!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 124-cü GÜNÜ: Rəsmi Kiyev əməliyyatlar teatrında ciddi dəyişiklik edə bilmir - TƏHLİL

!Reklam – Yazi

124 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 121 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 555 ədəd, səhra artilleriyası və minaatanlar – 760 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 246 ədəd, HHM sistemi – 101 ədəd, təyyarələr – 216 ədəd, helikopterlər – 182 ədəd, qanadlı raket – 148 ədəd, PUA – 630 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 615 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 690 ədəd, səhra artilleriyası və minaatanlar – 2 030 ədəd, YARS – 552 ədəd, HHM sistemi – 358 ədəd, təyyarələr – 207 ədəd, helikopterlər – 131 ədəd, PUA – 1 255 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz iyirmi dördüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, son iki gündə Rusiya Ukraynanın, demək olar, bütün şəhərlərini raket zərbələri altında saxlayır:

“Rusiya-Ukrayna müharibəsinin 124-cü günü Ukraynanın Kremençuq şəhərinə raket zərbəsi endirilməsilə yadda qaldı. Raket zərbələri nəticəsində Kremençqkda 11 nəfər öldü, 45-dən çox insan yaralandı. Kremençuqdakı “Amstor” ticarət mərkəzi Kurskdan havalanan Tu-22M3 uzaqmənzilli bombardmançı təyyarəsindən atılan X-22 raketi ilə vuruldu. Xarkovda raket atəşi nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Artıq müharibədə keçilməyən heç bir qırmızı xətt qalmayıb.

Lisiçansk istiqaməti cəbhənin ən qızğın döyüşlər davam edən hissəsi olaraq qaldı. Rusiya qoşunları cənub istiqamətindən şəhərə yaxınlaşmaq üçün hücum qruplaşmasını artilleriya və minatan bölmələrinin atəşləri ilə maksimum dəstəkləməyə çalışır. Xüsusən də hərəkət və təminat marşrutları intensiv atəş altına alınır. Lisiçansk-Baxmut avtomobil yolu artıq müdafiə həddinə çevrilib. Cəbhə artıq magistral boyu gedir.

Seversk hələ Ukrayna müdafiə qüvvələrinin nəzarətindədir. Bu istiqamətdə də irəliləmək üçün qarşı tərəf ciddi cəhdlər göstərir.

İzyum istiqamətində Rusiya bölmələrinin yenidən qruplaşması davam edir. Bu istiqamətdə rusların otuz minə yaxın canlı qüvvəsinin cəmləşdiyi ehtimal olunur. Bu otuz tabor taktiki qrupu deməkdir. Öz növbəsində, bu həmin istiqamətdə ciddi döyüşlərin planlaşdırıldığını göstərir. Bəzi məlumatlara görə, mərkəz əməliyyat qoşunları komandanı general Dvornikovu general Jilin əvəzləyib. Bu isə, öz növbəsində, hücum əməliyyatlarının istəndiyi kimi getmədiyindən xəbər verir. Yeni komandandan yeni uğurlar gözləniləcək. O da nəyin bahasına olursa-olsun buna nail olamağa çalışacaq.

Qeyd edim ki, artıq bir neçə gündür ki, “Qəssab” ləqəbli Dvornikovun Putin tərəfindən uzaqlaşdırıldığı deyilir. Buna səbəb kimi hücum tempinin aşağı olması əsas gətirilib. Məlumata görə, Dvornikovla yanaşı, bir neçə general da vəzifəsindən kənarlaşdırılıb.

Ukrayna Silahlı Qüvvələri İlan adasında ruslara hücum edib. 10 ədəd hərbi texnika və “Pantsir-S1” zenit qurğusu sıradan çıxarılıb.

Ukrayna qoşunları rusların Xarkov vilayətinin Dovqalevka və Zaliman rayonlarına hücumunu, həmçinin Berestovye bölgəsində düşmənin kəşfiyyatla hücum cəhdini dəf edib.

Slavyansk istiqamətində ruslar Dolqenkoye qəsəbəsi ərazisindən hücuma keçərək Mazanovkaya nəzarəti ələ keçirməyə çalışdı. Ciddi müqavimət nəticəsində itkilərlə geri çəkildi.

124-cü gündə digər istiqamətlərdə mövqe döyüşləri davam etdi. Tərəflər bir-birinə artilleriya, minaatan və raket zərbələri ilə itki verdirməyə çalışdı.

Xerson və Xarkov istiqamətində, əsasən, artilleriya divizionları və minatan batareyaları döyüşləri davam etdi.

Nikolayev şəhəri də raket zərbələri altındadır. Lvov və Jitomir vilayətləri də artilleriya və raket zərbələri ilə vuruldu.

Gün ərzində əməliyyatlar teatrında Ukrayna şəhərlərinin Rusiya strateji bombardmançılarının raket zərbələrilə vurulması davam etdi.

ABŞ Ukrayna Silahlı Qüvvələrinin heyəti ilə HIMARS üzrə hərbi təlim kursları keçirir. 50-yə yaxın Ukrayna hərbçisi Avropada təlim keçir. Təlim kursu təxminən iki həftə davam edəcək. İki həftədən sonra bu heyətlərin müharibədə iştirakı gözlənilir.

G7 Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi qərara aldı. G7 liderləri Rusiya ixracına rüsumların artırılmasından əldə olunan pulun Ukraynaya köçürülməsi ilə bağlı razılaşıblar. Kanada və Böyük Britaniyanın baş nazirləri Ukrayna üçün yarım milyard funt sterlinq kredit zəmanəti ayırmağa razılaşıblar.

NATO liderləri Madriddə keçiriləcək sammitdə Rusiyanın ən böyük təhlükə olması barədə yeni strateji konsepsiyanı təsdiq edəcəklər.

124-cü günün nəticəsinə görə, görünən odur ki, Ukrayna müdafiə qüvvələri öz gücü ilə əməliyyatlar teatrında ciddi dəyişiklik edə bilmir. NATO-nun hərbi dəstəyi də hələ vəziyyətə ciddi təsir göstərə bilmir.

Belarusa cəbhəsindən də əməliyyatların aktivləşəcəyi ehtimalı artmaqdadır.

Bu vəziyyətdə tərəflərin hansının siyasi-hərbi hədəflərini yerinə yetirmədə daha uğurlu olacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv