Azərbaycandakı müvəqqəti Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda – azərbaycanlı aktivist və QHT nümayəndələrinin etiraz aksiyası keçirdiyi ərazidə çadırlar quraşdırmağa başlayıb.
“Report”un əməkdaşı xəbər verir ki, yük avtomobilləri vasitəsilə əraziyə gətirilən çadırlar rusiyalı sülhməramlılar tərəfindən qurulur.
Bundan əvvəl Rusiya sülhməramlıları aksiya keçirilən ərazidə modul tipli yataqxanalar quraşdırmağa başlayıb.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.