Rusiya-Ukrayna savaşının 112-ci GÜNÜ: Tərəflər küçə döyüşlərində itki verməyə davam edir – TƏHLİL

112 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 559 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 319 ədəd, səhra artilleriyası və minaatanlar – 590 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 259 ədəd, HHM sistemi – 120 ədəd, təyyarələr – 213 ədəd, helikopterlər – 179 ədəd, qanadlı raket – 170 ədəd, PUA – 590 ədəd, gəmi-kater – 13 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 373 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 063 ədəd, səhra artilleriyası və minaatanlar – 1 778 ədəd, YARS – 486 ədəd, HHM sistemi – 357 ədəd, təyyarələr – 193 ədəd, helikopterlər – 140 ədəd, PUA – 1 070 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz on ikinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 112-ci gündə döyüşlər Severodonetsk, Luqansk, Xarkov, İzyum, Xerson, Zaporojets yaşayış məntəqələri istiqamətində davam edib və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:

“112-ci gündə də tərəflərin taktiki səviyyədə intensiv artilleriya döyüşləri davam etdi. Müxtəlif istiqamətlərdə Rusiya qoşunları hücumlarını davam etdirməyə, Ukrayna qoşunları isə onları dayandırmağa çalışdı.

Gün ərzində Luqansk istiqamətində gərgin döyüşlər davam etdi.

Rusiya qoşunları İzyum istiqamətindən Slavyansk istiqamətinə hücumları davam etdirdilər. Hücumları dayandırıldı və geri çəkilməyə məcbur oldular. Lyman-Slavyansk istiqamətində də hücuma cəhd etdilər və burada da hücum dayandırıldı. Lisiçansk gün ərzində artilleriya atəşləri ilə vuruldu. Severodonetskdə hələ də gərgin döyüşlər davam edir. Döyüşlər şəhər daxilində gedir. Küçə döyüşlərində tərəflər itki verməyə davam edir. Şəhərin bir hissəsi rusların, bir hissəsi isə ukraynanın nəzarətindədir.

Severodonetsk istiqamətində artilleriya vasitələri və raket sistemlərindən qarşı tərərfin mövqelərini vurmağa davam etdi.

Baxmut istiqamətində Kupyansk vilayətindən Pervomayska köçürülmüş batalyon taktiki qrupunun qruplaşmasını artırdı. Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin 8-ci Əlahiddə Ümumqoşun Ordusunun ayrı-ayrı bölmələri Kamışevax və Popasnaya yaşayış məntəqələrinin ərazilərinə daxil oldu. Popasnoe istiqamətində döyüşlər Kamışovaxi yaşayış məntəqəsi hədlərində davam edir. Kamışovaxa yaşayış məntəqəsinin rusların nəzarətinə keçəcəyi gözlənilir.

Ukrayna qoşunları İzyum istiqamətindən əks-hücum keçirdilər və bir neçə yaşayış məntəqəsini azad etdilər. Xerson istiqamətində Ukrayna qoşunları az-az da olsa, irəliləyirlər. Burada rusların K-52 helikopteri vuruldu. Burada artıq “HİMARS” YARS–larının istifadəsinin nəticələri göründü.

Krivoroqda da mövqe döyüşləri getdi. Nikolayev atəş altındadır. Odessa istiqamətində Rusiya flotiliyasının gəmilərdən buraxılan iki “ONİKS” raketi vuruldu. Bu raketlər 60-cı illərdə istehsal olunub. Onların vurulması hava hücumu vasitələri ilə çətin olsa da, bunu bacardılar.

Ukrayna ordusu Xerson vilayətində uğurlu əks-hücum əməliyyatları keçirdi. Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri Xersondan 26 kilometr aralıda yerləşən Kiselevkaya çatıb. Bu, Krımı su ilə təmin edən bəndin yerləşdiyi Novaya Kaxovkadan “zərbə məsafəsi”nin həddidir. Ukrayna müdafiə qüvvələri Xersonun şimalında və şimal-şərqində geniş hədlərdə cəbhə açıb.

112-ci gündə əməliyyatlar teatrında yer-yer ruslar, yer-yer də ukraynalılar uğurlu oldular. Ümumi olaraq əməliyyat teatrında ciddi mövqe dəyişikliyi izləmədik.

Əsasən, artilleriya və raket bölmələri döyüşlərdə aktiv oldular.

112-ci günün əsas hadisəsi “Ramşteyn-3” toplantısı oldu. Toplantıda Rusiyanın Avropa təhlükəsizliyi üçün təhlükə olaraq qaldığı vurğulandı.

Bu gün ABŞ Prezidenti Co Bayden Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketini açıqladı. ABŞ müdafiə naziri Lloyd Ostin də bura daxil olan siyahını açıqladı.

Yeni yardım paketinə 18 ədəd 155 millimetrlik haubitsa, 36 min 155 millimetrlik mərmi, haubitsaların daşınması üçün 18 taktiki maşın, HIMARS üçün əlavə mərmilər, avadanlıqların təmiri üçün 4 avtomobil, “Harpoon” raketləri ilə 2 sahil mühafizə sistemi, minlərlə qorunan radio stansiyaları, minlərlə optik cihaz, o cümlədən gecə görmə cihazları.

Almaniya, həmçinin Ukraynaya üç “Mars” MLRS, Slovakiya – Mi-17 helikopterləri, Kanada, Polşa və Hollandiya isə artilleriya verəcəyini vəd edib.

Bu yardımların əməliyyatlar teatrında tərəflərin əməliyyat şəraitinə nə qədər effektli olduğunu önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd