Rusiya Türkiyədən KÖMƏK İSTƏDİ

Rusiya Federasiyası hərbi qüvvələrinin Suriyadan çıxarılmasına dəstək məqsədilə Türkiyədən yardım istəyib.

Yenicag.az xəbər verir ki, bu barədə “CNN Türk” portalı məlumat yayıb.

Qeyd olunur ki, bu prosesdə istisna yalnız Tartusdakı hərbi-dəniz bazası və Xmeymim aviasiya bazasının qüvvələri üçün nəzərdə tutulub.

Mənbələrin məlumatına görə, Moskva hazırda öz qüvvələrinin bir hissəsini təhlükəsiz şəkildə çıxarmaq üçün yollar və Türkiyənin dəstəyini araşdırır.

“Görünür, həmin qüvvələr Türkiyə Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərə köçürüləcək, oradan isə hava yolu ilə Rusiyaya göndəriləcək. Rusiya hərbi qüvvələrinin təhlükəsiz çıxarılması üçün bu cür yardımı tələb edib. Bundan əlavə, İranın Suriya ərazisindəki etibarlı qüvvələri uzun müddətdir effektiv fəaliyyət göstərə bilmir”, – məqalədə vurğulanır.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp isə Suriyadakı vəziyyət və Bəşər Əsəd hakimiyyətinin devrilməsi ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Rusiya Dəməşq hakimiyyətinə yetərli dəstəyi göstərə bilməyib. Bu kontekstdə Tramp qeyd edib ki, Moskva və Tehran zəif vəziyyətdədir.

Rafi Müslümov