“Atəşkəs çağırışları fiaskoya uğrayacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiya Ukrayna müharibəsi ilə bağlı atəşkəs çağırışlarını şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Rövşən Məhərrəmov bildirib ki, tərəflər atəşkəsdən danışsalar da, sahədə ağır döyüşlər gedir.
“İlk dəfədir Zelenski dilə gətirdi ki, Rusiya ilə danışıqlar ola bilər. Zelenskinin təklifi ilə qanun qəbul olunub ki, Rusiya ilə hər hansı sülh müqaviləsi imzalamaq üçün danışıqlar aparan şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər. Ancaq indi danışıqlardan danışır. Görünür ki, ABŞ və Qərbdən təkliflər var, ona görə də, Zelenski bu cür açıqlama verdi”, – deyə o əlavə edib.
Hərbi ekspert qeyd edib ki, Rusiya da danışıqlar barəsində açıqlamalar verib.
“Ancaq sahədə müharibə eyni templə davam edir. Güman edirəm ki, danışıqlar nəticə verməyəcək. Tərəflər bir-birinə ağır zərbələr endirir, itkilər verilir. Ukrayna yeni silahlarla təmin olunub. O silahlarla nəinki Ukrayna ərazindəki Rusiya ordusunun qurduğu obyektlərə, Rusiya ərazisindəki istehsal sahələrinə və saxlanclara zərbələr endirilir”, – deyə o qeyd edib.
R.Məhərrəmov hesab edir ki, danışıqlar baş verməyəcək:
“Sülh görünmür, danışıqlar fiaskoya uğrayacaq. Rusiyanın şərtləri ilə Ukrayna, Ukraynanın şərtləri ilə də Rusiya razı olmayacaq. Müharibənin davam edəcəyini düşünürəm”.
Səxavət Məmməd