Rusiya-Ukrayna müharibəsi Cənubi Qafqaza transfer edilir – Səxavət Məmməd yazır

Ermənistanın silahlanmasına ən primitiv yanaşma Azərbaycana görədir, ermənilər revanş istəyir, Qarabağdan əl çəkməyiblər.

Ermənistanın silahlanmasına nəzər etdikdə bir çox amillərə diqqət çəkmək lazımdır. Əvvəla, Ermənistan öz gücü ilə müharibədən əvvəlki səviyyəyə gəlib çıxması üçün həm uzun illər lazım idi, həm də böyük pullar. Görünən odur ki, Ermənistan pulu tapdı, müddəti də qısaltdı. Silah anlaşmalarına diqqət etdikdə açıq şəkildə görürük ki, Ermənistana Qərbdən hər dəfə pul ayrılanda dərhal sonra yeni silah alır. Ona görə də, silahlandırılır desək, daha məntiqli olar. Dəfələrlə yazılarımda qeyd etmişəm ki, hazırda Rusiya-Ukrayna müharibəsi Cənubi Qafqaza transfer edilir.

Gəlin, bir qədər bunu da açaq. Rusiyanın Ukraynaya hücumundan əvvəl Ukraynada nələr baş verirdi? Siyasi tərəfləri qoyaq bir kənara, ancaq hərbi tərəflərini xatırlayaq. Ukrayna ordusunun içərisində NATO mütəxəssisləri işləməyə başlamışdı, yeni silahlar verilirdi, media dəstəyi də pik həddə çatmışdı, ölkənin Avropa İttifaqına və NATO-ya daxil olması üçün fikirlər səsləndirlirdi. Rusiya ilə sözlü atışmalar, qarşılıqlı ittihamlar və sonda Rusiyanın işğal siyasəti həyata keçməyə başladı. Müharibə buna görə başladığını demirəm, müharibədən əvvəlki vəziyyəti nəzərdə tuturam.

Ermənistana baxdıqda da demək olar ki, eyni prosesin şahidi oluruq. Silahlanma, siyasi baxımdan Rusiyadan qopma, KTMT-də fəaliyyətin dondurulması, təlimlərdə iştirak etməmə, Azərbaycanla sülh danışıqlarından yayınma, Zəngəzur dəhlizi ilə bağlı ortaya qoyduğu mövqe, ordusunda Fransa və ABŞ nümayəndələrinin olması və digər məsələlər.

Sahədə Ermənistan və Azərbaycandır, ancaq tərəflər eynidir. 10 noyabr bəyanatının 8 bəndini Azərbaycan özü icra edib, qalıb sonuncu bənd, adını Zəngəzur dəhlizi qoyduğumuz kommunikasiyalar məsələsi. Ermənistan və Rusiya tərəfi necə götürdüyü öhdəliyin heç birinə əməl etmədi, Azərbaycan tərəfi güc yolu ilə bütün bəndləri özü icra etdi, Ermənistan 9-cu bəndlə bağlı öhdəliyi də yerinə yetirmir. Təəccüblüdür? Qətiyyən! Düzdür, bir çox məsələləri Azərbaycan tərəfi ilə Rusiya uzlaşdıqdan sonra həyata keçirildi, ancaq əsas güc yenə rəsmi Bakının üstünə düşdü.

Azərbaycanın əlində Ermənistana təsir rıçaqları qalıb? Düşünmürəm. Anti-terror əməliyyatı bitib, ermənilərin də Qarabağı tərk etməsi ilə Azərbaycanın Ermənistana təzyiq, təsir edəcəyi demək olar ki, heç nə qalmadı. Ermənistan da bunun fəqrindədir. Anti-terror əməliyyatından əvvəl və sonrakı dönəmə diqqət edin, hər şey aydın olacaq.

Zəngəzur dəhlizi açılacaq. Görünən odur ki, bu danışıqlar yolu ilə baş tutmayacaq. Çünki yolda Rusiyanın nəzarəti məsələsi ilə Qərb razı olmur, olmayacaq. Bu yeni məsələ deyil. Bəyanatdan dərhal sonra Fransa buna etiraz etmişdi.

Zəngəzur dəhlizinin danışıqlar yolu ilə açılması mümkündür?

Rusiyanın əlində 10 noyabr bəyanatı var. Rusiya hələ ki o sənədi əsas gətirərək, hərəkət edir və tələsir. Niyə tələsir? Çünki bəyanatın digər bəndləri nəinki icra olunub, bəyanatın Ermənistan və Azərbaycana təsir rıçaqı olan sülhməramlılar hissəsi də ermənilərin Qarabağdan getməsi ilə sıradan çıxıb. Yəni, bəyanatın son bəndi havadan asılıdır. Rusiya düşünə bilər ki, ən azı 2025-ci ilin ortasına qədər gücündən istifadə edərək bəyanatı keçərli sənəd kimi saydırsın. Bəs sonra? Ona görə də, Rusiya tələsir. Ümumiyyətlə, indiki məqamda Qərblə Rusiyanın uzlaşması mümkün görünür? Düşünmürəm ki, Ukraynada savaşa-savaşa gəlib Cənubi Qafqazda tərəflər əl sıxsın. Danışıqlar yolu görünmürsə, qalır hərb yolu.

Hərb yolu realdır, hətta uzaq olmayan zamanda baş verə bilər. Ermənistanın silahlanması, bunkerlərin tikilməsi, hətta bunun nümayiş etdirilməsi, müdafiə xətlərinin qurulması onu deməyə əsas verir ki, erməni tərəfi və Qərb olacaqların fərqindədir. Rusiya kimi onların da tələsdiyini açıq şəkildə görə bilərik. İstiqamətlər də bəllidir. Əgər toqquşma baş tutsa, İranla Ermənistanın əlaqəsi kəsiləcək. O zaman İran necə davranacaq? Ümumiyyətlə, İran buna sakit yanaşacaq? Bax bu yerdə diplomatiya işə düşməlidir. Türkiyə, yəhudi lobbisi Azərbaycanı yenə də dəstəkləyəcəklər. Necə ki, müharibə zamanı yəhudi lobbisi erməni lobbisini sıfırlamışdı və bu prosesi davam etdirirlər. Azərbaycan tərəfi İranla uzlaşma əldə etməlidir. İranla uzlaşmadan addım atmaq böyük problemlər yarada bilər. Necə ki, anti-terror əməliyyatlarından əvvəl yazırdım, Azərbaycan Rusiya uzlaşma əldə etmədən nəticə əldə edə bilməyəcək. İndi də eyni vəziyyət İranla bağlıdır.

Toqquşma olacağı təqdirdə, təbii ki, Azərbaycana qarşı ağır sanksiyalar tətbiq edilə bilər. Sanksiyalar zamanı ən önəmli məsələ sanksiyaları yarmaqdır. BRİKS təşkilatı sanksiyaların yarılması üçün önəmli ola bilər. Bəlkə də BRİKS-ə müraciət bununla bağlıdır.

Dəfələrlə yazmışam, bu gərginlik bəlkə də Azərbaycan və Ermənistanın arzusu deyil. Ona görə də, toqquşma sahədə Ermənistan və Azərbaycan kimi görünsə də, əslində, rəqiblər dəyişməz olaraq qalacaq.

COP29