Azərbaycanlıların etirazları bəhrə verdi: Sülhməramlılar iriçaplı silahları yığışdırdılar – CANLI YAYIM

Xankəndi-Şuşa yolunda azərbaycanlı ekofəalların qarşısını kəsən Rusiya sülhməramlılarının iriçaplı silahları yığışdırılıb. 

Ekofəalların etirazlarından sonra pulemyotlar sülhməramlı hərbçilərin üzərindən götürülüb.

***

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər.

Yenicag.az xəbər verir ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları əraziyə hərbi texnika və canlı qüvvə cəlb ediblər.

Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, bu gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı

ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb. Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

***

10:50

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.

Etirazçılar yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər./Report/