Rusiya ordusu Karib dənizində hərbi təlimlər keçirəcək. Hərbi təlimlərdə qanadlı və uzun mənzilli ballistik raketlərin zərbə endirməsi simulyasiya ediləcək. Bundan əlavə, təlimlərdə Kuba və Rusiya hərbiçiləri də iştirak edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ hərbi dairələrinə istinadla məlumat yayıb.
Agentlik yazır ki, beləliklə, Moskva 62 il sonra Karib dənizində hərbi hərəkətlənmə həyata keçirəcək.
“Birləşmiş Ştatlar Rusiyanın Karibdə hərbi təlimlərini diqqətlə izləyəcək. Hazırda təlimlərin ciddi narahatlığı yoxdur. Təlimlər 2013-cü ildən etibarən keçirilir, lakin təlimlərdə istifadə olunacaq raketlər və onların mənzili ABŞ-ın diqqət mərkəzində olacaq”, – deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, “Reuters”in sözügedən informasiyaları dərc etməsindən sonra Rusiyanın nüfuzlu “Kommersant” nəşri əlavə edib ki, Rusiya hərbi gəmiləri təlimlərlə bağlı Venesuela və Kuba sahillərinə yan alacaq.
Məlumata görə, hərbi təlimlərdə Rusiya nüvə daşıyıcıları olan “Tupolev Tu-160 m” bombardmançıları, eyni zamanda, nüvə sualtıları da iştirak edəcək.
Xatırladaq ki, Karib dənizindəki təlimlərlə yanaşı, Qərb mətbuatı həmçinin Rusiya tərəfinin “Husilər”, HƏMAS, “Hizbullah”, Şimali Koreya və bəzi başqa anti-Qərb ölkə və qruplarına orta və ya uzun mənzilli qanadlı raketlərin tədarük edilməsini nəzərdən keçirməsi ilə bağlı iddialar da səsləndirib.
Amerika hərbi dairələri bunun ciddi eskalasiya yaradacağından narahatdırlar. Bundan başqa, bildirilib ki, amerikalı rəsmilər buna görə Rusiya tərəfi ilə danışıqlar aparmağı planlaşdırırlar.
Rafi Müslümov