!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 109-cu GÜNÜ: Başqa ölkələrin də gələcək taleyi həll olunur - TƏHLİL

!Reklam – Yazi

109 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 553 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 313 ədəd, səhra artilleriyası və minaatanlar – 586 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 256 ədəd, HHM sistemi – 116 ədəd, təyyarələr – 229 ədəd, helikopterlər – 177 ədəd, qanadlı raket – 137 ədəd, PUA – 555 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 365 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 055 ədəd, səhra artilleriyası və minaatanlar – 1 772 ədəd, YARS  – 482 ədəd, HHM sistemi – 352 ədəd, təyyarələr – 193 ədəd, helikopterlər – 140 ədəd, PUA – 1 067 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz doqquzuncu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 109-cu gündə döyüşlər Severodonetsk, Luqansk, Xarkov, İzyum, Xerson, Zaporojets yaşayış məntəqələri istiqamətində davam etdi və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş vermədi:

“109-cu gündə tərəflərin taktiki səviyyədə intensiv artilleriya döyüşləri davam etdi. Rusiya qoşunları hücumlarını davam etdirməyə, Ukrayna qoşunları isə onları dayandırmağa çalışdı.

Bu gün Rusiya qoşunları Kremennaya və Starobelsk ərazisinə 80-dən çox silah və hərbi texnika, artilleriya sistemləri yerləşdirdi.

Slavyansk istiqamətində Boqorodiçneyə hücum etməyə çalışdılar, lakin nəticəsi olmadı.

Severodonetsk uğrunda şiddətli döyüşlər davam edir. Severodonetsk istiqamətində ruslar 7 batalyon taktiki qrupu döyüşləri davam etdirməyə çalışdı. Lakin güclü atəşə baxmayaraq, Ukrayna qoşunları rusların hücumlarının qarşısını ala bilib. Ruslar Lyman istiqamətində hücuma hazırlaşır.

Rusiya Severodonetsk və onun ətrafını tədricən ələ keçirmək üçün qüvvələr və artilleriya balansındakı üstünlüyündən istifadə edir. Severodonetskin Toşkovka ərazisində döyüşlər davam edir. Buxmut istiqamətində işğalçılar Ukraynanın mövqelərini minaatan, top və raket artilleriyasından atəşə tutur. Vrubovka və Nikolayevkadakı hücum dəf edilib. Ruslar Vrubovka kəndini ələ keçirmək üçün Baxmut istiqamətində hücum əməliyyatları keçirdilər, uğur qazanmadılar. Orexovo-Zolotoye istiqamətində hücum əməliyyatlarını bərpa etmək istəyərkən qarşı tərəfdən qətiyyətli cavab aldı və geri çəkildi. Slavyan istiqamətində Ukrayna əsgərləri Dolgenka – Mazanovka və Dolgenka – Dolyna istiqamətlərində qarşı tərəfin hücum hərəkətlərini uğurla dəf etdilər.

Ruslar Donetsk vilayətinin yaşayış məntəqələrinə 7 dəfə zərbə endirdi, ölən və yaralananlar var. 20 mülki obyekt, o cümlədən elektrik yarımstansiyası məhv edildi. Onlar Lisiçansk istiqamətində ikinci körpünü bombaladı, üçüncü körpünü ələ keçirməyə cəhd edirlər. Bu yolla onlar Severodonetskə avadanlıq və sursat təchizatını kəsməyə çalışırlar.

Rusiyanın Slavyansk və Severskə hücumlarını gücləndirəcəyi gözlənilir. Qorno-Lisiçansk magistral yolunu kəsmək üçün səylərini bərpa etdilər və uğursuz bir hücuma başladılar. Slavyanska hücumu bərpa etməyə çalışırlar.

Ukrayna qüvvələri Xersonun şimal-qərbində Kiselevkada əks-hücum əməliyyatı keçirdi.

Bu gün “Azovstal” ərazisindən 220 Ukrayna əsgərinin cəsədi çıxarıldı.

Bu gün Ukrayna hava hücumundan müdafiə bölmələri rusların K-52 helikopterini vurdular.

Ukrayna Hava-Desant Qüvvələrinin 80-ci əlahiddə hava desant-hücum briqadası və 81-ci əlahiddə aviasiya briqadası Rusiyanın silah-sursat anbarını məhv etdi. Ukrayna Silahlı Qüvvələri qarşı tərəfin qüvvələrini bütün istiqamətlərdə məhv edir.

Bu gün Ukrayna-Rusiya müharibəsində cəbhənin eni 2 450 kilometrdir, bunun 1105 kilometrində aktiv döyüş əməliyyatları aparılır. Bu çox böyük bir ərazidir və belə ərazidə əməliyyatların davamı çox böyük qüvvələr tələb edir. Qüvvələr isə məhduddur.

Bu gün Rusiya “Gün”ünü qeyd etdi. Rusiya Prezidenti bayram çıxışında Birinci Pyotrdan bəhs etdi. Onun Rusiyanı, ordunu və flotu necə yaratdığından danışdı.

Əslində, bu, Kremlin imperiya haqqında mesajları idi. Ən azından, SSRİ-nin ərazilərinin yenidən baxılması haqqında üstüörtülü mesajlar idi. Dolayısı ilə, düşünürəm ki, Ukrayna-Rusiya müharibəsində bir çox başqa ölkələrin ərazilərinin gələcək taleyi həll olunur. Ukraynadakı uğurundan həvəslənən Kreml rəhbərliyi imperiya ambisiyalarını daha da artıra bilər. Bu isə digər ölkələr üçün birbaşa təhlükə deməkdir. Bu səbəbdən SSRİ-dən ayrılaraq müstəqil olmuş ölkələrinin ərazilərinin hələ də təhlükə altında olduğunu ön görməliyik.

Rusiya Günündə dünyanın onlarla şəhərində Rusiyanın Ukraynaya təcavüzünə qarşı aksiyalar keçirilib. Vyana, Praqa, Helsinki, Tbilisi, Paris, Berlin, London və Vaşinqton fəal olub.

Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinin nəticələri yalnız Rusiya və Ukrayna üçün məhdudlaşmayacaq. Bu dalğa Avropa və keçmiş SSRİ ölkələrinin gələcəyinə birbaşa təsir edəcək.

Rusiyanın bu ambisiyalarının belə davam edəcəyini, yoxsa Ukrayna və müttəfiqlərinin onun bu ambisiyasından vaz keçməyə məcbur edəcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

937
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv