ABŞ-ın bəzi ölkələrə qarşı təzyiq predmetinə çevirdiyi S-400 zenit-raket kompleksləri Rusiyada keçirilən hərbi təlimlərdə bir daha sınaqdan çıxarılıb.
Yenicag.az xəbər verir ki, Rusiyada təşkil olunan “Mərkəz-2019” beynəlxalq hərbi təlimlərinə Çin, Qırğızıstan, Pakistan, Hindistan, Qazaxıstan, Tacikistan və Özbəkistan kimi ölkələr də qatılıblar.
Hərbi təlimlərdə Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərindən döyüş atışları həyata keçirilib.
Qeyd edək ki, hərbi təlimlər beynəlxalq terrorizmlə mübarizə və Orta Asiyada təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır.
Məlumata görə, “Mərkəz-2019” hərbi təlimlərinə 128 min əsgər, 20 mindən çox döyüş qurğusu, 600-ə qədər təyyarə, helikopter və pilotsuz uçuş aparatları, 200-dən çox tank və 15 hərbi gəmi cəlb olunub.
Təlimlər sentyabrın 21-nə qədər davam edəcək.
Firuzə Alimova