Rusiya-Ukrayna savaşının 120-ci GÜNÜ: Siyasət və hərb meydanında fərqlər var – TƏHLİL

120 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 113 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 545 ədəd, səhra artilleriyası və minaatanlar – 756 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 241 ədəd, HHM sistemi – 99 ədəd, təyyarələr – 216 ədəd, helikopterlər – 182 ədəd, qanadlı raket – 139 ədəd, PUA – 617 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 603 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 676 ədəd, səhra artilleriyası və minaatanlar – 2 022 ədəd, YARS – 549 ədəd, HHM sistemi – 353 ədəd, təyyarələr – 207 ədəd, helikopterlər – 131 ədəd, PUA – 1 244 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz iyirminci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 120-ci gündə döyüşlər, əsasən, Severodonetsk, Lisiçansk, İzyum, Popasnoe, Xerson, Zaporojets yaşayış məntəqələri istiqamətlərində davam edib:

“Əməliyyat şəraitində ciddi dəyişiklik baş vermədi. Bu gündə də, əsasən, mövqe döyüşləri davam etdi. Tərəflər bir-birinə artilleriya, minaatan və raket zərbələri ilə itki verdirməyə çalışdı.

Rusiya ordusu Severodonetsk istiqamətində istəyinə nail olmaq üzrədir. Artıq Ukrayna tərəfi də anlayır ki, o istiqaməti qoruya bilməyəcək. Hətta Luqansk qubernatoru Sergey Qayday deyib ki, Ukrayna qüvvələri geri çəkilməli olacaq. Sadəcə orada qalmaq üçün dağıdılmış əraziləri qorumağa çalışmağın mənası yoxdur.

Severodonetsk strateji baxımdan həm Ukrayna üçün, həm də Rusiya üçün çox önəmli yer idi. Təsadüfi deyildi ki, Ukrayna Prezidenti Vladimir Zelenski açıqlamalarının birində “Ukraynanın taleyi Severodonetskdə həll olunacaq” demişdi. Rusiya ordusu şəhəri ələ keçirsə, Luqansk vilayətində Ukraynanın əlində yalnız Lisiçansk şəhəri qalacaq.

Ruslar Lisiçansk şəhərini də ələ keçirmək üçün həmin ərazini raket, artilleriya zərbələri altında saxlayır. Əgər Severodonetsk tamamilə rusların əlinə keçsə, növbəti hədəf məhz Lisiçansk olacaq. Əgər bu baş versə, Rusiyanın Ukrayna ilə bağlı planlarından biri həyata keçmiş olacaq.

Severodonetskdə Rusiya və Ukrayna qüvvələri arasında küçə döyüşləri bir aydan çoxdur davam edir. Ukraynanın şərqində separatçıların yerləşdiyi Donbas bölgəsinə aprel ayında hücuma keçən Rusiya ordusu bir çox bölgəni yavaş-yavaş da olsa, ələ keçirərək irəliləyişini davam etdirir.

Rusiya qurudan davam etdirdiyi əməliyyatlarına dənizdən də dəstək verir. ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya donanmasına Odessa və Oçakiv limanlarında minaların yerləşdirilməsi əmri verilib. Məlumatda o da qeyd olunub ki, Ukrayna taxıl ixracını blokadaya alınması üçün ruslar Dnepr çayını minalayıb. Bu amil onu deməyə əsas verir ki, müharibə bitsə də, fəsadları hələ uzun illər davam edəcək.

Hərb meydanından əlavə, siyasətdə də maraqlı hadisələr yaşandı. Avropa İttifaqı liderlərinin sammitində Ukrayna ilə Moldovaya “Namizəd ölkə” statusu verildi.

Zelenski baş verən hadisəyə belə münasibət bildirib:

“Bu, Ukrayna ilə Avropa İttifaqı arasında münasibətlərdə unikal və tarixi məqamdır. Ukraynanın gələcəyi Avropa İttifaqındadır. Bu, qələbədir. Bu anı 120 gün, 30 il gözlədik”.

Zelenskinin dili ilə desək, masadakı qələbənin hərb meydanında qələbəyə çevrilib-çevrilməyəcəyini önümüzdəki günlərdə görəcəyik”.

Səxavət Məmməd