“Rusiya Orta Asiyaya təsirini saxlaya bilməyəcək” – Oljas Süleymenov – Özəl

“Amerika Birləşmiş Ştatları Orta Asiya ölkələrinin əsas iqtisadi tərəfdaşına çevrilir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində “Açıq dünya” Təhlil və Proqnozlaşdırma İctimai Fondunun vitse-prezidenti, Qazaxıstanlı ekspert Oljas Süleymenov deyib.

Oljas Süleymenovun sözlərinə görə, Orta Asiya dövlətlərinin başda ABŞ olmaqla, Qərblə yaxınlaşmaq tendensiyası güclənməkdədir:

“Bu mənada Özbəkistan prezidenti Şövkət Mirziyayevin may ayında ABŞ-a səfərini müsbət qiymətləndirmək mümkündür. Mirziyayevin ABŞ-a səfərinin ölkədəki sosial-iqtisadi durumun qeyri-sabit dövrünə və qlobal bazarda qiymətlərin dayanıqsız vaxtına, regionda iqtisadi fəallığın azaldığı zaman kəsiminə təsadüf etməsi də xüsusi qeyd olunmalıdır.

Mirziyayevin səfəri çərçivəsində diqqəti çəkən əsas məqamlardan biri də Özbəkistanla ABŞ arasında ikitərəfli ticarət əlaqələrinin artırılmasına dair Memorandumun imzalanmasıdır. Bu sənəd Özbəkistana ABŞ-ın bır sıra mühüm iqtisadi layihələrində iştirak imkanı qazandırır.

Bütün bunlar əlbəttə ki, Mirziyayevin “yarımaçıq qapılar” siyasəti nəticəsində mümkün olub. Aydın görünür ki, hazırda Daşkənd ölkə iqtisadiyyatının modernləşdirilməsi üçün Qərb investisiyalarına ehtiyac olduğunu başa düşür.

Eyni zamanda, ABŞ həm də Qazaxıstanın əsas ticari-iqtisadi tərəfdaşlarından biridir. Prezident Nursultan Nazarbayevin sözlərinə əsasən, ABŞ Qazaxıstan iqtisadiyyatına 50 milyard dollar civarında investisiya yatırıb. Başda “Chevron”, “ExxonMobile” və “General electric” olmaqla, ABŞ-ın 500-dən artıq şirkəti Qazaxıstanda fəaliyyət göstərir.

Ümumiyyətlə, 2015-ci ildən etibarən, ABŞ və Orta Asiya dövlətləri arasında “C5+1” formatında əməkdaşlıq genişlənməkdədir. Prezident Nazarbayev bildirib ki, “Hazırda böyük dövlətlərin Orta Asiya regionuna marağı xeyli artıb. Bir tərəfdə Rusiya, digər tərəfdə Çin, cənubda isə İslam dünyası bizim qonşumuzdur. ABŞ-ın “C5+1” formatı çərçivəsində regionda mövcudluğu çox vacibdir”.

Süleymenov əlavə edib ki, Rusiya və Çin Qərblə rəqabət şəraitində Orta Asiyada öz təsir imkanlarını qorumaq üçün mövcud imkanlarından yararlanmağa çalışır:
“Çin öz məhsullarını rahatlıqla Avropa bazarlarına çıxarmaq üçün böyük “İpək yolu”nun yaradılmasında maraqlıdır və buna görə də Orta Asiyaya irihəcmli investisiyalar yatırmağa hazırdır. Bu sırada İran körfəzinə qədər uzanan dəmiryol xəttinin çəkilməsi xüsusi qeyd oluna bilər. Çin hakimiyyətdə kimin olmasına baxmadan, Orta Asiya dövlətlərinə siyasi və iqtisadi dəstək verərək, onlarla anlaşmaq yolunu tutub.

Bu fonda Rusiya Orta Asiya regionuna təsir imkanlarını tədricən itirərək, bu dövlətlərin əsas xarici ticarət tərəfdaşı statusundan məhrum olmaqdadır. Rusiya iqtisadiyyatının zəifləməsi və bu səbəbdən Moskvanın Orta Asiya dövlətlərinə yönəlik dəstəyinin azalmasından isə Çin maksimum istifadə edəcək. Bu iki ölkə Orta Asiya dövlətlərinin əsas qlobal tərəfdaşıdır və onlardan birinin zəifləməsi digərinin güclənməsi anlamına gəlir. Ancaq Rusiya bütün hallarda regionda öz nüfuz və təsirini saxlamağa çalışacaq”

COP29