Rusiya-Ukrayna savaşının 106-cı GÜNÜ: Müharibə fonunda Avropa ölkələrində narahatlıq artır – TƏHLİL

106 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 540 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 300 ədəd, səhra artilleriyası və minaatanlar – 580 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 250 ədəd, HHM sistemi – 110 ədəd, təyyarələr – 227 ədəd, helikopterlər – 175 ədəd, qanadlı raket – 130 ədəd, PUA – 47 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 350 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 040 ədəd, səhra artilleriyası və minaatanlar – 1 760 ədəd, YARS – 477 ədəd, HHM sistemi – 348 ədəd, təyyarələr – 191 ədəd, helikopterlər – 138 ədəd, PUA – 1 062 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz altıncı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 106-ci gündə döyüşlər Severodonetsk, Baxmut, Luqansk, Xarkov, İzyum, Xerson, Zaporojets yaşayış məntəqələri istiqamətində davam edib və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:

“106-cü gündə tərəflərin taktiki səviyyədə intensiv döyüşləri davam etdi. Rusiya qoşunları hücumlarını davam etdirməyə, Ukrayna qoşunları isə onları dayandırmağa çalışdı.

Gün ərzində Rusiya qoşunları Severodonetsk şəhərini yerlə yeksan etməyə davam etdi. Belə davam etsələr, bir neçə gündən sonra müasir şəhər yerinə burada səhralığa şahid olacağıq. Şəhəri hələ də tam nəzarətə götürə bilməyiblər. Xerson istiqamətində Ukrayna aviasiyası qarşı tərəfin beş cəmləşmə rayonuna raket zərbələri endirdi.

Rusiya qoşunları bütün gün Dnepropetrovsk istiqamətində də hücumlarını davam etdirdi. Qarşı tərəfə ciddi itkilər verdirdilər.

Bu gün Xarkov vilayətində ukraynalı müdafiəçilər ilə döyüşlər zamanı itkilərə görə Rusiya Federasiyasının 1-ci Ordu Korpusunun motoatıcı bölməsi tam tərkibdə döyüş əməliyyatlarında iştirakdan imtina edib. Bu çox ciddi fəsadlara yol açacaq bir presidentdir. Ümumilikdə, Rusiya qoşunlarının motivasiyasının çox aşağı olmasından xəbər verir.

Donetsk istiqamətində Rusiya əməliyyat qrupları Qornoe və Berestovo yaşayış məntəqələri ərazisində döyüşlə kəşfiyyat aparmağa cəhd etdilər və nəticədə geri çəkilməyə məcbur oldular.

Müharibənin hər günü 100-200 Ukrayna döyüşçü itkisi verir. Ukraynanın Qərbin təmin edə biləcəyi yüzlərlə ən güclü artilleriya sisteminə ehtiyacı var. Ən azından, Ukraynaya 300 ədəd raket sisitemləri lazımdır. Bu halda əməliyyatlar teatrında atəş balansına nail olmuş olarlar. Amma bu, mümkünsüz görsənir.

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Zelenski Makronla müdafiə dəstəyi və təhlükəsizlik zəmanətlərini müzakirə etdi. Mən Fransanın bütün münaqişələrdə olduğu kimi, Ukraynaya qarşı da səmimi olmadığını düşünürəm. Məhz Fransa Prezidenti Ukraynanın Rusiyaya güzəştə getməsini bildirmişdi. Həmin açıqlamadan sonra Ukrayna XİN ona sərt cavab ünvanlamışdı. Fransanın vasitəçiliyi Ukrayna üçün təhlükəli ola bilər…

106-cı gündə Rusiya-Ukrayna müharibəsi səbəbindən bir sıra Avropa ölkələrində ciddi qiymət artımını müşahidə etməkdəyik. Neftin, qazın, taxılın, gübrənin və ərzaqların qiyməti hiss olunacaq qədər artdığından, bir sıra Avropa ölkələrinin əhalisi narahatlığını biruzə verir. Xüsusən də Böyük Britaniya əhalisi hökumətdən Ukraynaya yardımı azaltmağı tələb edir. Bu gün Böyük Britaniyanın Baş naziri Boris Conson vurğulayıb ki, müharibənin səbəb olduğu qiymət artımları səbəbindən Ukraynaya yardımın dayandırılması “mənəvi cəhətdən iyrənc” olacaq və Rusiya Prezidenti Vladimir Putini həvəsləndirəcək.

Rusiya bu vəziyyətin fərqindədir. Ukraynaya dəstək verən ölkələrə qarşı da əsas “kart”ı budur. Onları məcburi artan qiymətlərlə “vurmağa” çalışacaq. Bu ölkələrin əhalisi isə ölkə rəhbərliklərinə müharibənin dayandırılması üçün təzyiq göstərəcək. O halda, dünya düzənini formalaşdıran güclər Rusiyaya Ukrayna ərzisinin bir hissəsini güzəştə getməli olacaqlar. Rusiyanın nail olmaq istədiyi də elə budur.

Bu siyasi məsləhətləşmələrin əməliyyatlar teatrındakı vəziyyətə nə qədər təsirli olacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd