzarətinə keçdiyini bildirib. Sudja qazölçmə stansiyası Rusiya-Ukrayna sərhədi yaxınlığında yerləşir və bu gün Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti üçün yeganə marşrut olaraq qalır.
Nəsimi Ələsgərli