Rusiya-Ukrayna savaşının 117-ci GÜNÜ: Canlı qüvvə tükənib, ümid aviasiyayadır – TƏHLİL

117 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 570 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 335 ədəd, səhra artilleriyası və minaatanlar – 600 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 265 ədəd, HHM sistemi – 127 ədəd, təyyarələr – 215 ədəd, helikopterlər – 179 ədəd, qanadlı raket – 178 ədəd, PUA – 610 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 596 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 670 ədəd, səhra artilleriyası və minaatanlar – 2 018 ədəd, YARS – 544 ədəd, HHM sistemi – 348 ədəd, təyyarələr – 205 ədəd, helikopterlər – 131 ədəd, PUA – 1 239 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz on yeddinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

O bildirib ki, tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:

“117-ci gündə mövqe döyüşləri davam etdi. Tərəflər bir-birinə artilleriya, minaatan və raket zərbələri endirdi.

Rusiya qoşunları Luqansk istiqamətində aktiv hücum döyüşləri aparmağa çalışdı. Ciddi irəliləyişə nail ola bilmədi. İlkin mövqelərində qaldı. Aviasiya və artilleriya zərbələrindən intensiv istifadə etdilər. Xüsusən də Lisiçansk və Rayqorodok istiqamətində. Amma bu da onlara irəliləməyə imkan yaratmadı. Lyman qruplaşması hələ də ilkin hədlərdə dayanıb. Hərəkətlilik müşahidə olunmadı.

Severodonetskdə şiddətli döyüşlər getdi. Burada Rusiya qoşunları cənubdan qismən irəliləyişə nail oldu.

Popasnoe istiqamətində də döyüşlər intensiv davam etdi. Bu istiqamətdə Taşkovka yaşayış məntəqəsi bir neçə dəfə gah bir tərəfin, gah da digər tərəfin nəzarətinə keçdi.

Zaporojye istiqamətində də artilleriya dueli davam etdi. Tərəflər əvvəlki mövqelərində döyüşdülər.

Xerson istiqamətində bu gün Ukrayna həmlə qrupları Rusiya bölmələrini möhkəmləndikləri birinci müdafiə hədlərindən geriyə çəkilməyə məcbur edə bildilər. Şəhər mərkəzinə doğru irəliləməyə çalışırlar. Xersonda yerli əhali partizanlara dəstək olduqları üçün rusların şəhəri müdafiə etməsi çətinləşib.

Odessa istiqamətində ciddi dəyişiklik yoxdur. Qara dəniz akvatoriyasında Ukrayna raket bölmələri “HARPOON” raket komplekslərindən istifadəni intensivləşdirdilər. Bu gün İlan adasındakı bölmələr ciddi atəş altına alındı. Oradakı Rusiya bölmələri ciddi itkilər verdilər.

117-ci gündə döyüşlərin intensivliyi pik həddədir. Əməliyyatlar teatrında Ukraynanın ciddi uğuru müşahidə olunmur. Onlar Rusiyanın hücum qruplaşmalarının hücumlarını dayandırmağa maksimum cəhd etsələr də, bu baş verməyib. Ruslar az-az olsa da, belə hərbi tapşırıqlarını yerinə yetirməyə davam edirlər. Severodonetsk istiqamətində artıq şəhəri tam nəzarətə götürməyə yaxındırlar. Onların apardığı intensiv artilleriya, minaatan və raket zərbələri qarşısında Ukrayna tərəfi ciddi itkilər verməkdədir. Amma itkilərə baxmayaraq, onlar hərbi tapşırıqalrını axıra qədər yerinə yetirməkdə qərarlı görsənirlər. Bu səbəbdən də Rusiya birinci eşalon bölmələri və həmlə qrupları hücumda o qədər də uğurlu ola bilmirlər. Tərəflərin şəxsi heyəti çox yorğundur. Onları əvəz edəcək hazırlıqlı ehtiyat qüvvələr zamanında onları əvəz edə bilmir. Hücum qruplaşmasında döyüşən şəxsi heyət praktiki olaraq sıradan çıxmayana qədər dəyişdirilmirlər. Hər iki tərəfin ciddi ehtiyatlar problemi var. Bu səbəblərdən birinci eşalonda döyüşən diviziya və alay komandirləri hərbi tapşırıqlarını doğru-düzgün yerinə yetirə bilmirlər. Siyasilər isə siyasi-hərbi qərarlarından vaz keçmirlər. Dolayısı ilə hər iki tərəf tükənmişlik hallarını mövqe döyüşləri ilə imitasiya edərək vaxtı uzadırlar. Vaxtın uzanması isə hər iki tərəf üçün nə məğlubiyyət, nə də qalibiyyət deməkdir.

Hərbçilər tükənməyən sərvət deyil. Hər gün tərəflər, ən azı, 100-200 arası itki verir. Bunun üzərinə yaralıları da gəlsək, itkilər daha böyükdür. Yeni gələn əsgərlərin, çağırışçıların müharibəyə atılması isə effektiv deyil. Tərəflər istəsələr də, istəməsələr də, tükənəcəklər. Əslində, hər iki tərəf bu müharibənin uzanması ilə öz genefondlarını da məhv edirlər. Siyasilər bunu da göz önünə almalıdırlar.

Düşünürəm ki, bu mərhələdə əməliyyatlar teatrında hərbçilər bundan artığını etməyə qadir deyillər. Ümidləri aviasiyanın və artilleriya divizionlarının atəş zərbələrinədir. Bu zərbələr isə çox vaxt dəqiq olmur. İtkilər hər gün artan templə gedir. Artıq tərflər 32-35 min üzərində şəxsi heyət itkiləri veriblər. Bu çox ciddi rəqəmdir və yeri asan-asan doldurulmayacaq itkilərdir.

117-ci günə qədərki döyüşlərdə artıq hər iki tərəfin ən yüksək döyüş hazırlığına malik olan bölmələrinin canlı qüvvəsi ya ölüb, ya da yaralı olaraq sıradan çıxıb. Sahədəkilər isə ikinci və üçüncü dərəcəli döyüşçülərdir. Say olsun deyə tez-tələsik itkilərin yerini doldurublar. O da məcburi olaraq. Ona görə də müharibənin gedişində qeyri-adi nəyinsə baş verəcəyini gözləmək sadəlövhlük olardı. Müharibənin 117 gün davam etməsi və tərəflərin hərbi resurslarının 35 faizdən çoxunun sıradan çıxması müharibənin bu və ya digər şərtlərdə dayanmasını zəruri edir. Biz yorulmuş, bitmiş ordulardan bundan artığını gözləməməliyik. Artıq ediləcək nəsə qeyri-adi bir şey varsa, onu siyasi liderlər öz qərarları ilə etməlidirlər. Bunun baş verib-verməyəcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

COP29