Rusiya-Ukrayna müharibəsində yeni mərhələyə KEÇİD: “Təzyiqlərin güclənəcəyi gözlənilir”

“Hazırda əsas məsələ uzaqmənzilli silahlarla Rusiyanın daha da dərinliklərinə zərbə endirmək üçün icazənin verilib-verilməyəcəyidir”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsinin taleyinin yaxın perspektivdə hansı istiqamətdə cərəyan edəcəyindən danışan politoloq Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi avqust ayının əvvəlindən yeni mərhələyə keçid etdi.

“Döyüşlərin Rusiya ərazisinə də daşınması müharibənin xarakterinin dəyişdiyini göstərən əsas əlamətdir.

İkinci əlamət isə Qərbin Ukraynaya bəzi silahlardan istifadəyə qoyduğu məhdudiyyəti qismən yumşaltmasıdır. Hazırda əsas məsələ uzaqmənzilli silahlarla Rusiyanın daha da dərinliklərinə zərbə endirmək üçün icazənin verilib-verilməyəcəyidir. Proseslərin gedişi buna da icazə veriləcəyini deməyə əsas verir”, – deyə o qeyd edib.

Politoloq qeyd edib ki, təxminən iki ildir, davam edən müharibənin sona yetişmədiyi dövrdə Qərbin dəstəkləri dayandıracağı inandırıcı deyil.

“Tam əksinə, Rusiyaya təzyiqlərin güclənəcəyi gözlənilir. Kurskda həm eninə, həm də uzununa Ukraynanın hərbi əməliyyatları genişlənə bilər. Qarşılıq olaraq isə Rusiya da Donbaskın Pakrovski şəhərində aktivlik nümayiş etdirəcək. Bir sözlə Ukrayna danışıqlar masasında əlinin güclü ola bilməsi üçün daha çox əraziyə nəzarət etməyə çalışacaq”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29