Rusiya-Ukrayna müharibəsində qeyri-müəyyənlik: “Müharibənin taleyi bu ölkələrin qərarından asılıdır”

“Əgər Qərb görsə ki, Rusiyanın qələbəsi labüddür, bəlkə Ukraynanın qalib gəlməsi qərarını qəbul edər. Ancaq onlar Rusiyanın da qalib gəlmək imkanlarının olmadığını görürlər”.

Bu fikri Rusiya-Ukrayna müharibəsində əməliyyatların dalana dirənməsi, ölkənin məhv olmuş potensialı və müharibənin taleyini həll edəcək güclərin oyununu şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Zərdüşt Əlizadə bildirib ki, müharibənin taleyi Qərbin verəcəyi qərardan asılıdır:

“Nə Rusiyanın, nə də Ukraynanın kifayət qədər gücü var ki, genişmiqyaslı hücuma keçsin, cəbhədəki vəziyyəti dəyişsin. Dirəniblər, döyüşürlər, hər iki tərəf böyük itkilər verir, ancaq nəticə yoxdur. Sülh imkanı da yoxdur. Putin dirənib ki, tutduğum torpaqları Ukrayna qəbul etməlidir, işğal tanınmalıdır. Beynəlxalq hüquqda isə belə bir şey yoxdur. İşğal olmuş ərazinin ilhaqı qəti sürətdə qadağandır. Əgər bu, qadağan olmasa idi, işğalçı Ermənistan işğal etdiyi Qarabağı tərkibinə qatardı. Bu mümkün deyil.

Rusiya-Ukrayna müharibənin müqəddaratı Qərb dövlətlərinin qərarından asılıdır. Əgər onlar qərar versə ki, Rusiya məğlub olmalıdır, Ukrayna qalib gəlməlidir, onda bu qərarı həyata keçirmək üçün bütün imkanları var. Həm silah, həm pul verə, Rusiyaya təzyiqi artıra bilərlər. Bu qərar yoxdur. Hələlik qərar başqa cürdür. Rusiya qalib gəlməməli, Ukrayna məğlub olmamalıdır, Ukrayna da qalib gəlməməlidir. Ukraynanın qalib gəlməməsi qərarı ABŞ-nin, Avropanındır.

Rusiya hakimiyyəti 30 il ölkəni qarət edib. Hərbi sənayeni, elmi-texnologiyanı məhv edib, sonra da müharibəyə giriblər. O boyda nəhəng ölkənin müasir, hətta müasir olmayan silah istehsal etmək üçün resursu yoxdur. Rusiya sənayesi, elmi yoxdur, dağıdılıb. Bunu əsasən də Putin rejimi dağıtdı. Putin gələndən sonra sovet aviyasiya sənayesini tamamilə məhv elədi. Rusiya təyyarə buraxa bilmir, elektronikası yoxdur. Lüt-üryan düşüb ortaya ki, varam, Stalindən atom bombası qalıb, vurub dağıdaram.

Ukrayna da eyni şeyi etdi. Ukraynanın nəhəng hərbi sənayesi vardı. Böyük elmi və sənaye potensialı vardı. Ukrayna hakim sinfi o ölkəni qarət etməklə məşğul idi. Bütün prezidentlərin vaxtında bu baş verib. Zelenski çalışır ki, nəyisə saxlasın, o da bacarmır. Çünki dövlət, dövlət aparatı qarətə köklənib.

Rusiya-Ukrayna müharibəsi pat vəziyyətindədir. Dirəniblər, qərar da vermək mümkün deyil. Hər şey Qərbdən asılıdır”.

Səxavət Məmməd