Rusiya-Ukrayna müharibəsinin CİDDİ FƏSADLARI: Nəsli tükənən canlıları da məhv edir…

Son həftələrdə Xəzərin Rusiya və Qazaxıstan sektorunda 2500 suitinin cəsədinin sahilə çıxdığına dair xəbərlər var. Qırmızı kitaba düşəcək qədər sayı azalan suitinin kütləvi ölümü isə təşviş doğurur. Hətta Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölümü ilə bağlı operativ qərargah yaradılacaq.

Mövzu ilə bağlı ekoloq Telman Zeynalov Yenicag.az-a açıqlamasında bildirib ki, Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsi canlıların məhvinə də yol açır:

“Ola bilər ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar sözügedən ərazilərdə silah istehsal edilir və avadanlıqların zəhərli suyu Xəzər dənizinə axır. Bu isə suitilərin və balıqların ölümünə səbəb olur. Hazırda Xəzərin Rusiya və Qazaxıstan sektorunda bununla bağlı araşdırma aparılır və suitilərin ölümünün səbəbini öyrənməyə çalışırlar. Yəni hansı proseslər baş verir ki, balıqlar və suitilər məhv olur, bu araşdırılır”.

Suitilərin ölümü ilə bağlı mütəxəssislərin ciddi bir fikir söyləmədiyini bildirən tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl da öz növbəsində qeyd edib ki, Rusiyanın Ukraynaya atdığı raketlərin problemli olması və dənizə düşməsi məlum canlıların ölümünə səbəb olub:

“Rusiya Ukraynaya qarşı apardığı müharibədə Engels şəhərində yerləşən hərbi hava limanından qalxan stratejik bombardmançı təyyarələrdən buraxdığı “X-22” və bu tərz raketlərdən istifadə edir. Bunun üçün təyyarə Engels şəhərindən qalxdıqdan sonra Xəzərin Rusiya akvatoriyasına gəlir və raketi oradan buraxır. Əslində, Ukraynaya tuşlanmış raketi tərs, yəni Xəzər istiqamətindən buraxmağın bir səbəbi var. “X-22” raketinin yanacağı zəhərlidir və bu raketin ciddi problemləri var. Raketlərin bir qismi təyyarədən fırladıldıqdan sonra uçmur, yerə düşür. Raketin insan yaşayan torpaqlara düşməməsi üçün dəniz üzərindən atılır. Görünür, Rusiyanın daha keyfiyyətli raketləri qurtardığı üçün problemli “X-22″ raketlərini atmağa başlayıb və Xəzərə düşən nasaz raket sayı da artıb. Nəticədə Xəzər də çirklənir, canlı təbiət də zərər görür”.

Gülşən Şərif

COP29