Natiq Miri: “Qərb dünyası MDB məkanında Rusiyanın qarşısından çəkildikcə, Moskva da hər dəfə ayağını bir addım irəli qoymaqdadır”
Son zamanlar keşmiş sovet məkanında yenidən Rusiyanın revanş götürdüyü hiss olunur. Həmin məkana münasibətdə Qərb isə mövqelərini tədricən itirməkdədir. Oktyabrın 30-da Gürcüstanda baş tutan parlament seçkilərinin ikinci turunda Rusiya ilə münasibətləri Saakaşvili qədər kəskin olmayan İvanişvilinin “Gürcü arzusu” bloku böyük səs çoxluğu ilə qalib gəldi. Moldovada da keçirilən prezident seçkiləri rusiyapərəst sosialist partiyasının lideri Dodonun ilkin qələbəsilə başa çatıb. Rusiyaya meyl etməsilə seçilən bu namizəd ilk turda səslərin 48 faizindən bir qədər çoxunu əldə edərək ikinci tura lider kimi qədəm qoyub. Görüsən bütün bunlar Moskvanın keçmiş sovet məkanında yenidən öz nüfuzunu qormaq üçün prosesdən qalib çıxaraq revanş götürməsi anlamına gəlmirmi?
Yenicag.az-a açıqlama verən politoloq Natiq Mirinin fikrincə, Moldovadakı seçki nəticələrilə Rusiya bir daha sübut etdi ki, Qərb dünyası, xüsusən də Avropa Birliyindən fərqli olaraq daha aktiv və fəal surətdə postsovet məkanı ölkələrilə işləyir: “Moskva bu prosesə ciddi maliyyə resursları sərf edir. Bunu Moldovada da gördük. Moldovada da vəziyyət ürəkaçan deyildi. O mənada ki, burada hakimiyyətdə olan qərbyönümlü iqtidar ölkə iqtisadiyyatında müsbətə doğru ciddi dəyişikliyə nail ola bilmədilər. Moldovanın da Dnestryanı kimi problemi var. O mənada Moskvanın bura təsir imkanları daha böyükdür. Onu da nəzərə alaq ki, həmçinin Qaqauzlar da Rusiyaya yaxın olan etnik qruplardır. Orada da Rusiya maliyyəsilə rusiyayönümlü fəaliyyət açıq şəkildə özünü göstərir. Burada da Moskva separatizmi gücləndirməyə çalışır. Belədə görürük ki, Moldovada rusiyayönümlü qüvvələrin qələbə qazanması üçün siyasi mühit mövcuddur ki, Kreml də bundan istifadə etdi. Ancaq Gürcüstanda deməzdim ki, birmənalı olaraq rusiyameylli qüvvələr qalib gəlib. İvanişvili partiyasının yenidən qələbə çalmasına baxmayaraq Gürcüstanın Qərbə inteqrasiyasının alternativinin olduğunu görmürəm. Bu xəttdən İvanişvili çıxsaydı, orada keçirilən seçkilərin siyasi nəticəsi də tamamilə fərqli olardı. Təbii ki, burada da Rusiyanın aktivləşmək cəhdləri göz önündədir.
Bunu da Rusiyanın aktivləşməsi fonunda Avropa və Amerikanın zəif fəaliyyətilə əlaqələndirmək doğru olardı. Çünki bu qüvvələr bilavasitə Qərb dünyası tərəfindən dəstəklənmədi. Onlar tərəfindən Rusiya kimi MDB ölkələrində gedən proseslərə birbaşa müdaxilə edilmədi. Belədə sonuc da ortadadır.
Qərb dünyası MDB məkanında Rusiyanın qarşısından çəkildikcə, Moskva da hər dəfə ayağını bir addım irəli qoymaqdadır. Moldovadakı seçkilərin siyasi nəticələri də bilavasitə bunu göstərir. Düşünürəm ki, bu proses Moldova lə məhdudlaşmayacaq. Ona görə də Qərb dünyası bu istiqamətdə ciddi şəkildə düşünməlidir. Çünki Gürcüstanda İvanaşvili, həm də Saakaşvili dönəmi bitməkdədir. Bundan sonra artıq böyük ehtimalla İvanaşvili hakimiyyətinə Qərb qırmızı kart göstərəcək. Ancaq geniş anlamda Qərbin Rusiya qarşısında düşünməyə ciddi əsasları var. Əks təqdirdə, Moldovanı Rusiyanın qalib gəldiyi yeganə ölkə olaraq görməyəcəyik”.
Elçin/Yenicag.az