103 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 4 530 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 290 ədəd, səhra artilleriyası və minaatanlar – 570 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 245 ədəd, HHM sistemi – 105 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 173 ədəd, qanadlı raket – 124 ədəd, PUA – 425 ədəd, gəmi-kater – 14 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 3 339 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 029 ədəd, səhra artilleriyası və minaatanlar – 1 752 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 470 ədəd, HHM sistemi – 340 ədəd, təyyarələr – 1 190 ədəd, helikopterlər – 137 ədəd, PUA – 1 059 ədəd.
Ukrayna-Rusiya müharibəsinin yüz üçüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyevin sözlərinə görə, 103-cü gündə döyüşlər, əsasən, Severodonetsk, Baxmut, Luqansk, Xarkov, İzyum, Xerson, Zaporojets yaşayış məntəqələri istiqamətində davam edib və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:
“103-cü gündə də taktiki səviyyədə tərəflərin döyüşləri davam etdi. Ruslar hücumlarını davam etdirməyə, ukraynalılar isə onları dayandırmağa çalışdı. Ukrayna qoşunları Severodonetskdə uğurlu əks-hücum keçirdi. Son 48 saat ərzində Ukrayna qoşunları Rusiya bölmələrini şəhərin şərq kənarlarına və cənubundakı yaşayış məntəqələrinə sıxışdırdılar. Rusiya arsenalında olan bütün artilleriya vasitələri ilə Severodonetski yerlə bir etməyə davam etdi. Çox güman ki, artilleriya zərbələrindən sonra şəhərə hücumu davam etdirəcəklər.
Gün ərzində ruslar minaatan və artilleriya vasitələrindən Ukraynanın Baxmut istiqamətində Zolote, Orexovoe, Qornoye, Vrubovka, Klinovo, Beloqorovka, Pokrovskoye yaşayış məntəqələri ərazilərində yerləşən bölmələrin mövqelərini atəşə tutdu. Aviasiya zərbələri endirmək üçün döyüş təyyarəsi istifadə edildi.
Ukrayna hərbçiləri Velika Kamışevaxi, Vernopolye, Dubrovnoye, Dolina və Boqorodiçnı istiqamətlərində rusların hücumunu dəf etdi.
Ukrayna hərbçiləri Rusiya donanmasını Ukrayna sahillərindən 100 kilometr geri çəkilməyə məcbur etdi.
Qara dənizin şimal-qərb hissəsinə nəzarəti bərpa etmək üçün ruslar taktikasını dəyişir. Krımda və Xerson vilayətində “Bal” və “Bastion” sahil raket komplekslərini yerləşdirirlər.
Ukrayna Silahlı Qüvvələri ilə birbaşa toqquşmalarda ruslar şanslarının olmadığını yaxşı anlayırlar. Bu səbəbdən Rusiya tərəfi artilleriya ilə şəhərlərdə hər şeyi məhv edir, sonra motoatıcı bölmələri yeridir.
Böyük Britaniyanın Baş naziri Boris Conson ölkəsinin Ukraynaya 80 kilometrə qədər məsafədəki hədəfləri vura bilən M-270 YARS ilə təmin edəcəyini təsdiqləyib.
Rusiya siyasiləri Qərbin Kiyevə uzaqmənzilli YARS-ları çatdıracağı təqdirdə, Ukraynanın infrastrukturuna və dövlət qurumlarına zərbələr endirə biləcəyini deyir.
Rusiya qoşunları müdafiə qüvvələrinin bölmələrinin dövlət sərhədinə qədər irəliləməsinin qarşısını almaq və Belqorod-Kupyansk avtomobil yoluna nəzarət etmək məqsədilə Xarkov istiqamətində müdafiə döyüşləri aparır.
25-ci əlahiddə hava desant briqadasının döyüşçüləri Donetsk istiqamətində Rusiya bölmələrini məhv etməyə davam edir.
Qərb Ukraynanı Rusiya ilə müharibəyə son qoymaq məsələsinin həllində xoşagəlməz nəticəyə gəlməyə inandırmağa çalışır. Prezident Vladimir Zelenskinin sözlərinə görə, dünya ictimaiyyəti Ukraynadakı müharibədən yorulur və hansısa nəticə istəyirlər. Ukrayna isə ərazilərinin azad etməkdə israrlıdır. Ukraynanın ümumi ərazisi isə 603 548 kvadrat kilometrdir. Fakt budur ki, Rusiya Ukrayna ərazisinin təxminən 20 faizini işğal edib və bu, 125 000 kvadrat kilometrə bərabərdir. Onlara bu əraziləri azad etmək üçün ümumi sayı 25 min nəfərdən ibarət 36 yeni tabor taktiki qrupları lazımdır. Bunu reallaşdırmaq üçün uzun zaman tələb olunur.
103-cü günün nəticəsinə görə, Rusiya qoşunları hücumda, Ukrayna qoşunları isə müdafiədədir.
Bu reallıqda Ukraynanın strateji tapşırıqlarını yerinə yetirib-yetirməyəcəyini önümüzdəki günlərdə görəcəyik…”.
Səxavət Məmməd