Rusiya-Ukrayna savaşının 119-cu GÜNÜ: Mövqe döyüşləri davam edir – TƏHLİL

119 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 110 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 543 ədəd, səhra artilleriyası və minaatanlar – 752 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 239 ədəd, HHM sistemi – 99 ədəd, təyyarələr – 216 ədəd, helikopterlər – 182 ədəd, qanadlı raket – 137 ədəd, PUA – 614 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 598 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 673 ədəd, səhra artilleriyası və minaatanlar – 2 019 ədəd, YARS – 545 ədəd, HHM sistemi – 348 ədəd, təyyarələr – 205 ədəd, helikopterlər – 131 ədəd, PUA – 1 240 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz on doqquzuncu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 119-cu gündə döyüşlər, əsasən, Severodonetsk, Lisiçansk, İzyum, Popasnoe, Xerson, Zaporojets yaşayış məntəqələri istiqamətlərində davam edib:

“Əməliyyat şəraitində ciddi dəyişiklik baş vermədi. Bu gündə də, əsasən, mövqe döyüşləri davam etdi. Tərəflər bir-birinə artilleriya, minaatan və raket zərbələri ilə itki verdirməyə çalışdı.

Luqansk vilayətinin İzyum-Slavyanskoe və İzyum-Lyman yaşayış məntəqələri istiqamətində Rusiya hərbi birləşmələrinin yenidən qruplaşması davam etdi. Bu istiqamətdə rusların yeni hücum döyüşlərinin başlanacağı ehtimalı böyükdür.

Hücum öncəsi artilleriya və minaatanlardan atəşlər və raket zərbələri endirilməsi davam edildi.

Lisiçansk istiqamətinə ruslar əvvəlkindən də çox raket-artilleriya bölmələri cəmləşdirdi. Xüsusən də Severodonetsk istiqamətindən bura artilleriya bölmələr yönləndirildi.

Severodonetsk bölgəsində intensiv döyüşlər davam etdi. Şəhərin “promzona” deyilən ərazisinə hələ də Ukrayna bölmələri nəzarət edir. Şəhər mümkün bütün məsafədən vurulan zərbələrlə intensiv atəş altındadır. Metyolkina yaşayış məntəqəsi rusların nəzarətinə keçdi və hücum dayandırıldı. Onlar az-az olsa da, irəliləməyə davam edirlər.

Popsanoe-Lisiçansk istiqamətində hücum cəhdləri aktivləşdi. Taşkovka yaşayış məntəqəsi rusların nəzarəti altına keçdi və onlar Lisiçansk istiqamətinə doğru qismən irəliləyərkən dayandırıldılar. Zolotoe Qorska rayonunda Ukrayna bölmələrinin mühasirəyə düşmə ehtimalı böyükdür.

Popasnoe istiqamətindən Severskistiqamətinə hücuma cəhdlər davam etdi. Bu istiqamətdə də Ukrayna bölmələrinin mühasirəyə alınma planlarının reallaşdığını görürük.

Svetlodarsk istiqamətində də canlanma müşahidə olundu. Buradan rusların Baxmut istiqamətində irəliləyəcəkləri görünür. Buna nail olsalar, Ukrayna bölmələrinin bir hissəsi mühasirəyə düşəcək.

Zaporojye istiqamətində mövqe döyüşləri davam etdi. Orada ciddi dəyişiklik baş vermədi. Amma artilleriya batareyalarının qarşılıqlı atəşləri davam etdi.

Donetsk istiqamətində də ciddi döyüşlər davam etdi. Ukrayna bölmələri artilleriya zərbələri ilə Rusiya arxa bölmələrinin silah anbarlarına zərbələrilə yadda qaldı.

Xerson istiqamətində vəziyyət qismən stabil qaldı. Ukrayna bölmələri bu istiqamətdə rusların üçüncü eşalon bölmələrinin mövqelərinə qədər irəliləyərək möhkəmlənməyə çalışdılar.

Nikolayev istiqaməti raket zərbələri altındadır. Bu gün şəhər istiqamətində yeddi raket atıldı. İlan adası hələ də intensiv raket zərbələri altındadır. Bu gün adada ruların “PANSİR 1S HHM” kompleksi sıradan çıxarıldı. Bu kompleksin qiyməti 15 milyon dollar qiymətləndirilir.

Odessa gün ərzində raket zərbələri ilə vuruldu. Xarkov şəhəri də raket atəşinə məruz qaldı. Hətta metropoliten ərazisi bombalandı. Mülki əhalidən ölənlər və xeyli sayda yaralananlar oldu. Xarkov ərazisində təmas həddində mövqe döyüşləri davam etdi.

Gün ərzində baş verənləri ümumiləşdirsək, görürük ki, əməliyyatlar teatrındakı vəziyyətə hələ ki Rusiya qoşunları nəzarət edir. Bütün istiqamətlərdə onların hücum cəhdləri davam edir. Hücum qruplaşmalarını artilleriya və raket zərbələri ilə uğurlu dəstəkləyir. Bütün istiqamətlərdə hücum qruplaşmaları siyasi-hərbi tapşırıqları yerinə yetirməkdə qərarlı görsənir. Bəzi istiqamətlərdə bu onlarda alınır.

Rusiya hücum qruplaşmalarının hücumlarının hara qədər uğurlu olacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd