“Bir gün Rusiya raketlərinin NATO-ya üzv ölkələrə düşəcəyi gözlənilən idi”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsi fonunda Polşa ərazisinə raket düşməsi haqqında fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq Rusiyanın qəsdən Polşanı raket atəşinə tutduğunu bildirib:
“Rusiya raketlərindən bir neçəsinin Polşa ərazisinə düşməsi və nəticədə Polşanın iki vətəndaşının həlak olması Ukraynaya qarşı işğalçı müharibənin miqyasını artırır. Polşa Prezidenti Təhlükəsizlik Şurasının iclasını çağırıb. Polşa NATO ölkəsi olaraq Şimali Atlantika Blokundan müdafiə bəndinin işə düşməsini istəyəcək. Böyük ehtimalla, Rusiya qəsdən Polşa ərazisini raket atəşinə tutub, bununla NATO-nun nəbzini yoxlamaq istəyir. Kreml məğlubiyyətini pərdələmək üçün Ukrayna ilə deyil NATO ilə savaşdığını iddia edir. Ona görə də bir gün Rusiya raketlərinin NATO-ya üzv ölkələrə düşəcəyi gözlənilən idi. Növbəti addımı NATO atmalıdır, Şimali Atlantika Bloku zəiflik nümayiş etdirsə, Rusiya raketləri yenidən Polşaya düşəcək. NATO-nun digər qanadı – Baltik ölkələri də Rusiya raketlərindən sığortalanmayıblar”.