!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 131-ci GÜNÜ: Müharibənin taleyini böyük şəhərlər uğrunda gedən döyüşlər həll edəcək - TƏHLİL

!Reklam – Yazi

131 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 323 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 625 ədəd, səhra artilleriyası və minaatanlar – 805 ədəd, YARS (yaylım atəşli reaktiv sistemi) – 248 ədəd, HHM sistemi – 106 ədəd, təyyarələr – 217 ədəd, helikopterlər – 187 ədəd, qanadlı raket – 150 ədəd, PUA – 654 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 870 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 930 ədəd, səhra artilleriyası və minaatanlar – 3 067 ədəd, YARS – 555 ədəd, HHM sistemi – 366 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 134 ədəd, PUA – 1 412 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz otuz birinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 131-ci gündə də əməliyyatlar teatrında döyüşlər eyni templə davam edib:

“Əməliyyat şəraitində dəyişiklik Lisiçansk şəhərinin Rusiya bölmələrinin nəzarətinə keçməsi ilə yadda qaldı. Rusiya bölmələri üçün Lisiçanskın nəzarətə götürülməsi bu istiqamətdə rusların əsas hərbi hədəflərindən birinin yerinə yetirilməsi deməkdir. Lisiçanskın tutulması o deməkdir ki, Rusiya mahiyyətcə bütün Luqansk bölgəsini ələ keçirdi. Bu isə, öz növbəsində, Kremlin Ukraynaya müdaxiləsinin əsas strateji məqsədlərindən biri idi. Bundan sonra onlar daha da ruhlanacaq.

Bu, Rusiya komandanları üçün üçün strateji uğur sayılır. Məhz bu səbəbdən də Rusiya Prezidenti Vladimir Putin şəxsi heyəti təbrik etdi.

Ukrayna tərəfi bu geri çəkilməni taktiki olaraq planlı sayır. Şəxsi heyətin qorunması baxımından onlar şəhəri təhvil vermələrini “uğurlu hərbi əməliyyat” sayırlar.

Buna baxmayaraq, rusların Ukraynanın Severodonetsk və Lisiçansk şəhərlərini 6 həftə ərzində nəzarətə götürdüklərini nəzərə alsaq, müharibənin nə qədər davam edəcəyini təxmin etmək çətin deyil.

Döyüşlərin intensivliyi əvvəlki günlərdəki kimi davam etdi. Gün ərzində, əsasən, tərəflərin mövqe döyüşləri və raket-artilleriya dueli davam etdi.

Gün ərzində Sumı vilayətinin Vasilevsk, Bilopilla, Baçivsk və Vovkivka yaşayış məntəqələrindəki Ukrayna müdafiə qüvvələrinin mövqeləri Rusiya ordu aviasiyasının helikopterlərindən və artilleriya vasitələrindən atəşə tutuldu.

Bu ərazilərə sutka ərzində 230-a yaxın mərmi və raket düşdü.

Volın, Polınsk, Seversk istiqamətlərində döyüşən bölmələrin taktiki vəziyyətində ciddi dəyişiklik olmadı.

Xarkov istiqamətində Rusiya qoşunları ordu aviasiyasının dəstəyi ilə Ukrayna bölmələrinin hücuma keçməsinin qarşısını almağa cəhd etdi.

Prudanka yaşayış məntəqəsi istiqamətində Ukrayna hərbçiləri rusların hücum cəhdini dəf etdilər.

Rusiya bölmələri radioelektron mübarizə vasitələri ilə total olaraq Ukrayna qoşunlarının rabitə vasitələrini susdurmaq və rabitə əlaqəsini pozmaq üçün fəal radiomaneə rejimi tətbiq etdi.

Slavyansk istiqamətində rusların hücum bölmələri Virgin, Mazanivka və Vadi yaşayış məntəqələrinə nəzarətə götürməyə çalışır. Şiddətli döyüşlər davam edir.

Rusiya qoşunları hücumlarını davam etdirmək üçün bölmələrdə yenidən qruplaşdırma keçirir. Bu məqsədlə İzyum-Snejnıy qəsəbəsi istiqamətində hücum qruplaşması əlavə üç batalyon taktiki qrupu ilə gücləndirilib. Bu istiqamətdə əlavə artilleriya batareyaları yerləşdirilib.

Donetsk istiqamətində rusların əsas səyləri Seversk-Fedorovka-Baxmut yaşayış məntəqələri kənarında Ukrayna müdafiə qüvvələrinin mərhələli şəkildə sıxışdırılmasına yönəldilib.

Kramatorsk istiqamətində artilleriya atəşləri ilə dəstəklənən Rusiya bölmələri Severodonetsk çayını keçərək Beloqorovka yaşayış məntəqəsi istiqamətində cəmləşdi.

Baxmut yaşayış məntəqəsi istiqamətində ruslar təmas xətti boyunca qarşı tərəfin mövqelərini raket-artilleriya zərbələri ilə atəşə tutmasını aktivləşdirib.

Ruslar artilleriyanın dəstəyi ilə Vasilevsk, Berestov, Spirne, Klinov və Mayorsk ərazilərində hücum cəhdləri həyata keçirir. Hələ ciddi müqavimət qarşısında irəliləyə bilmirlər.

Düşünürəm ki, önümüzdəki günlərdə müharibənin taleyini böyük şəhərlər uğrunda gedən döyüşlər həll edəcək. Amma şəhərləri nəzarətə götürmək ciddi şəxsi heyət itkisinə başa gələcək. Bu baş verməsin deyə tərəflər uzaq məsafədən atəş açan artilleriya vasitələri və raketlərdən daha çox istifadə edəcək. Bu isə çox vaxt hərbi hədəfləri dəqiq sıradan çıxarmağa nail omaqda çətinlik yaradır.

Bu gün Rusiya ordusunun döyüşən bölmələrinin birində qeyri-adi hal yaşanıb. Döyüşdən qaçmaq istəyən tabor komandirlərindən biri tabeliyində olanlar tərəfindən əsir götürülüb. Döyüşdən yayınmaq halları rus ordusunda kütləvi hala çevrilməkdədir. Bu, Rusiya hərbçilərində qələbəyə ümidsizliyin təzahürüdür.

Müharibənin sürünən fazaya keçməsi bütün bölmələrin mənəvi-psixoloji vəziyyətinə ciddi təsir göstərir. Birinci eşalon bölmələri praktiki olaraq rotasiya oluna bilmir. Ehtiyat hazırlıqlı qüvvələrin olmaması birinci eşalon bölmələrini məhv olana qədər döyüşməyə vadar edir. Şəxsi heyət də bunun fərqindədir. Komandirlərin isə yalnız bir seçimi var: Ölənə qədər vuruşmaq. Onlar hərbi tapşırıqların tezliklə bitməyəcəyini bilirlər. Rusiya birinci eşalon bölmələrinin komandirləri siyasi hədəflərə inanmış görünmürlər. Onlar bilirlər ki, uzun vədəli sürünən müharibədə sağ qalmaları mümkünsüzdür. Bu səbəbdən “qaçmaq və ölmək” arasından birincini seçirlər.

Müharibə davam edən zaman artıq “alver” də başlayıb. Belə ki, Ukraynanın cənub-şərqindəki Zaporojye bölgəsinə qismən nəzarət edən Rusiya bu bölgədən daha çox Yaxın Şərqə taxıl ixrac etmək üçün anlaşma memorandumu imzalayıb.

Müharibənin bu templə davamında tərəflərin hansının daha uğurlu olacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

595
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv