!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 154-cü GÜNÜ: Kremlin qoşunları ciddi təminat problemləri yaşayır - TƏHLİL

!Reklam – Yazi

Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi hərbi təcavüzün geridə qalan 154 günü ərzində tərəflərin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 705 ədəd, hərbi avtomobil texnikası – 2 842 ədəd, səhra artilleriyası və minaatanlar – 883 ədəd, YARS (reaktiv yaylım atəşi sistemi) – 261 ədəd, HHM sistemi – 118 ədəd, təyyarələr – 222 ədəd, helikopterlər – 190 ədəd, qanadlı raket – 176 ədəd, PUA – 724 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 953 ədəd, hərbi avtomobil texnikası – 4 005 ədəd, səhra artilleriyası və minaatanlar – 832 ədəd, YARS – 574 ədəd, HHM sistemi – 377 ədəd, təyyarələr – 226 ədəd, helikopterlər – 136 ədəd, PUA – 1 442 ədəd.

Rusiya-Ukrayna müharibəsinin 154-cü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, gün ərazində tərəflər üstünlük qazanmaq üçün cəhdlər etdi, ancaq bu cəhdlər uğurlu alınmadı:

“Gün ərzində Rusiya qoşunları Kramatorsk və Baxmut istiqamətində taktiki vəziyyəti yaxşılaşdırmağa cəhd etdi. Onlar Beloqorovka – Verxnokamenskoye istiqamətində hücum əməliyyatları keçirməyə çalışdı, itki verərək geri çəkildilər.

Volınskoe-Poleskoe istiqamətində taktiki vəziyyətdə ciddi dəyişiklik baş vemədi. Rusiya Hərbi Hava Qüvvələri havadan kəşfiyyatı davam etdirdi.

Seversk istiqamətində də qarşılıqlı atəş dueli davam etdi. Ciddi irəliləyiş olmadı. Mülki infrastruktura ciddi ziyan vuruldu. Mülki əhalidən ölənlər oldu.

Xarkov istiqamətində artilleriya dueli davam etdi. Xarkov şəhəri raket zərbələri ilə vuruldu. Rusiya qoşunları bu istiqamətdə də təminat və təchizatda çətinliklərlə üzləşir.

Seversk istiqamətində üç gün intensiv davam edən hücum cəhdlərindən sonra qüvvələr tükənmiş haldadır. Burada yenidən qruplaşmaya ehtiyac var və ruslar bunu edəcəklər.

Kramatorsk istiqamətində Rusiya qoşunları aviasiya zərbələrindən intensiv istifadə etdi. Verxnokamenskoe istiqamətində hücuma cəhd etsə də, uğurlu olmadı. Geri çəkilməyə məcbur oldu.

Baxmut istiqamətində atıcı silahlarla döyüşlər davam etdi. Hücuma cəhd edilsə də, ciddi uğur əldə olunmadı. Bu istiqamətdə kəşfiyyatla döyüşlərə üstünlük verildi.

Zaporojye-Avdeyevka istiqamətində, əsasən, mövqe döyüşləri getdi. Xüsusən də artilleriya dueli aktiv oldu. Tərəflərin heç biri irəliləyə bilmədi.

Yujnobukovskoe istiqamətində Ukrayna qoşunları uğurlu döyüşlər apardı. Gün ərzində onlar Lozovoe və Andreyevka yaşayış məntəqələrini geri götürdülər. Bu onlar üçü ciddi uğur sayıla bilər. Çünki son zamanlarda əks-hücum əməliyyatlarının keçirilməsində ciddi uğursuzluqlar var idi. Bu yaşayış məntəqələrinin azad edilməsi Ukrayna həmlə qrupları üçün ciddi motivasiya olacaq.

Gün ərzində üç körpüyə ciddi raket zərbələri endirildi. Antonovsk, Dmitrevsk körpüləri ciddi zərər gördü. Ukrayna Silahlı Qüvvələri Dnepr üzərindən keçən dəmiryol körpüsünü vuraraq qismən sıradan çıxardı. Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində rus qoşunlarının logistika və nəqliyyat marşrutlarını tamamilə atəş nəzarətinə götürüb.

Antonov körpüsü yararsız hala salındığından bu istiqamətdə olan Rusiya qoşunları təchizatsız qalıb. Bu istiqamətdə əsas keçid körpüsü olan Antonov körpüsündən texnika və avtomobillərin keçişi praktiki olaraq mümkün deyil. Körpüdən yalnız piyadalar keçə bilir. Bu isə, öz növbəsində, Rusiya birinci eşalon bölmələri üçün ciddi təminat problemləri yaradır. Sursatsız və yanacaqsız bölmələr döyüş qabiliyyətini itirmiş sayılır. Əsir düşməkdən başqa yolları qalmır. Bu səbəbdən bu istiqamətdə döyüşməli olan Rusiya bölmələrini ciddi uğursuzluq gözləyir.

Gün ərzində Xarkov və Nikolayev şəhərləri S-300 raketləri ilə vuruldu. Mülki infrastruktura ciddi ziyan dəydi. Rusiya raket qoşunları qadağan olunmuş silah növlərindən – fosforlu və kasetli sursatlardan aktiv istifadəyə davam etdilər.

Ukrayna müdafiə naziri artıq əməliyyatlar teatrında güclərin balanslaşdığını bidirdi. Əgər tərəfdaşları onlara lazım olan silah-sursat və raket-artilleriya sistemlərini vaxtlı-vaxtında təmin etsələr, onlar uğurlu əks-hücum əməliyyatlarına da başlaya biləcəklər. Önümüzdəki günlərdə əməliyyatlar teatrında əməliyyat şəraitinə Ukrayna qoşunlarının nəzarət edəcəyi gözləniləndir.

Bu gün Ukrayna Ali Radası Andrey Kostinin Ukraynanın Baş prokuroru təyin edilməsini təsdiqlədi. Eyni zamanda, Ali Rada Ukrayna Silahlı Qüvvələrində olan bütün növ silahların istehsalı və təmiri müəssisələrinin özəlləşdirilməsini qadağan edən qanun qəbul etdi. Bu da müharibənin getdiyi bir zamanda hərbi maddi texniki vasitələrlə “dəllalıq” etmək istiyənlərin qarşısının alınması üçün vacib bir addım sayıla bilər.

Bu gün “Taxıl dəhlizi” çərçivəsində Odessa, Çernomorsk və Yujnı limanlarında işlər bərpa olundu. İstanbulda Taxıl üzrə Koordinasiya Mərkəzinin ilk iclası da keçirildi. Müharibənin davam etdiyi bir fazada bu koridorun nə qədər işlək olması düşündürücüdür. Dünyada ərzaq məhsullarının artan qiymətləri bu koridorun işləməsini labüd edir.

Müharibə fonunda tərəflərin “Taxıl dəhlizi” çərçivəsində anlaşıb-anlaşmayacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

670
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv