!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 122-ci GÜNÜ: Əsas döyüşlər bu istiqamətdə gedəcək - TƏHLİL

!Reklam – Yazi

122 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 117 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 549 ədəd, səhra artilleriyası və minaatanlar – 758 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 242 ədəd, HHM sistemi – 99 ədəd, təyyarələr – 216 ədəd, helikopterlər – 182 ədəd, qanadlı raket – 143 ədəd, PUA – 625 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 608 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 683 ədəd, səhra artilleriyası və minaatanlar – 2 027 ədəd, YARS – 550 ədəd, HHM sistemi – 355 ədəd, təyyarələr – 207 ədəd, helikopterlər – 131 ədəd, PUA – 1 250 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz iyirmi ikinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 122-ci gündə də tərəflərin əməliyyat şəraitində ciddi dəyişiklik baş verməyib:

“122-ci gündə də mövqe döyüşləri davam etdi. Tərəflər bir-birinə artilleriya, minaatan və raket zərbələri ilə itki verdirməyə çalışdı.

Bu gün Kiyev şəhəri Rusiyanın Xəzər dənizindəki hərbi flotiliyasının raket zərbələri ilə vuruldu. Şevçenko rayonunda raket zərbəsinə məruz qalan evdən 25 sakin təxliyyə edilib.

Dünən və bu gün Kiyevə 50-dən çox raket zərbəsi endirilib. Düşünürəm ki, raket hücumu Ukraynanın Avropa seçiminin qisasıdır.

Ukrayna qoşunları Severodonetsk, Qorski və Zolotedən əvvəlcədən hazırlanmış plan üzrə geri çəkildilər. Düşünürəm ki, bu, şəxsi heyətin, silahların və hərbi texnikanın qorunmasına yönəlmiş düzgün qərar idi. Severodonetskin götürülməsi ruslara çox itki hesabına başa gəldi. Ancaq bu, şərq və cənubdakı digər şəhərləri necə müdafiə etmək barədə düşünmək üçün onlara bir fürsət idi. Kreml bacardığı qədər Ukraynada irəliləyəcək. Danışıqlar və sanksiyalar onu dayandıra bilmir. Rusları Ukraynada yalnız silah gücü ilə dayandırmaq və geri çəkilməyə məcbur etmək olar. Bu isə indiki mərhələdə mümkünsüz görünür.

Ukrayna Silahlı Qüvvələri cənubda ruslara 5 hava zərbəsi endirdi. İki sursat anbarı və bir atəş nöqtəsi məhv edildi. Rusiya ordusu iki tank, beş zirehli texnika və 24 əsgər itirdi.

İzyum yaxınlığında rusların Kantemirov diviziyasının 12-ci tank alayı 5 tank itirdi. Bu istiqamətdə ruslar 10 tabor taktiki qrupu həcmində bir qruplaşma yaradır. Çox güman ki, rusların növbəti əsas hücumu bu istiqamət olacaq.

Baxmut-Severodonetsk istiqamətində ruslar döyüşlərə 20 tabor taktiki qrupu cəlb ediblər. Məqsəd burada mühasirəni tamamlamaqdır. Onlar 18 kilometrlik məsafəni irəliləyə bilsələr, mühasirə tamamlanacaq. Burada Ukrayna bölmələrinin bir hissəsi əsir düşə bilər, ya da məhv ediləcək. Severodonetskdən sonra növbəti hədəf Lisiçansk şəhəri olacaq. Əsas döyüşlər bu istiqamətdə gedəcək. Ukrayna qoşunlarının bu istiqamətdəki vəziyyəti asan-asan dəyişməyəcək.

Zaporoje və Odessa istiqamətində əməliyyat şəraitində ciddi dəyişiklik olmadı.
Xersonda qarşılıqlı artilleriya duelləri davam etdi.

Nikolayev ciddi artilleriya atəşi altındadır.

Bu gün Rusiya Federasiyasının Müdafiə naziri Ukraynaya gəldi. Çox güman ki, o, Rusiya qoşun birləşmələrinin siyasi-hərbi tapşırıqlarını yerində dəqiqləşdirəcək. Hərbçiləri mükafatlandıracaq və ruhlandırmağa çalışacaq.

Hərbi komandanların vəzifədən uzaqlaşmdırılması da mümkündür.

Böyük Britaniya, Litva, Kanada və Fransa da daxil olmaqla, müxtəlif NATO ölkələrinin xüsusi təyinatlıları Ukrayna daxilində fəaliyyətini davam etdirir. Onların hamısı əməliyyatlar teatrında ruslara qarşı mübarizə aparır.

Ukrayna Prezidenti Vladimir Zelenski xalqa axşam müraciətində bildirdi ki, ruslar müharibənin beşinci günü ölkənin çox hissəsini ələ keçirməyə hazırlaşırdılar, lakin beşinci aydır yalnız raket zərbələri ilə döyüşməyə məcburdurlar. Bu isə strateji baxımdan Rusiya üçün heç nəyi dəyişmir.

Bu o deməkdir ki, hələ biz uzun sürən müharibə müzakirə edəcəyik.

Almaniyada G7 sammiti başlayır. Sammitdə qlobal iqtisadiyyat, inkişaf etməkdə olan ölkələr üçün tərəfdaşlıq, xarici və təhlükəsizlik siyasəti, davamlı inkişaf, ərzaq təhlükəsizliyi, çoxtərəflilik və rəqəmsal texnologiyaların müzakirəsi üçün yeddi işçi sessiyası nəzərdə tutulub. Onların Ukrayna ətrafındakı vəziyyəti və gələcək yardımı müzakirə edəcəyi gözlənilir.

ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya liderləri indi çətin bir vəzifə ilə üz-üzədirlər, çünki bəzi ölkələr – Fransa, Almaniya və İtaliya müharibəni dayandırmağı təklif edirlər. Yəni Ukrayna ərazilərini güzəştə getmə bahasına olsa da belə. Əsas ziddiyyət də elə burada yaranır. Kreml də bunun fərqindədir və sülhə məcbur etmə taktikasını bu fonda davam etdirəcək.

Tərəflərin hansının sülhə gəlmə yolunda daha praqmatik davranacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

1391
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv