Rusiya müharibədə yeni taktika seçir – Ukrayna bu şəhəri itirsə…

“Ukrayna Xarkov vilayətində Rusiyaya böyük itkilər verdirsə də, Pokrovsk istiqamətində ciddi problemlərlə üzləşib. Rusiya sürüşmə bombalarına və cəbhədən hücumlara arxalanmağa davam edir, eləcə rus ordusu yavaş-yavaş strateji mərhələlərə doğru çalışır”.

Yenicag.az xəbər verir ki, bu barədə almaniyalı siyasətçi, hərbi ekspert, Xristian Demokrat Partiyasının (CDU) üzvü Niko Lonq “X” hesabındakı paylaşımında bildirib.

Onun sözlərinə görə, hər şeydən əvvəl Rusiya hücum vektorunu Oçeretine qəsəbəsindən kənara çıxarmağa davam edir. Hərbi ekspert əmindir ki, rusların hədəfi Pokrovsk və Kostyantinivka qəsəbələri arasındakı yolda strateji əhəmiyyətli kəsişməni ələ keçirməkdir.

Alman ekspert onu da əlavə edib ki, Rusiya bu istiqamətdə nəticə qazana bilsə, Baxmut və Avdeyevkada qazandığı taktiki uğurları strateji nəticəyə çevirəcək:

“Ukrayna üçün bu istiqamətdə durum hər keçən gün pisləşir. Ukrayna ordusu Çasiv Yarda güclü müdafiə xətləri qursa da, rusların hədəfi Donetsk vilayətinin inzibati sərhədlərinə qədər irəliləməkdir. Bu gün Putin üçün əsas hədəf Donetsk vilayətinin Kramatorsk, Slovyansk və Pokrovsk kimi iri yaşayış məntəqələrini ələ keçirməkdir ki, son günlər rusların bununla bağlı intensiv hücumlarını da görməkdəyik”.

Mütəxəssis diqqətə çatdırıb ki, rusların Xarkovdan həyata keçirdiyi hücum, sadəcə, hədəfi yayındırmaq xarakteri daşıyır.

“Rusların Xarkova girəcəyinə inanmaq sadəlövhlük olar. Əgər Xarkov itirilsə, bu, artıq Ukrayna üçün sonun başlanğıcı olacaq. Hazırda Ukrayna ordusu çətin də olsa, cəbhə xətti boyunca işğalçılara qarşı dirənir, onların hücumlarını dəf etməyi bacarır. Ruslar Krımdan, Belqoroddan və işğal altındakı ərazilərdən Ukrayna hədəflərini hər gün atəşə tutur, bəzən də Kiyevi bombalayırlar. Vəziyyət Ukrayna üçün çox çətindir, lakin müharibənin passiv fazasında ukraynalıların müqavimət göstərəcəyi dəqiqdir”, – o, yazıb.

Rafi Müslümov

COP29