“Rusiya postsovet dövlətlərini işğal altındakı Krımın vəziyyətində görmək istəyir” – Hərbi ekspert

“Yeltsinin vaxtında Rusiyanın muxtar respublikalarına verilən hüquqlar da artıq demək olar, tamamilə ləğv edilib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında SSRİ-nin bərpa olunmasına dair iddialar fonunda Qarabağ danışıqlarının gedişini və İranın yük maşınlarının işğal altındakı ərazilərimizdə sərbəst hərəkətini şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazovun sözlərinə görə, SSRİ-nin bərpa olunması haqqında iddialar zaman-zaman gündəmə gətirilsə də, bu ideyanın baş tutması imkan xaricindədir:

“Artıq nəinki başqa postsovet respublikaları, hətta Rusiyanın özü belə çox dəyişib və artıq ciddi dəyişikliklərə məruz qalıb, orada indi tamamilə fərqli quruluş bərqərar olub.

Məlumdur ki, Sovet dövlətinin üç əsas “istinad”ı Kommunist Partiyası, “KQB” və Ordu idi. Müasir Rusiyada isə dövlətin dayaqları sırasında ilk yerdə Federal Təhlükəsizlik Xidməti (FTX) dayanır. Ondan sonra yeni rus oliqarxiyası gəlir, üçüncü yerdə isə Kilsə qərarlaşıb. Yəni SSRİ ilə müasir Rusiyanın dayaqları dəyişib.

Bəli, imperialist siyasətindən əl çəkməyən indiki Rusiya hakimiyyəti keçmiş müttəfiqlərini öz təsiri altında saxlamağa çalışır. Putin o zamanlar Stalinin “bütün müttəfiq respublikaları Rusiyanın tərkibinə qatmaq lazımdır” təklifinə razılıq vermədiyi üçün Lenini tənqid edir.

Rusiya hazırda keçmiş sovet respublikalarını işğal altındakı Donbas, Krım, Abxaziya, Osetiya və digərlərinin vəziyyətində görmək istəyir. Yəni Putinin nəzərdə tutduğu “yeni birlik”də postsovet dövlətləri heç SSRİ vaxtı malik olduqları sərbəstliyin onda birini də görməyəcəklər. Yeltsinin vaxtında Rusiyanın muxtar respublikalarına verilən hüquqlar da artıq demək olar, tamamilə ləğv edilib”.

Ekspert Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəzi çıxışlarının Azərbaycandakı “5-ci kolon”un nümayəndələrini həvəsləndirdiyini bildirib:

“Lavrov Qarabağ münaqişəsinin nizamlanmasından danışarkən, əvvəl ətraf rayonlar qaytarılmasını, qarşılıqlı səfərlərin bərpasını, sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini önə çəkir. Rusiyalı nazirin bu davranışı Azərbaycanda arxayınlıq yaratmaq və haradasa, Ermənistanın Qərbpərəst yeni hakimiyyətinə xəbərdarlıq etməkdir.

Azərbaycan Rusiya hərbi senayesinin ən irihəcmli sifarişçilərindən biridir. Hazırda Azərbaycanın Rusiyadan yeni hərbi təyyarələr alması istiqamətində danışıqların aparıldığı deyilir.

Rusiyalı ekspertlər bildirirlər ki, eyni silahlar Azərbaycana Ermənistandan 2-2,5 dəfə baha qiymətə satılır. Bundan belə nəticəyə gəlmək olar ki, Azərbaycan Rusiyadan hərbi texnika almaqla, Ermənistanın aldığı silahın da pulunu ödəmiş olur. Rusiyanın Qarabağ münaqişəsinin həllinə imkan verməməsinin kökündə isə Moskvanın hər iki dövləti öz təsiri altında saxlamaq niyyəti dayanır”.

İrana məxsus yük maşınlarının Azərbaycanın işğal altındakı ərazilərində sərbəst hərəkəti haqda danışan Tərlan Eyvazov İranın işğalçı Ermənistanla sıx işbirliyinin yenilik olmadığını xatırladıb:

“Cəbrayılın iki kəndi və Zəngilanın Muradxanlı kəndi hal-hazırda İranın sonradan tikdiyi dəryaça nəticəsində suyun altında qalıb. Orada sərhəd birtərəfli qorunur. İran tərəfində sərhəd qoşunları, qarşı tərəfdə isə işğalçı Ermənistanın hərbçiləri yerləşiblər.

İranın bizim işğal altındakı ərazilərimizdə rahat hərəkət üçün inşa etdiyi körpü vasitəsilə tikinti materialları və digər məhsulların daşınması həyata keçirilir. Bu, həm beynəlxalaq hüquqa, həm də İran-Azərbaycan münasibətlərinə ziddir. İran rəsmilərinin təkzibinə baxmayaraq, hər şey göz qarşısındadır”.

Səxavət Məmməd