Rusiya-Ukrayna savaşının 121-ci GÜNÜ: 4 aylıq əməliyyatın puç etdiyi miflər – TƏHLİL

121 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 115 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 547 ədəd, səhra artilleriyası və minaatanlar – 757 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 241 ədəd, HHM sistemi – 99 ədəd, təyyarələr – 216 ədəd, helikopterlər – 182 ədəd, qanadlı raket – 140 ədəd, PUA – 620 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 605 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 680 ədəd, səhra artilleriyası və minaatanlar – 2 024 ədəd, YARS – 549 ədəd, HHM sistemi – 353 ədəd, təyyarələr – 207 ədəd, helikopterlər – 131 ədəd, PUA – 1 247 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz iyirmi birinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 121-ci gündə döyüşlər, əsasən, Severodonetsk, Lisiçansk, İzyum, Popasnoe, Xerson, Zaporojets yaşayış məntəqələri istiqamətlərində davam edib:

“Tərəflərin əməliyyat şəraitində ciddi dəyişiklik baş vermədi.

121-ci gündə də mövqe döyüşləri davam etdi. Tərəflər bir-birinə artilleriya, minaatan və raket zərbələri ilə itki verdirməyə çalışdı.

Bu gün Ukrayna qüvvələri Severodonetski müdafiə etməkdə çətinlik çəkdilər və geri çəkilməyə məcbur oldular. Severodonetskin artıq Rusiya qoşunlarının nəzarətinə keçdiyini deyə bilərik. Bu istiqamətdə birinci eşelon bölmələri hərbi tapşırıqlarını yerinə yetirmiş sayılır. Rusiya qoşunları Luqansk vilayətini tam nəzarətə götürməyə qərarlıdır. Ukrayna qoşunları yeni müdafiə mövqelərinə keçməyə məcbur oldular. Severodonetsk uğrunda gedən döyüşlərdə ruslar çox böyük itkilər verdilər. Bu səbəbdən Ukrayna bölmələri şəhərdən çəkilmiş olsalar belə, şəhər uğrunda döyüşlərini uğurlu saymaq olar. Şəxsi heyətin qorunması baxımından belə taktiki geri çəkilmələrin baş verməsi onlar üçün məqbul sayıla bilər.

İndi bu istiqamətdə rusların əsas hədəfi Lisiçansk olacaq. Lisiçansk-Baxmut istiqamətində onların hücumu dəf edildi. İntensiv döyüləri artıq bu şəhər uğrunda müşahidə edəcəyik.

Svetlodarsk istiqamətində Rusiya qoşunları yenidən qruplaşma keçirir. Bu, Baxmut və Slavensk istiqamətlərində yeni hücum döyüşlərinə hazırlığın göstəricisidir.

İzyum və Lyman rayonlarında Rusiya qoşunlarının yenidən qruplaşması həyata keçirilir və bu bitdikdən sonra Slavyansk istiqamətində hücumları davam edəcək.

Xerson istiqamətində Ukrayna bölmələri az da olsa, irəlilədilər.

Zaporojye istiqamətində tərəflərin mövqelərində ciddi dəyişiklik olmadı.

İlan adasındakı Rusiya bölmələrinə yenə də raket zərbələri endirildi. Qara dəniz flotiliyası onların müdafiəsi üçün əməli tədbir görə bilmir.
Odessa istiqamətində də vəziyyət dəyişmədi.

Rusiyanın “Mərkəz” hərbi qruplaşması Ukrayna qoşunlarının yaxşı hazırlanmış müdafiəsini keçərək Lisiçanskı cənubdan mühasirəyə aldı. Onlar son 5 gündə 11 yaşayış məntəqəsi nəzarətə götürüblər.

Cənub Qoşun Qruplaşması “Qorski qazanı”nda mühasirəyə alınmış Ukrayna qrupunun məğlubiyyətini başa çatdırdı. Qorskoye və Zolote yaşayış məntəqələri nəzarətə götürüldü.

Bu gün Xersonda Ukrayna diversantları tərəfindən vilayətin gənclər və idman idarəsinin rəisi öldürüldü.

Görünən odur ki, Rusiya qoşunlarının nəzarətində olan bölgələrdə hər kəsin təhlükəsizliyi təhlükədədir.

121-ci günün nəticəsinə görə, əməliyyatların gedişatı göstərir ki, Rusiyanın Ukraynaya qarşı müharibədə yeganə üstünlüyü artilleriya və raket bölmələrinin fəaliyyətidir. Böyük şəhərlərin bombalanaraq ələ keçirilməsi taktikası hələ ki özünü doğruldur. Əməliyyatlar teatrında artilleriya bölmələrinin duelində üstün tərəf hələ ki Rusiya bölmələridir.

Bu gün Rusiya Baş Qərargahının 4 günlük planladığı və 24 fevralda başlatdığı “Xüsusi Hərbi Əməliyyat”ın dörd ayını geridə buraxdıq. Bu əməliyyatların planlanması və icraatı tarixdə görünməmiş hərbi planlamadır. Rusiya ordusunun dünyanın ikinci ordusu olması haqda “mif”ini bundan gözəl dağıtmaq mümkün olmazdı. Bu səbəbdən Rusiyanın “yenilməz” ordusu hələ də Ukraynada can çəkişməkdədir.

121-ci günün nəticəsinə görə, itkilərin 35 minin üzərinə çıxması ordunun hansı mövcud vəziyyətdə olmasının birbaşa göstəricisidir. Hələ nəzarətə götürdükləri əraziləri qoruyub saxlaya biləcəkləri də sual altındadır. Dünyanın qorxduğu “böyük rus ordusu” bu olmamalı idi…

Rusiya ordusunun öz imicini bərpa edib-etməyəcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd