Rusiya-Ukrayna savaşının 15-ci GÜNÜ: Mariupol şəhərinin müdafiəçiləri ölüm-dirim savaşı verib – TƏHLİL

On beş gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Şəxsi heyət – 12 700 min nəfərdən çox, tanklar – 340 ədəd, ZTR-lər – 1 100 ədəd, artilleriya sistemləri – 135 ədəd, hava hücumundan müdafiə sistemləri – 40 ədəd, təyyarələr – 49 ədəd, helikopterlər -74 ədəd, avtomobil texnikası – 700 ədəd, PUA-lar – 7, yüngül sürətli qayıqlar – 4 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Şəxsi heyət – 10 500 nəfərdən çox hərbçi, 400 nəfərdən çox mülki şəxs, tanklar – 840 ədəd, ZTR-lər – 850 ədəd, artilleriya sistemləri – 320 ədəd, hava hücumundan müdafiə sistemləri – 64 ədəd, təyyarələr – 64 ədəd, helikopterlər – 19 ədəd, avtomobil texnikası – 700 ədəd, xüsusi təyinatlı hərbi texnika – 585 ədəd, PUA-lar – 11 ədəd, hərbi obyekt – 2 460 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 95 ədəd, S-300 və OSA zenit-raket kompleksi – 120 ədəd;

Ukrayna-Rusiya müharibəsinin on beşinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, müharibənin 15-ci günündə siyasətdə və əməliyyatlar bölgəsində bir sıra mühüm hadisələr yaşandı:

“Putin hökumət üzvləri ilə iclas keçirdi, hər şeyin planlandığı kimi gedəcəyini və nəticələrə hazır olmaları barədə kabinet üzvlərinə göstəriş verdi.

Zelenski xalqa müraciət etdi və sona qədər döyüşəcəklərini bildirdi.

Ukrayna və Rusiya xarici işlər nazirləri Antalyada görüşdülər. Görüşdən heç bir tərəf üçün ümidverici bir nəticə çıxmadı.

ABŞ Konqresi Ukraynaya əlavə 14 milyard dollar yardım ayrılmasını təsdiqlədi.

Ukrayna Prezidenti müstəsna hallarda vətəndaşlara silahdan istifadəyə icazə verən qanunu təsdiq etdi.

Qaçqınların sayı iki milyonu keçdi.

Kiyevin Brovarı şəhəri yaxınlığında bu gecə “Azov” alayı rus ordusuna cəhənnəm yaşadıb. Orada gedən döyüşlərdə 90-cı tank diviziyasının 6-cı alayının bütün texnikası məhv edilib və alay komandiri polkovnik Andrey Zaxarov da daxil bir çox hərbçi öldürülüb.

Ukrayna ordusu Xarkov vilayətinin Dereqaçi şəhərini ruslardan azad edib. Krivoy Roq istiqamətində irəliləmək istəyən iki rus hərbi karvanına aviazərbələr endirilib.

Boridyanka tərəfdə də ruslar böyük itkilər verib. Dnepr vilayətindən keçmək istəyən iki tabordan ibarət rus hərbi karvanı, vilayətin girəcəyində Ukrayna hərbi təyyarəsinin dəqiq atəşi ilə darmadağın edilib. Həmçinin gecə mühasirədə olan Mariupol şəhərinin müdafiəçiləri ölüm-dirim savaşı verib.

Ukraynalı hərbçilər rusiyalıların “İsgəndər-M” operativ-taktiki raket kompleksləri divizionunu məhv etdilər. Ukrayna Silahlı Qüvvələri rusları Derqaçidən çıxarıb və əraziyə tam nəzarət edir. Orada uzun müddətdir ki, aktiv döyüşlər gedir. Ruslar şəhəri mühasirəyə almağa çalışır.

Rusiyanın yerli “Sparta” qruplaşması Volnovaxa istiqamətində darmadağın edilib, komandirləri öldürülüb.

Ukrayna partizan müharibəsinin pik həddinə çatıb.

Lakin bunlara baxmayaraq, Atom Elektrik stansiyalarının təhlükəsizliyi ilə bağlı Ukraynanın qayğıları artır.

Ruslar artıq taktiki səviyyədə əməliyyatları yeni mərhələyə keçirib. Uzaqdan məhv etmə taktikasını həyata keçirirlər: Ukraynalı canlı qüvvəni – istər hərbi, istər mülki – sıfırlama və sonra irəliləmə. Bu səbəbdən Rusiya böyük şəhərlərdə “total bombalama” taktikasını həyata keçirməyə öncəlik verəcək. Yəni “yanmış şəhərlər” taktikasına keçəcək. Şəhərlər mühasirəyə alınır və uzaqdan raket-artilleriya silahlarının atəşinə məruz qoyulur. Bu taktika ilə ruslar Mariupolda Ukrayna ordusuna cəhhənnəm yaşadır. Ukrayna ordusu buna nə qədər tab gətirəcək, önümüzdəki günlərdə bunu görəcəyik.

Bəzi rus ordu qərargahları sahədəki bölmələrlə rabitə əlaqəsini itiriblər. Ordular hücumda qruplaşmaları idarə etməkdə çətinlik çəkirlər.

Xarkovun küçələrində rus qoşunları görünüb. Kalonların sıradan çıxarılması ilə rus ordularının hücum tempi zəifləyir. Bölmələrin təminatı çətinləşib. Sahədə hərbçilər bundan istifadə edib təslim olurlar. Təminat yoxdursa, uğur da yoxdur.

Rusiya nəyin bahasına olursa-olsun Kiyevi ələ keçirməyə çalışır.

Bu da böyük itkilərə və səhvlərə gətirir.

Rusların Kiyev və Xarkovu ələ keçirmədən irəliləməsi və siyasi hədəfə çatması çox çətin olacaq.

Orduların şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətini müqayisə etsək, üstünlüyün Ukraynada olduğunu görürük.

Putin Ukraynadakı bütün quru qoşunlarının 90 faizini əməliyyatlara daxil edib. Ukrayna tərəfindən bunların üçdə biri sıradan çıxarılıb. Müharibənin Ukraynanın lehinə çevrilməsi üçün bu qruplaşmanın üçdə ikisi sıradan çıxarılmalıdır.

Nəticə etibarı ilə Rusiyanın Baş Qərargahının strateji səviyyədəki planlarındakı səhvləri taktiki səviyyədə sahədə döyüşənlər heç cür düzəldə bilmir.

FTX əməliyyatların planlandığı kimi getmədiyini Putinin nəzərinə çatdırıb və onun önümüzdəki günlərdə necə qərar verəcəyini heç kim proqnozlaşdıra bilmir.

Bu səbəbdən Ukrayna mənbələrinə görə, qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyən strateji vəzifələr tutan 8 general istefaya göndərilib.

Nəzərə alsaq ki, əməliyyat 15-ci gün bitməli idi və bu baş vermədi. Rusiya siyasi rəhbərliyi çox aqressivdir, Putinin önümüzdəki günlərdə necə qərar verəcəyini heç kim proqnozlaşdıra bilmir”.

Səxavət Məmməd

COP29