Rusiya-Ukrayna müharibəsi ilə bağlı İDDİA: Bir neçə gün ərzində hər şey bitəcək

“Beynəlxalq siyasi proseslərə də nəzər yetirdikdə bunu aydın görmək mümkündür”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsinin taleyinin yaxın günlərdə bəlli olacağı ilə bağlı yayılan iddialara aydınlıq gətirən politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, ümumilikdə yanaşsaq keçən iki il ərzində müxtəlif dövrlərdə tərəflərdən birinin üstünlük əldə etdiyi situasiyaların formalaşdığı müşahidə edilib.

“Hazırda qarşılıqlı olaraq həm media, həm də cəbhədə mübarizə gedir. Belə ki, Rusiya strateji obyektlər ələ keçirdiyini, Ukrayna isə əraziləri işğaldan azad etdiyini deyir. Müharibənin taleyinin yaxın günlərdə bəlli olacağı ilə bağlı fikir səsləndirmək çətindir.

Çünki ABŞ əgər dondurulan Rusiya aktivlərinin Ukraynaya yardım kimi verilməsini təsdiq edərsə, müharibə hələ bir müddət də uzanacaq. Bu isə Qərbin maraq dairəsində olan prosesdir. Nəticə etibarilə müharibənin uzanması Rusiyanın Ukrayna üzərində təsir imkanlarını azaldacaq, eyni zamanda iqtisadiyyatının zəifləməsinə gətirib çıxaracaq”, – deyə politoloq bildirib.

Siyasi şərhçi qeyd edib ki, hansısa forsmajor hal ilə müharibənin bir müddətlik dayandırılmasına çalışa bilərlər:

“Ancaq Qərbin planları arasında Ukraynada müharibənin dayanması yox, daha da uzanması məsələsi gündəmdədir. Beynəlxalq siyasi proseslərə də nəzər yetirdikdə bunu aydın görmək mümkündür”.

Nəsimi Ələsgərli

COP29