Rusiya-Ukrayna savaşının 104-cü GÜNÜ: Moskvanın “məsafəli müharibə” taktikası – TƏHLİL

104 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 535 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 295 ədəd, səhra artilleriyası və minaatanlar – 572 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 246 ədəd, HHM sistemi – 107 ədəd, təyyarələr – 225 ədəd, helikopterlər – 174 ədəd, qanadlı raket – 126 ədəd, PUA – 430 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 340 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 030 ədəd, səhra artilleriyası və minaatanlar – 1 753 ədəd, YARS – 472 ədəd, HHM sistemi – 343 ədəd, təyyarələr – 1 190 ədəd, helikopterlər – 137 ədəd, PUA – 1 060 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz dördüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, 104-cü gündə döyüşlər, əsasən, Severodonetsk, Baxmut, Luqansk, Xarkov, İzyum, Xerson, Zaporojets yaşayış məntəqələri istiqamətində davam edib və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:

“104-cü gündə tərəflərin taktiki səviyyədə intensiv döyüşləri davam etdi. Rusiya qoşunları hücumlarını davam etdirməyə, Ukrayna qoşunları isə onları dayandırmağa çalışdı. Hər iki tərəf artilleriya atəşlərinin intensivliyini artırdı. Rusiya qoşunlarında operativ pauza hiss olundu. Onların əməliyyat planlarına dəyişiklik etmələri gözləniləndir. Gün ərzində bütün istiqamətlərdə yalnız artilleriya bölmələri döyüşdü deyə bilərik.

İzyum və Popasnoe, Zaporojye, Xerson istiqamətində Ukrayna artilleriya bölmələri Rusiya bölmələrinə ciddi atəş basqını həyata keçirdi. Qarşı tərəf itkilər verdi.

Bütün istiqamətlərdə Ukrayna qoşunları qarşı tərəfin lokal hücumlarının qarşısını almağa cəhd göstərdi. Rusiya Xarkovun şimalından bölmələrini digər istiqamətə yönləndirmək üçün mövqelərini dəyişdirdi. Onların bu istiqamətdə də əməliyyat planlarına dəyişiklik edəcəkləri gözlənilir. Onların əsas hücum istiqaməti Lisiçansk-Popasnoe istiqaməti olaraq qaldı. Burada onlar Baxmut-Lisiçansk avtomobil yoluna çıxmaqla əsas hədəflərinə nail olmaq istəyirlər. Bu səbəbdən döyüşlərin intensivliyi artaraq gedir. Əsas nəqliyyat marşrutları nəzarətə götürülsə, qoşunların manevr imkanları daralacaq. Ruslar bu istiqamətdə buna çalışırlar.

Severodonetsk istiqamətində vəziyyət gərgin olaraq qaldı. Ruslar hələ də şəhəri tam nəzarətə götürə bilməyiblər. Ukrayna qoşunları burada da ciddi müqavimət göstərirlər. Hər iki tərəfin artilleriya və raket atəşlərinin intensivliyindən Severodonetsk növbəti “ruhlar şəhəri”nə çevrilən yer olacaq. Rusiyanın bu taktikası hələ ki özünü doğruldur. Onlar hansı şəhəri yerlə yeksan edirlərsə, qarşı tərəfin qoşunları o zaman geri çəkilir. Buça və Mariupoldan sonra növbə bu şəhərindir.

Gün ərzində Rusiya aviasiyası Ukraynanın 170-dən çox döyüşçüsünü məhv etdi, Ukrayna qoşunlarının canlı qüvvə və texnikasının toplandığı 83 ərazi vuruldu. Rusiya artilleriyaçıları Norveç tərəfindən təhvil verilmiş ABŞ istehsalı olan 155 millimetrlik M109A3 özüyeriyən silahı və 2 ədəd 155 millimetrlik M777 haubitsasını məhv etdi.

Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Donetsk və Luqansk istiqamətində qarşı tərəfin 11 hücumunu dəf etdi, 3 tankı, 5 artilleriya sistemini, 2 zirehli döyüş maşını, 13 texnikası və 3 döyüş sursatı anbarını məhv etdi. “Orlan-10″ tipli iki pilotsuz uçuş aparatını vurdu.

Gün ərzində Rusiya aviyasiya vasitələri çox ehtiyatlı uçuşlar həyata keçirdilər. Aviasiyadan buraxılan raketlərin öz qoşunlarına ciddi xətər yetirəcəyindən ehtiyatlanırlar. Artilleriya bölmələri isə artıq müharibənin tempinə uyğunlaşmış görsənir. Əsas yük onların üzərindədir.

Artıq rusların əməliyyatlar teatrında taktikası ondan ibarətdir ki, raket və artilleriya bölmələri qarşı tərəfin mövqelərini yerlə yeksan etməlidir. Kəşfiyyat bölmələri qarşı tərəfdə canlı qüvvə qalmamaması barədə məruzə etməlidir. Bundan sonra əməliyyat qrupları və quru qoşun bölmələri irəliləməyə başlamalıdır. Bu isə çox vaxt aparan taktikadır. Görünən odur ki, hərbi beyin mərkəzlərini bu taktika qane edir. Çünki çox zaman aparsa da, nəticə əldə edə bilirlər. Artıq onlar anladılar ki, təmas vəziyyətindəki döyüşlərdə şansları yox səviyyədədir. Ukrayna əməliyyat mobil qrupları birə-bir döyüşdə çox hazırlıqlıdırlar. Xüsusən də hərbi fərdi kompaniyanın üzvləri üz-üzə döyüşlərdə özlərini çox rahat hiss edirlər. Amma uzaqdan açılan artilleriya və raket zərbələrinə qarşı acizdirlər.

Ruslar da bu səbəbdən məsafəli müharibəyə keçiblər. Hədəflərə nail olmaq, gec olsun, amma minimum itki ilə olsun. Hələ ki əməliyyatlar teatrında bu taktika özünü doğruldur.

Savaşın “ildırımsürətli” müharibədən “sürünən” müharibəyə keçməsi də bu səbəbdəndir. Ruslar bunu 25-30 min nəfər itki verdikdən sonra anladılar. Ukrayna tərəfinin isə hələ ki Rusiyanın artan raket və artilleriya basqınlarına qarşı təsirli bir müqaviməti hiss olunmur. Əslində, onların topyekun hava hücumundan, raket və artilleriya mərmilərindən müdafiə qabilliyəti çox zəifləmiş haldadır. Qərb hərbi dəstəkləri ilə bu müqaviməti mümkün qədər gücləndirməyə çalışsa da, yerlərdə qoşunların hazırlığı bunu dəstəkləyə bilmir. Hər yeni verilən YARS-ların heyyətləri də hazırlanmalıdır. Ukraynanın buna zamanı çox azdır. Bu səbəbdən güc balansında bərabərləşmə baş vermir. Üstün duruma keçmək üçün, birinci, vəziyyəti bərabərləşdirməlidirlər. Sonra isə üstünlük fazası başlaya bilrər. Bu, Ukrayna ilə birlikdə bütün müttəfiqlərinin arzusudur. Lakin qısa vədədə bu, imkansızdır. Ruslar da bunu fərqindədir və hər vəhclə bu fərqin azlamaması üçün efort sərf edir.

Ukrayna və müttəfiqlərinin güc balansında və qüvvələr nisbətində üstünlüyü yaradıb-yarada bilməyəcəklərini önümüzdəki günlərdə görəcəyik…”

Səxavət Məmməd