Rusiya rəsmiləri İrəvanı HƏDƏLƏDİ: Ermənistanı Ukraynanın taleyi gözləyir – Bu mesajın altındakı ciddi AMİLLƏR

“Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasının bir neçə səbəbləri var. Son illərdə bölgədə yaranmış geosiyasi reallıqlar da buraya təsir edir. Yeri gəlmişkən, yeni siyasi reallıqların meydana gəlməsinin əsas səbəbkarı da elə Azərbaycan dövlətinin gücü və qüdrətidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi təhlilçi Sahil Kərimli deyib.

Politoloq Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Sərhəd Xidmətinin əməkdaşlarının “Zvartnots” Beynəlxalq Hava Limanından çıxarılması məsələsini şərh edib.

Onun sözlərinə görə, Rusiyanın Ermənistandan sərhədçilərini çıxarması son dövrlər Ermənistanın Qərbmeylli siyasət yürütməsindən irəli gəlir:

“Bilirik ki, SSRİ dağıldıqdan sonra Rusiya Ermənistanı forpost kimi idarə edib. Ermənistanın bütün iqtisadiyyatı, eləcə də hərbi-siyasi rıçaqları konkret olaraq Rusiyanın əlində olub. Son dövrlərdə isə Ermənistan Qərbə arxalanaraq, onun maliyyə yardımları və siyasi dəstəyindən istifadə edərək Rusiyaya arxa çevirir, hətta KTMT-dən çıxmaq məsələlərini gündəmə gətirir. Eləcə də Rusiyanın digər hərbi kontingentinin ölkədən çıxarılması məsələləri gündəmdədir. Bu isə Qərbin planlarının bir hissəsidir”.

Mütəxəssis əmindir ki, bu gün Qərb Ermənistandan istifadə edərək, Cənubi Qafqazda Rusiya ilə toqquşma və yeni bir müharibə ocağı yaratmaq istəyir:

“Hamıya məlumdur ki, Rusiya-Ukrayna müharibəsində Qərb tamamilə Ukraynaya dəstək olur və Rusiya ilə döyüşür. Bu gün Qərb ölkələri və ABŞ Rusiyaya qarşı hər hansı bir uğur əldə edə bilmir. Onların daha böyük məqsədi isə Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə açmaq və müəyyən toqquşmalar yaratmaqdır. Ona görə də Rusiya tərəfi sözügedən toqquşmalardan qaçmaq və Cənubi Qafqazda sülhün və əmin-amanlığın pozulmasından ehtiyatlanaraq, hələlik Ermənistanın bu addımlarına göz yumur və öz sərhədçilərini bu ölkədən çıxardı”.

S. Kərimli hesab edir ki, Ermənistan daha da irəli gedərsə və İrəvan 102-ci hərbi bazanın Gümrüdən çıxarılmasına cəhd edərsə, bu, Moskva tərəfindən ciddi narazılığa səbəb olacaq:

“Çünki bir neçə gün bundan əvvəl həm Rusiyanın xarici işlər naziri Sergey Lavrov, həm də nazirliyin sözçüsü Mariya Zaxarova konkret şəkildə Ermənistanı hədələyib demişdilər ki, əgər belə davam edərsə, Ermənistanı da Ukraynanın taleyi gözləyir. Bu mesajın altında çox ciddi amillər və məqamlar yatır. Fikrimcə, Rusiya öz sərhədçilərini Ermənistandan çıxararaq, bəlkə də yeni bir revanşa hazırlaşır”.

Rafi Müslümov

COP29