Rusiya Türkiyə ilə müharibəyə başlayır? – Millət vəkili şərh edir  

rusya-türkiye-bayrakRusiya kommunistlərindən müharibə təhlükəsi yaradacaq təklif…

Elman Nəsirov: “1921-ci il müqaviləsinin ləğvi yalnız və yalnız müharibəyə gətirib çıxaracaq”

Dövlət Dumasında 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvinə dair müraciət hazırlanıb.

Bu təkliflə Rusiya Kommunist Partiyasının deputatları prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət ediblər.

Burada, Ankaranın guya Moskvaya qarşı aqressiv siyasi xətt yeritməsi əsas gətirilərək müqavilənin ləğvinə dair çağırış yer alıb. “Ədalətli Rusiya naminə” partiyasından olan deputatlar da həmkarlarının bu təşəbbüsünü dəstəkləyiblər.

Qeyd edək ki, 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir.

Rusiya kommunistlərinin vəziyyəti daha da gərginləşdirməyə hesablanmış Dövlət Dumasina yönəldilən bu çağırışına Yenicag.az-da münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirov bildirdi ki, sözügedən müqavilənin ləğvi Moskva ilə Ankaranı müharibə təhlükəsilə üz-üzə qoya bilər: “Məlum təyyarə insidentindən sonra Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşməkdə davam edir. Tərəflərdən heç biri kompromisə gəlmək niyyətini ortaya qoymur. Artıq bir çox hallarda Türkiyənin NATO dövləti olması, Rusiyanın isə NATO Türkiyəsi ilə münasibətlərin gərginləşməsindən bəhs edən ekspertlər hətta irəli gedərək, bunun qlobal bir savaşa gətirib çıxaracağı haqqında da fikirlər söyləməyə başlayıb. Ankara ilə Moskva arasında münasibətlərin kəskinləşməsi heç də təkcə iki dövlət arasında münasibətlərin gərginləşməsi kimi yozulmamalıdır, əksinə, yaranmış vəziyyət region üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər. Qərbin Rusiyaya qarşı sanksiya tətbiqi dövründə bildiyiniz kimi, Ankara bu prosesə qoşulmamışdı. Amma indi görürük ki, Moskva Ankaraya qarşı sanksiya tətbiq edir. Hətta iş o yerə gəlib çatıb ki, Rusiyada bir çox siyasi qüvvələr, xüsusən də Dövlət Dumasında təmsil olunan kommunistlər və onlara yaxın digər qüvvələr 1921-ci ildə bolşevik Rusiyası ilə Türkiyə arasında imzalanan müqavilənin ləğvi haqqında məsələni gündəmə gətirməyə çalışırlar. Həmin müqavilə Türkiyə ilə o zamankı Rusiya arasında imzalanan çoz strateji bir müqavilə idi. Çünki, həmin müqavilədə hər iki dövlətin maraqları təmin olunmuşdu. Eyni zamanda, Türkiyənin Naxçıvanın ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı öhdəlikləri də həmin müqavilədə öz əksini tapıb. Belə bir məqamda, 1921-ci il müqaviləsinin ləğvi məsələsinin gündəmə gətirilməsi bulanmış suyun daha da bulandırılması anlamına gəlir. Həmin müqavilənin ləğvi iki ölkə arasında mövcud olan hazırkı vəziyyətdə barışıq və güzəşt üçün demək olar ki, heç bir yer qoymur. Hesab edirəm ki, bu fonda ciddi bir təhlükənin yaranmasından söhbət gedə bilər. Türkiyə ilə keçmişdə bağlanan müqavilələrin ləğvini gündəmə gətirən qüvvələr papaqlarını qarşılarına qoyaraq belə vəziyyətin nəyə gətirib çıxaracağını düşünməlidirlər.

Aydındır ki, belə durum yalnız və yalnız müharibəyə gətirib çıxaracaq. Çexovun məşhur “Albalı bağı” əsərində belə bir süjet yer alır. Birinci səhnədə divardan tüfəng asılıb. Sonuncu, 5-ci səhnədə isə həmin tüfənglə insan vurularaq öldürülür. Yəni Moskvanın Türkiyəyə münasibətdə hazırda atdığı bütün bu aqressiv addımlar müharibəni yaxınlaşdıran amillərdir. Rusiya siyasətçiləri, deputatları həmin müqavilənin ləğvi məsələsini gündəmə gətirərkən bu reallığı nəzərdən qaçırmamalıdırlar. 1921-ci il müqaviləsinin Kreml tərəfindən ləğvu gərginliyi daha da qızışdıracaq və böyük bir siyasi arealda müharibə ocağının yaranmasına gətirib çıxara bilər”.

ELÇİN

COP29