Rusiya-Ukrayna savaşının 132-ci GÜNÜ: Taktiki vəziyyəti raket-artilleriya bölmələri müəyyən edir – TƏHLİL

132 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 325 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 627 ədəd, səhra artilleriyası və minaatanlar – 806 ədəd, YARS (yaylım atəşli reaktiv sistemi) – 249 ədəd, HHM sistemi – 107 ədəd, təyyarələr – 217 ədəd, helikopterlər – 187 ədəd, qanadlı raket – 155 ədəd, PUA – 654 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 875 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 933 ədəd, səhra artilleriyası və minaatanlar – 3 069 ədəd, YARS – 557 ədəd, HHM sistemi – 367 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 134 ədəd, PUA – 1 412 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz otuz ikinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, gün ərzində, əsasən, tərəflərin mövqe döyüşləri və raket-artilleriya dueli davam edib:

“Gün ərzində əməliyyat şəraitində ciddi dəyişiklik baş vermədi. Tərəflər arasında döyüşlərin intensivliyi əvvəlki günlərdəki kimi davam etdi.

132-ci gündə də əməliyyatlar teatrında döyüşlər eyni templə davam etdi.

Sumsk və Çerniqov istiqamətində minaatan və artilleriya batareyaları aktiv döyüş apardı. Ruslar bu istiqamətdə əməliyyatlara Mİ-24 atəş dəstək helikopterlərini də cəlb etdi.

Xarkov istiqamətindəki mövqelər artilleriya atəşləri ilə vuruldu. Mövqe döyüşləri intensiv davam etdi.

Slavyansk istiqamətində Rusiya həmlə qrupları irəliləməyə cəhd etdilər. Slavyansk intensiv artilleriya və raket zərbələri altında oldu.

Seversk-Baxmut həddi Ukrayna qoşunlarının yeni müdafiə həddi oldu. Burada yeni mövqelər hazırlanır. Baxmut istiqamətində Rusiya birinci eşalon bölmələri həmlə cəhdləri etsələr də, hücumları uğurlu alınmadı. Əvvəlki mövqelərinə geri çəkildilər.

Avdeyevka aviasiya-raket zərbələri ilə vuruldu. Bu istiqamətdə də rusların hücumları uğursuz oldu.

Zaporojye istiqamətində əsas döyüşlər Poloqi yaşayış məntəqəsi ərazisində getdi. Şiddətli döyüşlər gün boyu davam etdi.

Rusların Melitopoldakı maddi texniki anbarlarının partlayışı nəticəsində 200 nəfər şəxsi heyətinin öldüyü, 300 nəfər şəxsi heyətin yaralandığı xəbərləri yayıldı.

Buradakı anbarlarda Ukraynanın raket zərbələri nəticəsində güclü partlayış və yanğın baş vermişdi. Yanğın hələ də davam edir.

Krivoy Roq istiqamətində də mövqe döyüşləri davam etdi.

Xerson istiqamətində də mövqe döyüşləri və artilleriya dueli davam etdi. Bu istiqamətdə tərəflər müdafiə mövqelərinə aviasiya-raket zərbələrini intensivləşdirmişdi.

Nikolayev şəhəri artilleriya və raketlərlə fasiləsiz bombalandı.

Dnepropetrovsk vilayətində raket-artilleriya atəşləri ilə taxıl sahələri yandırıldı.

Yanğınların əməliyyatların planlı hissəsi olduğu görünür. Taxıl qıtlığının yaranması qida təhlükəsizliyinə birbaşa təsir edən faktordur. Avropada ərzaqların qiymətlərinin qalxmasına da birbaşa təsiri hiss olunmaqdadır. Görünən odur ki, ruslar üçün qarşı tərəfi və müttəfiqlərini zəiflədən bütün “metodlar” müharibədə məqbul sayılır. Müharibə zonasına daxil olan ərazilərdə taxıl sahələrindəki yanğınların söndürülməsi praktiki mümkün deyil və yanğınlar artaraq gedəcək.

Gün ərzində əməliyyatlar teatrında vəziyyət belə idi. Rusiya qoşunları hücum etməyə, Ukrayna qoşunları isə bütün cəbhə boyu müdafiə olunmağa çalışdılar. Müharibədə tərəflərin taktiki vəziyyətini raket-artilleriya bölmələri müəyyən edir. Hələ ki raket-artilleriya duelində nisbi üstünlük Rusiya bölmələrindədir.

Rusiya qoşunlarının Ukrayna şəhərlərini yerlə bir edərək irəliləmə taktikası hələ ki özünü doğruldur. Lisiçansk bunun bariz nümunəsi idi.

Rusiya ordusu üç komandanlıq altında döyüşür. Şimal Ordu Qrupu, Mərkəz Ordu Qrupu və Cənub Ordu Qrupu komandanları hərəsi öz istiqamətində əsas və digər zərbə istiqamətləri olaraq əməliyatları planlaşdırır və idarə edir. Lisiçansk Mərkəz Ordu Qrupu Komandanlığının əməliyyat cavabdehliyi bölgəsi idi. Bu istiqamətdə komandan təzə təyin edilmişdi və uğurlu Lisiçansk əməliyyatına görə “Rusiya Qəhrəmanı” qızıl ulduzu ilə təltif olundu.

Düşünürəm ki, önümüzdəki günlərdə əsas döyüşlər Donbasın qalan hissəsi uğrunda gedəcək. Rusiyanın Mərkəz Ordu Qrupunun əsas operativ hədəfləri Slavyansk və Kramatorsk şəhərləri olacaq. Rusların hər bir şəhəri 5-6 həftə ərzində nəzarətə götürdüklərini nəzəra alsaq, bunun nə zaman baş verəcəyini təxmin etmək çətin deyil.

Təxminlərimizin nə qədər doğru olduğunu önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd