158 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 5 770 ədəd, hərbi avtomobil texnikası – 2 900 ədəd, səhra artilleriyası və minaatanlar – 916 ədəd, YARS (reaktiv yaylım atəşi sistemi) – 259 ədəd, HHM sistemi – 117 ədəd, təyyarələr – 223 ədəd, helikopterlər – 190 ədəd, qanadlı raket – 174 ədəd, PUA – 735 ədəd, gəmi-kater – 15 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 3 965 ədəd, hərbi avtomobil texnikası – 4 015 ədəd, səhra artilleriyası və minaatanlar – 840 ədəd, YARS – 578 ədəd, HHM sistemi – 381 ədəd, təyyarələr – 226 ədəd, helikopterlər – 136 ədəd, PUA – 1 460 ədəd.
Rusiya-Ukrayna müharibəsinin 158-ci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, 158-ci gündə də əməliyyatlar teatrında tərəflərin hücum və müdafiə döyüşləri davam edib:
“Rusiya qoşunlarının yenidən qruplaşması davam edir. Son sutka ərzində Rusiya və Ukrayna qoşunlarının təmas vəziyyətindəki əməliyyat şəraitində ciddi dəyişiklik baş vermədi. Tərəflər daha çox məsafədən raket-artilleriya vasitələrinin atəşlərilə bir-birinə zərər vermə taktikasına üstünlük verirlər. Gün ərzində tərəflərin əməliyyat şəraitində ciddi taktiki vəziyyət dəyişikliyi müşahidə olunmadı.
Valınskaya-Polın istiqamətində vəziyyət əvvəlki günlərdəki kimi stabil qaldı. Belarus istiqamətində hərbi təlimlər davam etdi.
Seversk istiqamətində qarşı tərəf Çerniqov və Sumı vilayətlərinin yaşayış məntəqələri ərazilərinə Rusiya ərazilərindən raket zərbələrinin endirilməsi davam etdi. Mülki infrastrukturda ciddi dağıntılar və ölənlər oldu.
Slabojansk istiqamətində Ukrayna qoşunları Rusiya bölmələrini sərhədə doğru sıxışdırmağa cəhd etdi. Qarşılıqlı mövqe döyüşləri davam etdi.
Xarkov istiqamətində Rusiya qoşunları şəhəri bombalamağa davam etdi. Artilleriya və minaatanlarla atəşlər həyata keçirildi. Aktiv hava və ərazi kəşfiyyatı aparıldı. Xüsusən də Rusiya bölmələrinin döyüş kəşfiyyat qruplarının fəaliyyəti çox aktivləşib.
Salvyansk istiqamətində rusların hücum döyüşləri davam etdi. Dimitrovka ərazisində hücumlar uğurlu olmadı. Onlar əvvəlki mövqelərinə qayıtdılar.
Donetsk istiqamətində Soledar, Baxmut, Travneve yaşayış məntəqələri aviasiya atəşləri ilə atəş zərbələrinə məruz qoyuldu. Mülki infrastruktura ciddi ziyan dəydi. Təmas vəziyyətindəki bölmələr hücum cəhdləri etdilər, lakin uğur qazanmadılar.
Seversk istiqamətində Rusiya qoşunlarının hücumalarında aktivlik hiss olundu. Seversk şəhəri artilleriya və raket zərbələri ilə bombalandı.
Avdeyevka istiqamətində ciddi döyüşlər davam etdi. Ruslar Avdeyevka və Peski rayonlarını raket-artilleriya vasitələrindən və tanklardan atəşə tutdular. Hücum cəhdləri uğur qazanmadı. Bu istiqamətdə döyüşlərin gedişində ciddi intensivlik müşahidə olundu. Rusiya bölmələri bu istiqamətdə irəliləməyə qərarlı görsənir.
Zaporojye istiqamətində də vəziyyət əvvəlki gündəki kimi davam etdi. Artilleriya dueli davam etdi, aviasiya zərbələri də endirildi.
Rusiya qoşunları Dnepr çayı üzərindəki keçidlərdən bölmələrini maddi-texniki vasitələrlə və ehtiyat bölmələrlə komplektləşdirməyə davam etdi.
Nikolayev şəhəri heç vaxt olmadığı qədər ciddi kaset raketləri ilə bombalandı. Bu, Rusiyanın həmin istiqamətdə ciddi hədəflərindən xəbər verir.
Ukrayna qoşunlarının körpüləri bombalamağı dayandırdığı müşahidə olundu. Görünür, Ukrayna Baş Qərargahının bu körpülərdən istifadəyə dair operativ planları var.
Gün ərzində Ukarayna YARS-ları qarşı tərəfin iki silah-sursat anbarını sıradan çıxardı. Cənub Buk istiqamətində Ukrayna aviasiya zərbələri aktiv tətbiq olundu.
Eyni zamanda, bütün istiqamətlər üzrə Rusiya raket-artilleriya qoşunları Ukrayna ərazisində hərbi və mülki obyektlərə hava və raket zərbələri endirməkdə davam etdi.
Rusiya qoşunları bütün cəbhə boyu PUA-larla hava kəşfiyyatını davam etdirir. Əməliyyatlar teatrında gün belə yekunlaşdı.
Döyüşlərin intensivliyi hələ də yüksək olaraq qalır. Rusiya qoşunlarının hücum qrupları günün tapşırıqlarını yerinə yetirmək üçün maksimum güc sərf edir. Amma Ukrayna müdafiə bölmələri onların planlarını ciddi şəkildə pozur. Bu səbəbdən müharibənin sürünən fazasını hələ bu tempdə davam edəcəyini gözləməliyik.
Serbiya ilə Kosovo arasında xüsusi bir gərginlik yaranıb. Əgər bu gərginlik artan xətlə davam etsə, silahlı münaqişəyə çevrilsə, Qərb cəbhəsi bu istiqamətə də diqqət ayırmalı olacaq. Bu isə, öz növbəsində, Rusiyanı bir qədər rahatlada bilər. Ötən təhlillərimizdə də qeyd edirdik ki, Rusiya Qərbin başını qarışdırmaq üçün Avropanın mərkəzində münaqişə yaratmağa çalışacaq. Bu da, təbii ki, Serbiya və Kosovo ola bilərdi.
Serbiya və Kosovo məsələsinin Ukraynaya necə təsir edəcəyini görəcəyik…”
Səxavət Məmməd