“Almaniya kansleri Olaf Şolts bəyanatında bildirib ki, artıq Ukrayna və Rusiyanın sülh danışıqları üçün bir masa arxasında oturmasının vaxtı çatıb”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Həmsöhbətimiz Rusiya-Ukrayna müharibəsində yeni vasitəçinin olması ilə bağlı səslənən təkliflərdən söz açıb.
Onun sözlərinə görə, məlumdur ki, indiyə qədər bu istiqamətdə konkret təkliflər olub və zaman-zaman bununla bağlı konkret addımlar da atılıb:
“Hətta İstanbulda müəyyən razılaşmalar da mövcud idi, lakin Böyük Britaniyanın ozamankı baş naziri Boris Consonun qəfil Ukrayna səfərindən sonra həmin razılaşmalar bir tərəfə atıldı və müharibə davam etdi. Ondan sonra Qətərin vasitəçiliyi ilə yeni bir təşəbbüs işə başlamışdı və danışıqlar gözlənilirdi. Lakin Kursk əməliyyatları ilə sözügedən danışıqlar başlamamış dayanmış oldu”.
“Məsələ burasındadır ki, həm Ukrayna, həm də Rusiya tərəfi kifayət qədər yorulublar və hər iki tərəf artıq danışıqlar masasında oturmağın vacibliyini özü üçün dəqiqləşdiriblər. İndiyə qədər Ukraynaya bu və ya digər şəkildə danışıqlarda iştirak etməməsi ilə bağlı təzyiq edən ölkələrin özləri də artıq bu resursları təmin etmək imkanında olmadıqları üçün tez bir zamanda hansısa şəkildə razılaşmaların əldə olunmasında maraqlıdırlar. Burada isə qalır hər iki tərəfin etimad göstərəcəyi ortaq vasitəçinin olması”, – deyə o, əlavə edib.
R. Bayramovun qənaətinə görə, Rusiya İstanbul sazişində əldə olunan razılaşmalarla danışıqların aparılmasına razı olduğunu bildirib:
“Doğrudur, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbul sazişi haqqında danışarkən “yeni ərazi reallıqları nəzərə alınmaqla” ifadəsini işlədib ki, bu da təbiidir. Çünki tərəflərin hər biri maksimalist mövqedən çıxış edirlər ki, nəticə etibarilə əldə olunacaq razılaşmalar özlərinin də maraqlarını hansısa şəkildə təmin etsin.
Bu gün Rusiya böyük ölçüdə iqtisadi problemlər və silah-sursat çatışmazlığı ilə üz-üzədir. Ukrayna da eyni şəkildə davamlı olaraq xaricdən tələb olunan silah-sursatın gəlmədiyini də yaxşı başa düşür. Ortada olan digər məsələ isə budur ki, qış aylarına doğru getdikcə Rusiya qazından imtina nəticəsində meydana çıxan reallıqlardır. Bu gün Avropanın bir sıra ölkələri, o cümlədən Ukraynanın özünü qış aylarında böyük enerji problemləri gözləyir. Xüsusilə də qazla bağlı”.
Mütəxəssis burada Azərbaycanın vasitəçi olması ilə bağlı ortaya atılmış iddiaları da şərh edib:
“Prezident İlham Əliyev İtaliya səfərində olarkən bildirdi ki, artıq bir neçə müddətdir Rusiya qazının Azərbaycan vasitəsilə Ukrayna ərazisindən nəqli ilə bağlı Rusiya, Avropa İttifaqı, Ukrayna və Rusiya arasında danışıqlar həyata keçirilir. Bu isə o deməkdir ki, Ukrayna Azərbaycanla ortaq münasibətlərdə maraqlıdır və sözügedən məsələ Azərbaycanın neytral vasitəçi olmaq imkanlarını kifayət qədər artırır. Bununla bağlı dövlət başçısının bəyanatı var və o söyləyib ki, əgər ehtiyac yaranarsa, Azərbaycan buna hazırdır”.
“Fikrimcə, Çernobbio Forumunda bu tip suallar Prezidentə elə-belə ünvanlanmamışdı. Deməli, beynəlxalq ictimai rəydə bununla bağlı fikirlər mövcuddur və onlar Rusiya və Ukrayna ilə münasibətlərini qoruyub saxlayan Azərbaycanın vasitəçilik statusunda çıxış edə biləcəyinə inanıblar. Ona görə də hesab edirəm ki, şanslar çoxdur və son sözü tərəflər deyəcək. Lakin zaman azdır, vaxt daralır və hər iki tərəfə ən azı müharibənin dayandırılması və danışıqlar masasında oturmaq lazımdır. Azərbaycan da bu məsələdə kifayət qədər uğurlu seçim ola bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov