“Rusiya qoşunlarının Xersondan tamamilə çıxarılması üçün…” – Amerikalı general

“Rusiyanın Dnepr çayından şimalda 20-30 min hərbçidən ibarət kontingenti vardı”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın işğal etdiyi Ukraynanın Xerson şəhərindən geri çəkilmək qərarı haqda danışan ABŞ Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri general Mark Milli deyib.

Generalın sözlərinə görə, Rusiyanın öz qoşunlarını Xersondan tamamilə çıxarmaları üçün ciddi zaman tələb olunur:

“Qeyd etmək lazımdır ki, müharibə başlayandan bəri Rusiya Ukraynada ölü və yaralı olaraq 100 mindən çox hərbçi itirib. Ukraynanın da itkiləri təqribən o qədərdir.

Son vəziyyətə gəldikdə isə Rusiyanın Dnepr çayından şimalda 20-30 min hərbçidən ibarət kontingenti vardı. Bu qədər hərbçini Dneprdən cənuba keçirmək üçün günlər və həftələr deyil, daha çox zamana ehtiyac var.

Rusiya ilə Ukrayna arasında danışıqlardan bəhs etsək, xatırladaq ki, Birinci Dünya müharibəsində diplomatiyadan imtina daha böyük faciələrə və milyonlarla itkilərə yol açdı. Ona görə də indi danışıqlar üçün imkan varsa, bundan istifadə olunmalıdır”.