Rusiya Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoyub. Rusların hücumları gözlənilən idi, sadəcə, bu hücumların mayın sonunda olacağı proqnoz edilirdi. Görünən odur ki, Rusiya ordusunu hücum üçün tam hazır vəziyyətə gətirib.
Müharibənin ilk vaxtları ilə müqayisədə Rusiya ordusunda dəyişiklik göz önündədir. Dağılmış, pərakəndə, intizamsız bir ordunu artıq döyüş qabiliyyəti artmış, intizamlı bir ordu əvəz edib. Müharibənin birinci ilindən sonra yazırdım ki, Rusiya ordusu ciddi reformalara gedir. Bəziləri buna ağız əyir, hətta məni Rusiyapərəst adlandıranlar da var idi. Artıq ukraynalı komandirlər də bildirir ki, qarşılarında bir il əvvəlki ordu deyil.
Əslində, bu, çox ciddi araşdırılacaq mövzudur. Böyük hədəfi və böyük düşmənləri olan bir ordu necə dəyişdi, necə reform etdi. Ordudan qaçanlar, Ukraynaya təslim olanlar, döyüşməmək üçün özünü yaralayan hərbçilər indi necə olur, ölümünə döyüşə girir? Yaxınlarda bir video qarşıma çıxdı. Komandir əsgərlərə deyir, “Rusiya anadır, ana üçün döyüşəcəyik, bilirsiniz, bu əməliyyatdan heç birimiz sağ çıxmayacağıq” və məlum olur ki, həmin əməliyyatdakı hərbiçilərin hamısı həlak olur. Ukrayna öz ərazisi, vətəni üçün döyüşür. Onları motivasiya etmək o qədər də çətin deyildi. Necə ki, Qarabağ müharibəsi zamanı əsgərləri motivasiya etmək o qədər də çətin olmadı. Ruslar da bilir ki, işğalçı siyasət həyata keçirirlər. İşğalçılığa motivasiya etmək o qədər də asan məsələ deyil. Pul? Düzdür, bunun da çox böyük önəmi var, ancaq təkcə pulla bunu etmək olmaz. Hesab edirəm ki, Rusiyanı proqnozlaşdırarkən bir çox məsələləri görməzdən gəliblər. Bunlardan biri də budur.
Həmişə yazmışam, Rusiya Ukrayna müharibəsinə tərəf tutub, fanatiklik etmək yerinə, bu savaşa dərs vəsaiti kimi baxmaq lazımdır. 44 günlük müharibə zamanı Azərbaycan ordusu dronlardan ən yüksək səviyyədə istifadə etdi. Məsələ təkcə dronlar deyildi. Dronlarla digər bölmələr arasındakı rabitə, pastlaşaraq zərbələr endirmək ən üst səviyyəyə çıxdı. Aprel döyüşlərini araşdıran zaman məlum olur ki, bölmələr arasında rabitə ən aşağı səviyədə olub. Öndəki bölmə artileriya zərbəsi tələb edir, artileriya bölməsi isə yuxarıdan əmr gözləyir. Ancaq 44 günlük müharibə zamanı bunun tam əksini gördük. Aprel döyüşləri 44 günlük müharibənin bayraqdarıdır.
Rusiya-Ukrayna müharibəsi dronlardan başqa, yerüstü pilotsuz vasitələrin istifadəsində də yeni mərhələ açdı. Xatırlayıram, zamanında pilotsuz yerüstü vasitələrin lazımlılığı barədə müharibədən xeyli əvvəl Azərbaycan Müdafiə Nazirliyinə təkliflər edilmişdi. Hesab edirəm ki, Azərbaycan təkcə dronlar, haubitsalar, raketlər almaqla yanaşı, yerüstü pilotsuz vasitələri də nəzərdən keçirməlidir. Bunları almaqdansa, istehsal etmək də mümkündür və buna Azərbaycanın potensialı da var. Bu cür vasitələrin alıcıları da çox olacaq. “Azərbaycanın buna ciddi potensialı var”ı əminliklə yazıram, ancaq Azərbaycanda bir çoxları elə düşünür və yazır ki, “Azərbaycan heç konserva qutusu da istehsal edə bilmir”. Bu isə Müdafiə Sənayesi Nazirliyinin ayıbı sayılmalıdır. Bu barədə əlavə yazım olacaq.
Qayıdaq Rusiya-Ukrayna müharibəsinə. Rusiya Xarkov istiqamətində hücumlarını davam etdirəcək. Ancaq Rusiyanın əsas hədəfinin təkcə Xarkov olduğunu düşünmürəm. Rusiya üçün əsas hədəflərdən biri Odessa istiqamətidir. Rusiya Ukraynanı dənizsiz bir ölkəyə çevirmək niyyətindədir. Rusiya-Ukrayna müharibəsinə heç Rusiya-Ukrayna müharibəsi kimi də baxmıram. İllər keçir, müharibələrin adları dəyişir, ancaq 200 ildən çoxdur ki, Rusiyanın əsas mübarizə apardığı, qan tökdüyü istiqamət məhz Qara dənizə çıxışdır. Dolayısı ilə bu müharibə elə Qara dəniz uğrundakı müharibənin davamıdır. Hətta prezident seçkilərində Putinin təbliğat-təşviqatında da Odessa əsas yeri tuturdu.
İki ildən çox müddətdə Qərb 200 milyarddan artıq vəsait xərcləyib. Nəticədə Rusiya nəinki dayanıb, irəliləməkdə davam edir. Dolayısı ilə Qərb də anlayır ki, qoyulan pullar sahədə bəhrəsini vermir. Sadəcə olaraq, Rusiyanın hücum tempini zəiflətməyə yarayır. Açığı, Qərb son vaxtlar sanki Ukraynanı mövcud reallıqla barışdırmaq istəyir. Bu, o anlama gəlir ki, Qərb bununla barışıb. Ancaq Ukrayna barışmaq istəmir. Bu da anlaşılandır. Aylar öncə Krımı belə işğaldan azad etməklə bağlı mesajlar verən Zelenski hökuməti artıq Xarkovdakı əsgərlərə çağırış edirlər ki, qaçmayın, döyüşün. Dolayısı ilə sahədə vəziyyət dəyişib və son dərəcə ağırdır. Yeri gəlmişkən, Rusiyanın yeni müdafiə naziri Andrey Belousovun o posta təyin edilməsi təsadüfi deyil. Yeni formalaşmaqda olan rus ordusunun ideya müəllifi məhz Belousov sayılır.
Belə bir mif var idi. Rus ordusu girdiyi yerdən çıxmır, çıxsa da qansız çıxmır. Azərbaycan təcrübəsi göstərdi ki, rus ordusu konsertlə də çıxırmış. Rusiya Ukrayna müharibəsi nə qədər araşdırılıb, dərs çıxarılası vasitədirsə, Azərbaycanın Rusiya təcrübəsi də ondan geri qalmır…
Səxavət Məmməd