Rusiya-Ukrayna KONFLİKTİ: “Müharibənin başlaması NATO-ya daxil olan ölkələrin işinə yarayır” – Hərbi ekspert
“Qlobal olaraq Rusiya ilə Ukrayna arasına müharibənin başlaması NATO-ya daxil olan ölkələrin işinə yarayır. Müharibənin arxa fonunda Rusiyanı iqtisadi cəhətdən çökdürmə planı var. Bu, Rusiyanın siyasi hakimiyyətinin də sonunu gətirə bilər”.
Bu fikri Rusiyanın Ukraynaya hücum ehtimalını dəyərləndirərkən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.
Elxan Şıxəliyev bildirib ki, siyasi böhran çözülməsə Rusiya ilə Ukrayna arasında aktiv döyüşlər ola bilər:
“Müharibələr başlamazdan əvvəl siyasi böhranın çözüm dönəmi olur. Müharibələr o zaman baş verir ki, siyasi mübahisələr müsbət sonlandırıla bilmir və hərbçilər dövriyyəyə girir. Görünən odur ki, Rusiya ilə Ukrayna arasındakı siyasi böhran dönəmi hələ bitməyib, müzakirələr aparılır. NATO və KTMT-yə üzv olan ölkələrin rəhbərləri tərəfindən siyasi müzakirələr və məsləhətləşmələr aparılır. Rusiya qırmızı xətlərini müdafiə etmək istəyir. Qırmızı xətt ondan ibarətdir ki, NATO şərqə doğru genişlənməməlidir. 1997-ci ildəki vəziyyət nə idisə, Rusiya bu status-kvonun davam etməsini istəyir. NATO təbii ki, genişlənməyə meyillidir və Rusiyanın qırmızı xətlərini tanımaq istəmir. NATO növbəti mərhələdə Ukraynanı, Gürcüstanı və Moldovanı quruma üzv etmək istəyir. NATO artıq bu ölkələrin quruma üzv olması üçün fundamenti hazırlayıb. Rusiya qırmızı xətlərindən vaz keçmiş olsa da, NATO adı keçən ölkələri öz sıralarına daxil etmək niyyətini ortaya qoyur. Mövcud vəziyyətdə nə Rusiya, nə də NATO siyasi xəttindən geri çəkilmir. Bu böhranı ən kəskin fazaya daşıyır. Bu o deməkdir ki, silahlar meydanda danışa bilər. Xüsusən Rusiyanın Ukraynaya hərbi müdaxiləsini əsaslandıran şərtlərdən biri o ola bilər ki, NATO Rusiyanın dediyi qırmızı xətləri keçsə, rəsmi Moskva o qərarını sahədə həyata keçirəcək. Bunun ipucları var. Bir ölkə bu həcmdə qoşunlarının dislokasiya yerini elə-belə dəyişməz. Söhbət 100 mindən çox qoşundan gedirsə, bunlar dövlət büdcəsindən çox böyük maliyyə vəsaiti tələb edən hərəkətlərdir. Bu təlim deyil. Rusiya bu qədər maliyyə vəsaitinin altına niyə girir? – sualı yaranır. Rusiya düşünür ki, əgər NATO Ukrayna üzərindən gedən prosesdə Rusiyaya siyasi güvənc verirsə, bu xərclərə getməyinə dəyər. Əsas odur ki, ortada sənəd olsun. Əks təqdirdə Rusiya onsuzda Krımda, Donbasda, Lukanskda Ukraynanın ərazi bütövlüyünə müdaxilə edib. Rusiya bunun üzərindən deyir ki, istədiyi kimi məsələ öz həllini tapmasa, hərbi müdaxiləni etmək səlahiyyətini özündə saxlayır. Əslində Rusiyanın, NATO-nun istəyi üzərinə məsələlər səngimək üzrə getmir. NATO da ora qoşun yığır, Polşaya raketlər yerləşdirmək istəyir. NATO da hiss olunur ki, Rusiyanı təhrik edir”.
Hərbi ekspertin sözlərinə görə, Rusiya o qədər qoşunu ora yığdıqdan sonra istədiyini almayacaqsa, müharibənin başlama şəraitini saxlamış olur:
“NATO əgər geri çəkiləcəksə, saziş imzalayacaqsa, o zaman müharibə olmayacaq. Əslində Avropa ölkələri müharibənin olmasından qorxurlar. Bu istəyin arxasında ABŞ durur. ABŞ isə okeanın digər tayındadır. Demək ki, müharibənin Avropa ölkələrinə təsiri daha çox olacaq. Nəzərə alsaq ki, NATO müharibəyə başlayacaqsa, Ukraynaya ordu baxımdan kömək edə bilməyəcək. Belə olan halda isə Ukraynanın Rusiya qarşısında nə qədər davam gətirəcəyi mübahisələdir. Rusiya da bunu hiss edir. Ona görə də, NATO-dan siyasi sənəd almaq istəyir. Alacaqsa müharibə olmayacaq, almayacaqsa Rusiyanın Ukraynaya müdaxiləsi hələki ortadan qaldırılmayıb”.
Səxavət Məmməd