Rusiya-Ukrayna savaşının 118-ci GÜNÜ: Dünya güclərinin strateji mövqe müharibəsi başlayır – TƏHLİL

118 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 574 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 338 ədəd, səhra artilleriyası və minaatanlar – 603 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 266 ədəd, HHM sistemi – 127 ədəd, təyyarələr – 215 ədəd, helikopterlər – 179 ədəd, qanadlı raket – 180 ədəd, PUA – 612 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 598 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 673 ədəd, səhra artilleriyası və minaatanlar – 2 019 ədəd, YARS – 545 ədəd, HHM sistemi – 348 ədəd, təyyarələr – 205 ədəd, helikopterlər – 131 ədəd, PUA – 1 240 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz on səkkizinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 118-ci gündə döyüşlər, əsasən, Seveoodonetsk, Lisiçansk, İzyum, Popasnoe, Xerson, Zaporojets yaşayış məntəqələri istiqamətlərində davam edib:

“Yola saldığımız gündə əməliyyat şəraitində ciddi dəyişiklik baş vermədi. 118-ci gündə mövqe döyüşləri davam etdi. Tərəflər bir-birinə artilleriya, minaatan və raket zərbələri ilə itki verdirməyə çalışdı. Luqansk istiqamətində gərgin döyüşlər getdi. Heç bir tərəf irəliləyiş əldə edə bilmədi. Slavyansk istiqamətində Rusiya qoşunları yenidən qruplaşma keçirir. Çox ehtimal ki, Slavyansk-Popasnoe istiqamətində hücumları aktivləşdirəcəklər.

Lisiçansk gün ərzində aviasiya və artilleriya atəşi zərbələri altında qaldı. Severodonetsk istiqamətində də küçə döyüşləri davam etdi. Şəhərin cənub istiqamətindən Rusiya həmlə qrupları qismən irəlilədilər.

Popasnoe cəbhəsində vəziyyət stabil qaldı. Artilleriya batareyalarının dueli davam etdi. Əsasən, əks-batareya döyüşləri həyata keçirildi.

Zaporojye istiqamətində də artilleriya və minaatan bölmələri günü qurtardılar. Xerson istiqamətində Ukrayna bölmələri rusların birinci mövqelərini keçdikdən sonra ikinci mövqeləri qarşısında müdafiə olunmağa məcbur oldular.

Odessa istiqamətində də hərəkətlilik hiss olundu. Odessa şəhəri gün ərzində raket zərbələri ilə intensiv vuruldu.

Xarkov və Nikolayev şəhərləri intensiv reaktiv artilleriya atəşlərinə tutuldu.

Əməliyyatlar teatrında ciddi mövqe dəyişikliyinin baş verməməsi tərəflərin sürünən müharibə vəziyyəti ilə barışmasından xəbər verir.

Sürünən müharibə fonunda hərbi qüvvələri dəstəkləyən siyasi güclər vəziyyəti dəyişə biləcəkmi? Düşünürəm ki, bu günlərdə biz Ukrayna-Rusiya müharibəsi fonunda dünya güclərinin strateji mövqe müharibəsini görürük. Bir tərəfdə özlərini demokratik cəbhədə hiss edən, arxasına Şimali Atlantika Alyansınn real hərbi gücünü alan NATO üzvü ölkələr, digər tərəfdə Rusiya və Belarus siyasi-hərbi ittifaqı. Hər iki tərəf özlərinin dünya siyasi arenasında real gücünü test etməkədirlər. Biz yeni dünya düzənində hansı gücün daha real təsirə malik olduğunu Ukrayna–Rusiya müharibəsinin nəticəsinə görə söyləyə biləcəyik.

Şimali Atlantika Alyansının müharibənin dayanması ilə əlaqədar ortaya qoyduğu “efort” hələ ki effekt vermir. Birbaşa əməliyyatlar teatrında real iştirak etməmələri Kremli bir az da ruhlandırır. Dolayısı ilə Kreml beynəlxalq ictimaiyyətə məsaj verir ki, sizin arxalandığınız NATO budur. NATO isə dünya “hərbi polisi” imicini itirməmək üçün bütün mümkün variantları ilə Ukraynaya dəstək verməyə davam edir. Demək istəyir ki, tərəfdir, lakin müharibə arealında görünməyəcək. Bu variant Rusiyaya sərf edir. Çünki Kreml hərbi beyin mərkəzi yaxşı bilir ki, nə qədər hərbi yardım olsa da, hazırlıqlı şəxsi heyət yoxdursa bu heç bir effekt verməyəcək.

Ukraynanın müttəfiqlərinin maddi və hərbi yardım imkanlarının yüksək olmasına baxmayaraq, bu, əməliyyatlar bölgəsində real gücə çevrilə bilmir. Maharibənin başlaması ilə planlaşdırdıqları Rusiyanı “yumşaq güclə” bitirmək taktikası da özünü doğrultmur. Yumşaq güc dedikdə beynəlxalq iqtisadi sanksiyaları nəzərdə tuturam. Bunu planlayan və həyata keçirən beynəlxalq beyin mərkəzləri Rusiya xalqını düzgün analiz etməyiblər. İndi isə nətcəsinə qatlaşırlar. “Yumşaq güc” hər zaman daxildə bu və ya digər narazılıqlar fonunda “5-ci kolon”un dəstəyi ilə ölkədə hakimiyyət dəyişikliyinə hesablanmış olur. Yəni xalq iqtisadi sanksiyalara dözmür və inqilab edir. Axı tarixdə bunu etməyən ölkələr olaraq kifayət qədər nümunələr var ikən nədən Rusiya xalqının bunu edəcəyini düşünürlər? Beynəlxalq sanksiyalar qarşısında İran, Şimali Koreya, Suriya bunu etdimi? Əlbəttə ki, yox. Demək, bu president onu deməyə əsas verir ki ,bu silahın barıtı su çəkib. Bu, mümkün deyilsə, “yeni taktikalara” ehtiyac var. Yeni yanaşma isə yoxdur. Əksinə, biz Rusiya xalqını müharibə fonunda tarixində olmadığı qədər birləşmiş görürük. Onlar sanksiyaların təsiri altında ibtidai icma qurluşundakı vəziyyətə qayıtmağa məcbur edilsələr belə, Kremlin ambisiyalarının arxasından geri çəkilməyəcəkləri görsənir. Müharibələr başlayarkən xalqların mövqeyi çox önəmli olur. Biz bunu rusların nümunəsində görürük. Şəxsi heyət itkilərinin 30-35 minə çatdığı, bütün taktiki tabor qruplarının 30 faizə yaxınının döyüş qabiliyyətini itirmiş vəziyyətə salındığı halda, xalq Kreml rəhbərliyini dəstəkləməyə davam edir. Dolayısı ilə Rusiya xalqı siyasi hakimiyyətə demək istəyir ki, biz arpa yesək də, cırıq ayaqqabılarda gəzsək də, pampers tapmasaq da, asfaltsız yollarla yürüsək də, buna dözəcəyik. Yetər ki, “Rus dünyası” xarizmasını əzdirməyin.

Müharibə fonunda Litva ilə Rusiya arasında yeni problem ortaya çıxdı. İyun ayının 20-də Litva Kalininqrada gedən dəmiryolu bağladı. Rusiya tərəfi Litvanı açıq şəkildə təhdid etməyə başladı. Litvanın NATO üzvü olması məsələni bir qədər də gərgiləşdirir. Rusiyanın müdaxiləsi, təbii ki, NATO-Rusiya müharibəsinə gətirib çıxara bilər. Kalininqradın Rusiya üçün əsas əhəmiyyətindən biri də o istiqamətdən Ukraynaya gələn silah-sursat yollarına nəzarət və raketlərlə vurmaqdır. Əgər proses dərinləşsə, daha bir münaqişə ocağı görə biləcəyik. Ancaq bunun olması inandırıcı deyil.

118-ci günün nəticəsinə görə görünən odur ki, əməliyyatlar teatrında baş verənlər onu göstərir ki, arxasında NATO-nu güc kimi görən ölkələrin “xarizması” daha çox zədələnir, nəinki Rusiyanın. Kreml rəhbərliyi də bunun fərqindədir. Bu da Kreml rəhbərliyini siyasi məqsədlərinə doğru can atmağa daha da ruhlandırır. Kreml nəyi bilməsə də, Rusiya tarixini və “imperiya ambisiya”larını yaxşı bilir. Onlar görsələr ki, NATO-nun Ukraynaya verdiyi ümidlər “sabun köpüyü”ndən başqa bir şey deyil, başlamışkən bir əsrlik ideyalarını başdan həyata keçirməyə çalışacaqlar. Bunu etməyə onların iqtisadi və hərbi gücünün kifayət edib-etməyəcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd