!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 24-cü GÜNÜ: Ruslar üçün vaxt daralır- TƏHLİL

!Reklam – Yazi

İyirmi dörd gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar – 455 ədəd, PDM və ZTR-lər – 1 420 ədəd, artilleriya sistemləri – 210 ədəd, hava hücumundan müdafiə sistemləri – 70 ədəd, təyyarələr – 100 ədəd, helikopterlər – 110 ədəd, avtomobil texnikası – 1 130 ədəd, PUA-lar – 12 ədəd, hərbi obyekt – 210 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 310 ədəd, zenit-raket kompleksləri – 210 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar – 885 ədəd, ZTR-lər – 865 ədəd, artilleriya sistemləri – 460 ədəd, hava hücumundan müdafiə sistemləri – 95 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1 080 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3 510 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 118 ədəd, zenit-raket kompleksləri – 130 ədəd.

Ukrayna-Rusiya müharibəsinin iyirmi dördüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, Ukrayna-Rusiya müharibəsinin 24-cü günündə tərəflərin əməliyyat şəraitində ciddi bir dəyişiklik baş verməyib:

“Taktiki səviyyədə lokal döyüşlər davam etdi.

Ruslar yenə də əvvəlki günlərdəki kimi Çernobayevakanı nəzarətdə saxlamağa çalışdılar. Nikolayev istiqamətindəki qoşunlarının əsas təminat yolunun üzərində olan Antonovka körpüsü ruslar üçün olmazsa-olmazlardan birinə çevrilib və bu səbəbdən oranı əldən verməməyə çalışırlar. Buradakı təminat yolu üzərindəki bu körpü Nikolayev, Odessa, Krivoy Roq istiqamətində gələcəkdə rusların uğurlarını təmin edə biləcək strateji hədəflərdən birinə çevrilmiş görünür. Ruslar üçün Çernobayev və Xerson aeroportları da çox önəmlidir. Gələcək əməliyyatlar üçün bu aeroportlar əsas təminat və logistika mərkəzi kimi strateji əhəmiyyətə malikdir. Bu səbəbdən 24-cü gün döyüşlərin qızmar fazası bu istiqamətdə idi.

Ukraynanın Çernobayevka şəhərində Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci Birləşmiş Silahlı Qüvvələri komandanı, general-leytenantı Andrey Mordviçevin məhvi də bu ərazidə baş vermişdi.

Gün ərzində Mariupol şəhərinin giriş istiqamətində dislokasiya olunmuş Rusiya hərbi qruplaşmasına qarşı “Azov” alayının xüsusi təyyinatlıları uğurlu xüsusi əməliyyat keçirdilər. Rusların 2 tank, 1 BMP-sini, alayın ərzaq təchizat avtomobilini sıradan çıxardılar. Digər istiqamətdə isə rusların silah deposunu ələ keçirməklə yanaşı, ərazidəki geri qalan texnikanı, maddi-texniki bazanı partlatdılar. Bu səbəbdən dolayı Mariupol və Çerniqov şəhərləri bütün gün ərzində bombalandı.

Mariupolda vəziyyət ağır olaraq qalır. 24 gündür ki, Mariupol mühasirə vəziyyətində müdafiə olunur, Ukrayna ordusu Mariupolu mühasirədən çıxarmaq üçün bu istiqamətdə real qüvvəyə malik deyil. Belə davam edərsə, şəhər rus qoşunları tərəfindən tezliklə ələ keçiriləcək.

Rusların Xarkov istiqamətindəki hüçumları artıq dayandırılıb. Ruslar ələ keçirdiyi həddlərdə tələsik müdafiəyə keçirlər. Kiyev istiqamətində də gedən döyüşlərdə istənilən nəticəni əldə etməyən rus qoşunları dayandığı həddlərdə möhkəmlənməyə çalışır. Eyni zamanda, raket-artilleriya qoşunlarının raket hücumlarının nə zaman onların istiqamətindəki Ukrayna ordusuna yönələcəyini gözləyirlər. Onlar isə öz növbəsində hələ cənub istiqamətində tapşırıqlara önəm verirlər.

Proqnozlaşdırdığımız kimi, ruslar arsenalında olan “Kinjal” hipersonik ballistik raketlərindən də istifadə etməyə başladı. Bu kimi raketlərin istifadəsi Rusiya hərbi və siyasi establişmentinin qəzəb səviyyəsinin nə dərəcədə artdığının göstəricisidir. Qəzəb artdıqca daha dağıdıcı raketlər işə salınır. Qəzəbin artmasına səbəb dünyanın ikinci ordusunu şəhərlər ətrafında, meşələrdə dizə gətirən ukraynalıların irdəsidir. Ruslar ukraynalıların bu iradəsini qırmaq üçün Qara və Xəzər dənizində döyüş növbətçiliyində olan bütün donanma gəmilərindəki raketləri Kiyev, Donetsk, Mariupol, Nikolayev, Lvov istiqamətində tam şəkildə istifadə etməyə qərarlı görsənir. Raket artilleriya zərbələri bu mərhələdə ruslar üçün ən məqbul variant sayıla bilər. Quru qoşunları tapşırıqlarını layiqincə yerinə yetirə bilmədikləri üçün hərbi rəhbərlik bu biabırlığı Hərbi kosmik qüvvələrin vasitələri ilə ört-basdır etməyə çalışır. Hələ onların “Çirkon”, “Paseydon” hipersonik ballistik raketləri səbirsizliklə öz istifadə növbəsini gözləyir. Ruslardakı bu sinif raketlərin sayı Ukraynanın əsas böyük şəhərlərini Mariupolun halına salmağa yetər. Bu səbəbdən Ukraynaya atəşkəs mütləq lazımdır, ən azından digər şəhərləri bu raketlərdən qorumaq üçün. Digər bir məsələ atılan hər bir hipersonik raketin böyük şəhərlərdəki dağıntılarının humanitar böhranı daha da artırmasıdır. Ruslar da gözəl bilirlər ki, humanitar böhran həm Şimali Atlantika Alyansına, həm də Avropa İttifaqına ən gözəl təzyiq vasitəsidir. Dolayısı ilə onlar Ukrayna rəhbərliyini, bir az öncə təslimiyyətçiliyə vadar etməlidirlər. Ukraynaya rəhbərliyinə və xalqına bu iradəni qəbul etdirmək o qədər də inandırıcı görünmür. Xalq və ordu ölməyi təslimiyyətçiliyə tərcih edir.

Önümüzdəki günlərdə Ruslar ağlımıza gəlməyən hipersonik, ballistik, qanadlı, kaset raket sistemlərindən də istifadə etsə, heç təəccüblənməməliyik.

Bütün oyun qaydaları “qaydasız döyüşün qaydaları”na çevrildiyi üçün sürprizlər qaçılmazdır. Vaxt ruslar üçün daralır. Bu işi bir an öncə – meşələr bataqlığa çevrilmədən, yaşıllığa qərq olmadan bitirməlidirlər. Əks halda, bataqlıqlar zirehli texnikanı udacaq, partizanlar isə meşlərdə canlı qüvvəni asan ova çevirəcəklər.

Ruslar bunun fərqindədirlər və tək çıxış yolları raketlərin kütləvi istifadəsidir. Çox dağıntı, döyüş, sanitar itkisi və qaçqın ordusu Rusiyanın planlarının həyata keçirə bilməsinin tək çarəsidir. Əməliyyatlar teatrındakı rus quru qoşunlarının döyüş qabiliyyətinin gözlənilənin çox altında olması bu tezi bir az da gücləndirir.

24-cü gündə də taktiki səviyyədə Ukrayna ordusu, havada rus ordusu üstünlüyünü qorudu. Bugünkü vəziyyətə görə qalib və yaxud məğlub tərəf yoxdur. Bu günlərdə siyasi dialoqlar məqbul variant sayıla bilər, lakin masaya oturmaq üçün tərəflərin istəkləri hələ üst-üstə düşmür. Tərəflərin heç biri kompromisə getmək istəmir.

Belə olan halda, müharibənin davamı öz özlüyündən məcburiyyətə çevrilir…”.

Səxavət Məmməd

www.yenicag.az

929
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv