Rusiya Qafqazdakı hərbi mövcudluğunu azaldır – Rəsmi Moskvanın YENİ SİYASƏTİ

Rusiya Qafqazdakı hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir.

Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Kanal yazır ki, eyni zamanda, Moskva strateji əhəmiyyətli nöqtələr üzərində nəzarəti saxlamaq şərti ilə regional münaqişələri həll etməyi planlaşdırır.

Məlumata görə, bu addıma Rusiyanın regionu tərk etməsi kimi yox, daha çox Qafqaz ölkələrini Rusiya iqtisadiyyatı ətrafında birləşdirəcək yeni iqtisadi və kooperativ əməkdaşlıq formatına keçid kimi baxmaq lazımdır.

Bildirilib ki, Rusiya öz strategiyasını dəyişməyə, Çin kimi, hərbi gücdən iqtisadi gücə keçməyə çalışır.

“Daha öncə, Soyuq Müharibə başa çatdıqdan sonra Moskva əhəmiyyətli iqtisadi fayda və yeni bazarlara çıxış müqabilində öz qoşunlarını Avropadan çıxarmışdı. Rusiya hazırda Qafqazda oxşar məqsədlər güdür. Bu, Rusiya Federasiyasının daha geniş geosiyasi və iqtisadi doktrinasının tərkib hissəsi olan regionda öz təsirini gücləndirmək üçün iqtisadi rıçaqlardan və inteqrasiya mexanizmlərindən istifadəni nəzərdə tutur”, – deyə məlumatda vurğulanıb.

Kanal həmçinin əlavə edib ki, Rusiyanın Qafqazla bağlı yeni siyasətində əsas aspekt sərt gücdən yumşaq gücə keçiddir.

“Bu kontekstdə Rusiya üç Qafqaz ölkəsi ilə təhlükəsizlik sazişi imzalamağı planlaşdırır. Bu təhlükəsizlik sazişinə üç Qafqaz ölkəsi və Rusiya ilə yanaşı, Çin, Türkiyə və Almaniya da qarant ölkələr kimi daxil edilə bilər. Bu strategiya Moskvanın regionda təsirini gücləndirmək üçün yumşaq güc mexanizmlərindən istifadə etmək istəyini əks etdirir. Çin, Türkiyə və Almaniya kimi güclü oyunçuların da prosesə daxil edilməsi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə çoxtərəfli yanaşmanı nümayiş etdirir. Bu, həmçinin Rusiyanın yeni beynəlxalq əməkdaşlıq formatı çərçivəsində regionun iqtisadi və siyasi inteqrasiyasını təşviq edən geniş koalisiya yaratmaq istəyini vurğulayır”, – deyə qeyd edilir.

Rafi Müslümov

COP29