Rusiya-Ukrayna savaşının 138-ci GÜNÜ: Bu yaşayış məntəqələri də işğal təhlükəsilə üz-üzədir – TƏHLİL

138 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 339 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 647 ədəd, səhra artilleriyası və minaatanlar – 816 ədəd, YARS (yaylım atəşli reaktiv sistemi) – 250 ədəd, HHM sistemi – 108 ədəd, təyyarələr – 217 ədəd, helikopterlər – 187 ədəd, qanadlı raket – 170 ədəd, PUA – 660 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 889 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 952 ədəd, səhra artilleriyası və minaatanlar – 817 ədəd, YARS – 561 ədəd, HHM sistemi – 370 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 134 ədəd, PUA – 1 416 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz otuz səkkizinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, gün ərzində hər iki tərəf də hücum və əks-hücumlarını davam etdirib:

“Gün ərzində, əsasən, tərəflərin mövqe döyüşləri və raket-artilleriya dueli davam etdi.

Əsas döyüşlər Xerson istiqamətində gedir. Ukraynalılar Xersonu işğaldan azad etmək üçün qərarlı görünürlər. Ukrayna tərəfi üç istiqamətdən Xerson vilayət mərkəzinə doğru irəliləməklə yanaşı, paralel olaraq mərkəz ətrafı yaşayış məntəqələrinin də azad edilməsi üçün irimiqyaslı döyüş əməliyyatlarını davam etdirir. Xerson şəhərinin mərkəzində küçə döyüşlərinin getdiyi deyilir.

Gün ərzində Ukrayna aviasiyası Xersonda ruslara aid silah-sursat anbarını vurub. Məlumata görə, 100-dən çox rus hərbçisi ölüb, 200-dən çox hərbçi isə ağır yaralanıb.

Ukrayna ordusu Donetsk vilayətinin rus işğalı altındakı yaşayış məntəqələrinin azad edilməsi əməliyyatına başlayıb.

Əməliyyata Ukrayna ordusunun aviasiya, PUA sistemləri, artilleriya, quru qoşunları ilə yanaşı, mexanikləşdirilmiş desant alayları, Azov batalyonları, NATO ölkələrində təlimlərdən qayıtmış yeni xüsusi təyinatlı qoşun növləri cəlb edilib.

Ukrayna tərəfinin işağal altındakı cənub torpaqlarını geri qaytarmaq istəməsini ölkənin müdafiə naziri də dilə gətirib. Müdafiə naziri Aleksey Reznikov: “Biz NATO-nun silah dəstəyi və təxminən bir milyonluq hərbi qüvvə ilə ölkənin cənubunu geri almağı hədəfləyirik”, – deyib.

Təbii ki, əməliyyata bir milyon hərbçi cəlb etmək mümkün deyil. Hesab edirəm ki, nazirin bu açıqlaması bir növ rusların gözünü qorxutmaq üçündür. Çünki müharibə bir istiqamətdə getmir. Müharibənin arealı çox genişdir. Buna görə də həmin bir milyon hərbçi müxtəlif istiqamətlərə paylanacaq. Dövlətlər, adətən, bu cür rəqəmləri qarşı tərəfin gözünü qorxutmaq üçün verirlər.

Məsələ ondadır ki, Ukrayna ordusu cənub istiqamətində irəlilədiyi bir zamanda Rusiya ordusu da Ukraynanın şərqində uğurlu əməliyyatlar həyata keçirirlər. Onlar daha bir neçə yaşayış məntəqisini işğal edə biliblər.

Müharibə başlayandan uzun zaman sonra Rusiya dövlət televiziyası yenidən nüvə silahını gündəmə gətirib. Maraqlıdır ki, ABŞ TV kanalları rusların nüvə təhdidindən sonra insanlara əgər elə bir hadisə baş verərsə, necə davranmaq lazım olduğunu açıqlayan videolar yayımlayıb. Hesab edirəm ki, Rusiya vəziyyəti dəyişə bilməsə, buna da gedə bilər. Artıq bəzi ölkələr rusların çarəsizliyini görməkdədir.

Digər tərəfdən, rəsmi Moskva bütün Ukrayna vətəndaşları üçün “Rusiya vətəndaşlığına asan keçid”ə başlayıb. Rusiya Prezidenti Vladimir Putinin dünən imzaladığı fərmanla Ukraynanın separatçı Donbas bölgəsi, Xerson və Zaporojyedən sonra bütün bölgələrinin sakinləri asanlıqla Rusiya vətəndaşlığı üçün müraciət etmək hüququ qazanacaqlar. Kiyev administrasiyası bu qərarı “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə növbəti hücum” kimi qiymətləndirərək qərarın beynəlxalq hüququ pozduğunu bildirib.

Əslində, bu müharibədə baş verənlərlə beynəlxalq hüquq, münasibətlər və öhdəliklər tamamilə sıradan çıxıb.

Cənubda Ukraynanın hücumu, şərqdə rusların hücumu, tərəflərin müxtəlif istiqamətlərdəki irəliləməsi sonda hansı nəticə verəcək, bunu yaxın zamanda görəcəyik…”.

Səxavət Məmməd

COP29