126 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 5 125 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 560 ədəd, səhra artilleriyası və minaatanlar – 763 ədəd, YARS (yaylım atəşli reaktiv sistemi) – 248 ədəd, HHM sistemi – 102 ədəd, təyyarələr – 216 ədəd, helikopterlər – 182 ədəd, qanadlı raket – 150 ədəd, PUA – 635 ədəd, gəmi-kater – 14 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 3 619 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 695 ədəd, səhra artilleriyası və minaatanlar – 2 035 ədəd, YARS – 553 ədəd, HHM sistemi – 360 ədəd, təyyarələr – 207 ədəd, helikopterlər – 131 ədəd, PUA – 1 256 ədəd.
Ukrayna-Rusiya müharibəsinin yüz iyirmi altıncı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, gün ərzində tərəflərin raket-artilleriya dueli davam edib:
“Əməliyyat şəraitində ciddi dəyişiklik baş vermədi. Döyüşlər, əsasən, mövqe döyüşləri ilə davam etdi.
Rusiya qoşunları bütün istiqamətlərdə hücum cəhdlərini davam etdirdi. Hücum cəhdləri öncəsi artilleriya bölmələri bu hücumları dəstəkləməyə davam etdi. Əməliyyatlar teatrı raket, artilleriya, minaatan bölmələrinin qarşılıqlı döyüşünə dönüb. Tərəflər, əsasən, uzaqdan zərbə endirmə taktikasına keçiblər. Məsafədən müharibə şəxsi heyətin qorunmasına hesablanıb. Keçici olaraq bu taktika özünü doğruldur. Amma həmlə qruplarının irəliləməsi olmadan hərbi tapşırıqların yerinə yetirilməsi mümkün deyil. Birinci eşalon bölmələri isə irəliləməkdə çətinlik çəkir.
Rusiya-Ukrayna müharibəsinin 126-cı günündə də Rusiya qoşunları raket zərbələrinin endirilməsinə davam etdi. Bu gün raket intensivliyi nisbətən zəif idi. Dörd raket Dnepr ərazisinə düşdü. Ölən və yaralananlar var.
Sumsk-Çerniqov istiqamətində ruslar qruplaşmaya cəlb olunan bölmələrin sayını artırdılar. Bu istiqamətə əlavə olaraq üç tabor taktiki qüvvəsi cəlb edildi.
Xarkov şəhəri raket zərbələri altındadır. Xarkov “KA-52″ döyüş helikopterlərindən atılan raketlərlə vuruldu.
Slavyansk istiqaməti ağır olaraq qaldı. Bu istiqamətdə ciddi döyüşlər davam etdi. Vəziyyət hər iki tərəf üçün gərgin olaraq qaldı. Rayqorodok istiqamətindəki hücumlar dayandırıldı və ruslar əvvəlki mövqelərinə çəkildilər.
Krematorsk istiqamətində vəziyyət ciddi dəyişmədi. Tərəflər əvvəlki vəziyyətindədir.
Lisiçansk şəhəri və Lisiçansk-Baxmut yolu Rusiya qoşunlarının nəzarətinə keçdi. Bu yolboyu tərəflərin təmas xətti keçir. Ruslar bu yolu keçərək Severskə irəliləmək istəyirlər. Baxmut istiqamətinə Popasnoe istiqamətindən rusların hücum cəhdləri davam etdi.
Odessa cəbhəsində də artilleriya dueli davam etdi.
Zaporojye və Krivoy Roq istiqamətində ciddi irəliləyiş baş vermədi. Raket və artilleriya bölmələri döyüşdülər.
126-cı günün nəticəsinə görə, əməliyyatlar teatrında ciddi mövqe dəyişikliyinin baş verdiyini müşahidə etmədik. Düşünürəm ki, Rusiyanın hücum qruplaşmasındakı bölmələr döyüş qabiliyyətini qismən itirmiş vəziyyətdədir. Ciddi şəxsi heyət çatışmazlığı və döyüş təcrübəsi olan bölmələrə ehtiyacı var. Bu isə onlarda yoxdur.
Yeni qüvvə yoxdursa, onlar tapşırıqların yerinə yetirilməsinə davam etdiklərilə bağlı imitasiyaya yol verəcəklər. İrəliləmləri isə çox çətin olacaq. Bu səbəbdən ümid qalıb raket-artilleriya bölmələrinə. Raket və artilleriya zərbələri isə o qədər də dəqiq və effektli olmur. Hərbi aviasiyanın uçuşlarından isə ehtiyatla istifadə edirlər. Rusiyanın döyüş təyyarələri və helikopterləri Ukrayna HHM bölmələri üçün asan hədəfə çevrilir.
Nəticə etibarı ilə siyasi əmrlər qüvvədədir, hərbi kontingent isə onları istəndiyi kimi yerinə yetirə bilmir.
Bu gün tərəflər 144 nəfər əsirin mübadiləsini həyata keçirdi. Onların arasında “Azovstal” müdafiəçiləri də var. Bu həcmdə əsir mübadiləsi tərəflərin qarşılıqlı əlaqələrinin tam kəsilməməsindən xəbər verir. Bu isə tərəflər üçün ümidverici haldır.
Bu gün NATO toplantısı baş tutdu. Toplantı Türkiyənin İsveç və Finlandiyanın qarşısında qoyduğu tələblərin onlar tərəfindən qəbul edilməsi ilə yadda qaldı. Bu da, öz növbəsində, strateji müttəfiqimizin yeni dünya düzənində nə qədər təsirli söz sahibi olmasından xəbər verir. Bu həm də o anlama gəlir ki, Qafqazda Rusiya da Türkiyə ilə hesablaşmalı olacaq. NATO-ya daxil olan ölkələrin başçıları toplantıda Rusiyanı bir nömrəli təhlükə olaraq müəyyən etdi. Bu o deməkdir ki, onlar strateji-hərbi doktrinalarına ciddi korrektələr edəcək. Dolayısı ilə Ukraynaya siyasi-hərbi dəstəyə artıracaqları halda, Rusiyaya qarşı isə əksinə, sanksiyaları daha da kəskinləşdirəcəklər. Uzun vədəli proqnozda bu doktrina özünü doğrulda bilər. Əgər Ukrayna bu itkilər qarşısında duruş gətirə bilsə…
Onlar NATO-nun çevik əməliyyat qüvvələrini Avropada 40 mindən 300 minə çıxarma qərarı aldılar. Bu isə ciddi güc balansının dəyişməsi deməkdir. Bu, qüvvələr nisbətini NATO lehinə ciddi dəyişəcək. Dolayısı ilə onlar Rusiyaya ciddi mesaj verdilər ki, hələ uzun zaman bizi qarşınızda görəcəksiniz. Rusiyanın buna qarşı qoya biləcək tək gücü nüvə silahıdır.
G7 zirvəsində liderlərin Putini məxsərəyə qoyması, NATO-nun Avropada güc balansını ciddi dəyişməsi fonunda Kremlin hansı addımları atacağını önümüzdəki günlərdə görəcəyik…”.
Səxavət Məmməd