“Azərbaycan Rusiya tərəfindən Ukraynaya qarşı edilmiş “Qolodomor soyqırımı”nı tanısa və dəstəkləsə, obyektiv qərar olar”.
Bu fikirləri Almaniya Bundestaqının 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanımasına münasibət bildirən politoloq Elçin Abdullayev Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın mövcud reallıqları nəzərə alaraq Ukraynanın bu tələbini yerinə yetirməsi doğru addım olmaz:
“Düzdür, Azərbaycan Rusiya tərəfindən Ukraynaya qarşı edilmiş “Qolodomor soyqırımı”nı tanısa və dəstəkləsə, obyektiv qərar olar, ancaq regionda və dünyada baş verənləri nəzərə alsaq, Azərbaycanın belə bir addım atması müəyyən problemlər yarada bilər. Azərbaycan-Rusiya münasibətləri kəskinləşə bilər.
Azərbaycan sözügedən məsələdə ehtiyatlı siyasət yürütməlidir. Şimal və Cənub qonşularımızın aqressiyası göz qabağındadır. Belə bir addımda Rusiya Qarabağda yerləşən erməni separatçılarını Azərbaycan üzərinə qaldıra bilər.
Danışılan mövzuda Azərbaycan Türkiyə ilə birgə addım atmalıdır. Necə deyərlər, soyuq suyu üfləyə-üfləyə içmək lazımdır ki, Azərbaycana zərər gəlməsin”.
- Qeyd edək ki, 1932-1933-cü illərdə Kuban əyalətində süni olaraq törədilən qıtlıq səbəbilə 8 milyondan çox insan ölüb. Tarixşünaslıqda bu hadisə Qıtlıq soyqırımı, Böyük qıtlıq və ya Ukrayna soyqırımı adları ilə tanınır. 2006-cı ildən Qolodomor Ukrayna və başqa 15 dövlət tərəfindən Sovet hökumətinin Ukrayna xalqına qarşı törətdiyi soyqırımı hadisəsi olaraq tanınmaqdadır.
Nəsimi Ələsgərli