“Rusiya “sülhməramlı” qüvvələrinin yerləşdirilməsindən sonra bu günədək baş verənlər…” – ADP bəyanat yaydı
Azad Demokratlar Partiyası daima öz fəaliyyətində Azərbaycan Respublikasının milli maraqlarını rəhbər tutmuş, milli maraq, məsələ və problemlərə öncəlik vermiş, eyni zamanda partiyaüstü mövqe nümayiş etdirmişdir. Bu səbəblə partiyamız həyati və həyati vacib milli maraqlara, xüsusilə Vətənimizin müdafiəsi və təhlükəsizliyinə daima xüsusi həssaslıq və diqqətlə yanaşmış, milli birliyə töhfə verməyə çalışmışdır.
Azərbaycan Respublikasının milli maraqları ilə bağlı aydın, qəti və güzəştsiz mövqe tutan Azad Demokratlar Partiyası:
Lap əvvəldən Ermənistan-Azərbaycan hərbi münaqişəsini neoimperialist Rusiyanın Ermənistan Respublikası və erməni separatçıları vasitəsilə ölkəmizə qarşı apardığı vəkalət müharibəsi kimi qiymətləndirmiş;
Bu vəkalət müharibəsini ən yüksək səviyyəli təhlükə – reallaşmış təhlükə, “dondurulmuş” Ermənistan-Azərbaycan hərbi münaqişəsini real təhlükə, aqressiv xarici siyasət aparan neoimperialist, militarist və avtoritar Rusiyanı isə ölkəmizə yönəlik ən başlıca aktual xarici təhdid hesab etmişdir.
Partiyamız Rusiya imperiyasının “tarixi xidmətləri”ni – Azərbaycanı parçalamasını, Şimali Azərbaycanı işğal və ilhaq etməsini, müstəmləkəyə çevirməsini, qonşu ölkələrdən erməniləri daşıyaraq əzəli torpaqlarımızda yerləşdirməsini, onlara öncə süni vilayət, ardınca süni dövlət yaratmasını, ilk gündən başlayaraq bu dövləti davamlı genişləndirməsini, Şimali Azərbaycan torpaqlarını, o cümlədən Qərbi Zəngəzuru hissə-hissə ermənilərə verməkdə davam etməsini, Dağlıq Qarabağda ermənilərə muxtariyyət verməsini və növbəti böyük süni problem yaratmasını da heç vaxt unutmamış, bundan sonra da unutmayacaqdır.
Tarixi şüurla, eyni zamanda bu tarixi yaddaşla hərəkət edən Azad Demokratlar Partiyası, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatına hələ ilkin münasibət bildirərkən qeyd etmişdir ki, işğalçı Ermənistanın havadarı Rusiyanın hərbi müdaxiləsi ilə ölkəmizin düşmən üzərində tam və qəti qələbə çalmasının qarşısı alınmışdır. Beləliklə, Rusiya həm də tarixi dərinliyi olan “strateji sənət əsərlərini” – strateji uzantılarını, yəni işğalçı Ermənistanı və qondarma “DQR”-i qoruma altına almışdır. Təbii, burada müdaxilə öncəsi Rusiyanın vertolyotun vurulması ilə təxribat törətməsi və nüvə başlığı da daşıya bilən strateji “İsgəndər-M” ballistik raketləriylə ölkəmizə zərbələr endirməsi ilə hərbi güclə təhdid etməsi də heç vaxt unudulmamalıdır.
Çox təəssüflər olsun ki, Rusiya “sülhməramlı” qüvvələrinin yerləşdirilməsindən sonra bu günədək baş verənlər – Üçtərəfli bəyanatın bir sıra maddələrinə əməl olunmaması, xüsusilə işğalçı Ermənistan ordusunun Dağlıq Qarabağın rus-erməni birliklərinin nəzarəti altında qalan hissəsindən çıxarılmaması, “DQR”-in de-fakto öz fəaliyyətini davam etdirməsi və “özünümüdafiə ordusu”nun buraxılıb tərksilah edilməməsi, üstəlik, “sülhməramlı” kontingentin öz səlahiyyət həddini aşması və məsuliyyət zonasından kənara çıxması, humanitar fəaliyyətdən infrastrukturun bərpasına, tibbi yardımdan inşaata, logistikadan təhsil və dil məsələlərinə, hətta hərbi təlimlərə qədər əlavə işlərlə məşğul olması, müxtəlif adlar altında gətirilən əlavə qüvvələr hesabına Bəyanatda nəzərdə tutulan saydan (1960) qat-qat çoxaldılması, yerli ermənilər adı ilə kimliyi bəlli olmayan on minlərlə insanın bölgəyə daşınması, çox sayda hərbi şəhərciklər salmağa başlaması, ölkəmizin nəzarəti altına qaytarılan ərazilərdə (Hadrut) və dövlətlərarası sərhəddə təxribatların törədilməsi bizi, eyni zamanda bütün xalqımızı ciddi narahat etməkdədir. Son zamanlar gələn, ələlxüsus qalıqları Şuşada tapılan strateji “İsgəndər-M” raketləriylə, Zəngəzur istiqamətində dövlətlərarası sərhəddə təxribatların davam etməsi ilə, 9 mayda suveren torpaqlarımızda hərbi parada hazırlıqla, nəhayət, dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan çoxsaylı cinayətlərdə, eyni zamanda hərbi cinayətlərdə ittiham olunan və beynəlxalq axtarışa verilən Araik Arutunyanın Moskva səfəri ilə bağlı olan xəbərlər bu narahatlığı daha da artırmışdır.
Bütün bu mənfi meylləri və onların gözlənilən inkişaf perspektivlərini nəzərə alan AzDP, Azərbaycan Respublikasının siyasi rəhbərliyini, dövlət başçısı İlham Əliyevi ölkəmizin həyati müdafiə maraqları ilə, bu maraqlara yönəlik təhdidlərlə, eyni zamanda Rusiya “sülhməramlı” qüvvələrinin təxribatçı-pozucu fəaliyyəti, bəzən də fəaliyyətsizliyi ilə bağlı daha qəti və güzəştsiz mövqe tutmağa, bu maraqlarımız naminə qardaş Türkiyə ilə hərbi-strateji ittifaq sazişi imzalamağa və onun da sülhməramlı qüvvələrinin ölkəmizdə yerləşdirilməsi yönündə lazımi addımlar atmağa, Rusiyanın buna qarşı çıxacağı halda isə Rusiya “sülhməramlı” qüvvələrinin müqəddəs torpaqlarımızdan çıxarılması yönündə addımlar atmağa çağırır.
Yeni dünya nizamı quruculuğunun və geopolitik qarşıdurmanın qlobal və regional miqyasda həlledici mərhələyə daxil olduğu taleyüklü, çox mürəkkəb, həssas və riskli bir dövrdə olduğumuzu da nəzərə alan Azad Demokratlar Partiyası, bütün Azərbaycan xalqını da bir olan Vətənimiz, milli maraqlarımız naminə birliyə çağırır və bu yöndə davamlı siyasət aparacağını bir daha bəyan edir.
24 aprel 2021-ci il