“Gərginliyin arxasında Rusiyanın müəyyən dairələrinin dayandığı şübhə doğurmur”.
Bu fikri Qarabağ ətrafında baş verən proseslər, Azərbaycan XİN rəhbərinin Moskva səfəri, Türkiyə müdafiə nazirinin Bakıya gəlişi, ehtimal olunan hadisələri şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında səsləndirib.
Qabil Hüseynli bildirib ki, dekabr Qarabağla bağlı bir çox məsələlərin həllində həlledici ay olacaq:
“Qarabağ ətrafında gərginlik var və bu artan xətt üzrə inkişaf edir. Gərginliyin arxasında Rusiyanın müəyyən dairələrinin dayandığı şübhə doğurmur. Bu hamısı Rusiya sülhməramlılarının davranışlarında, xüsusilə Azərbaycan suveren ərazilərinin toponimlərinin təhrif edilərək Rusiya Müdafiə Nazirliyinin saytında özünə yer tapmasında, həm də Xankəndi və ona ətraf olan bölgələrdə separatçıların fəallığının artmasında özünü göstərir.
Rusiya bir tərəfdən Lavrovun dilindən “Qarabağ Azərbaycandır”, “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”, “Qarabağ probleminin həlli Azərbaycana məxsus və daxili məsələdir” deyir, ancaq əl altından buradakı vassallarını hərəkətə gətirirlər, onları qızışdırırlar, silah-sursat göndərirlər. Nəticə etibarı ilə Rusiya bölgə üzərində geosiyasi nəzarəti qoruyub saxlamağa çalışır.
Azərbaycan dəfələrlə Müdafiə Nazirliyi səviyyəsində Rusiyaya etirazını göndərib. Gizli diplomatik kanallarla Rusiya ilə problemin bütün məsələləri üzrə danışıqlar aparır. Bunun nəticəsidir ki, Azərbaycan XİN rəhbəri Moskvaya yollanıb. Azərbaycan həm danışıqlar masası arxasında əlini gücləndirməyə çalışır, həm də hərbi hazırlıqlarını gücləndirir. Hulusi Akarın da bölgəyə gəlməsi bununla bağlıdır.
Qozlukörpü istiqamətində rusların müşayiəti ilə Kəlbəcərə inşaat materalları aparan maşın karvanının qarşısı kəsilir, maşınlara daş atılır, ermənilərlə sürcülər arasında əlbəyaxa döyüş olur. Bütün bunları sülhməramlı qüvvələr kənardan ləzzətlə seyr edirlər, heç bir reaksiya göstərmir. Bunlar göstərir ki, Rusiya Qarabağda dovşana qaç, tazıya tut siyasətini həyata keçirir. Qərb ölkələrinin onu vurub Cənubi Qafqazdan çıxarmaq səylərinə israrla dirəniş göstərir.
Rusiya sülh danışıqlarında Avropanı nokauta salmağı bacarıb. Dekabrın 7-də nəzərdə tutulan Brüssel görüşləri təxirə salınıb. Əvəzində Rusiya hər vasitə ilə çalışır ki, danışıqların moderatorluğunu əlinə alsın. Bu təhlükəli addımdır. Zənnimcə bu məsələdə qətiyyətli addımların atılması tələb edilir”.
Səxavət Məmməd