!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 32-ci GÜNÜ: Artıq ruslar üçün mülki və ya hərbi hədəf anlayışı yoxdur - TƏHLİL

!Reklam – Yazi

Otuz iki gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 350 ədəd, artilleriya sistemləri – 235 ədəd, hava hücumundan müdafiə sistemləri – 84 ədəd, təyyarələr – 103 ədəd, helikopterlər – 126 ədəd, avtomobil texnikası – 1 280 ədəd, PUA-lar – 12 ədəd, hərbi obyekt – 225 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 315 ədəd, zenit-raket kompleksləri – 220 ədəd. Rusların 117 ədəd tankı ukraynalılar tərəfindən istifadəyə yararlı halda qənimət götürülüb.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 020 ədəd, artilleriya sistemləri – 490 ədəd, hava hücumundan müdafiə sistemləri – 112 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1 560 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3 530 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 145 ədəd, zenit-raket kompleksləri – 135 ədəd.

Ukrayna-Rusiya müharibəsinin otuz ikinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 32-ci gündə əsas döyüşlər Kiyev, Xarkov, Xerson, Zaporejets, Luqansk, Donetsk yaşayış məntəqələri istiqamətində gedib və əməliyyat şəraitində tərəflərin hər hansı birinin lehinə ciddi dəyişiklik baş verməyib:

“Gün ərzində Kiyev, Lvov, Jitomir bombalanmağa davam etdi. Ukrayna ordusu şimal-şərq və şərq cəbhəsində əks-hücum əməliyyatlarına davam edir. Sumı vilayətində 1 şəhər, 2 qəsəbənin işğaldan azad olunmasından sonra Ukraynanın şərq cəbhəsində Luqansk vilayətinin Rubejnı və Popasnı şəhərlərində gərgin küçə döyüşləri gedir.

Mariupol şəhəri Rusiya ordusunun “kabus”u olmaqda davam etdi. Ruslar şəhəri hələ də ələ keçirə bilmirlər. Bütün gün ərzində Rusiya ordusu şəhəri dənizdən, şəhər ətrafindakı mövqelərdən, Donetsk şəhəri ərazisindəki raket-artilleriya bölmələrindən zərbələr endirməyə davam etdi. Hətta qadağan olunmuş fosfor bombalarını belə istifadə etməkdən çəkinmədilər. Gün ərzində ruslar Mariupola qurudan hücum əməliyyatı keçirməyə cəhd etdi. Lakin Rus ordusunun hücumu “Azov” alayının döyuşçüləri tərəfindən dayandırıldı. Çoxlu itkilər verildi. Şəhər uğrunda gedən döyuşlərdə Rusiya Qara dəniz donanmasının 810-cu briqadasının komandir müavini öldürüldü. Ruslar səhər satlarında yenidən Mariupol sahillərinə desant çıxarmağa cəhd etsələr də, sahil mühafizəçiləri rusların iki hərbi katerini məhv etdiyindən onlar geri çəkilməyə məcbur oldular.

Rusiya Zaporojets ətrafında yenidən qruplaşma yaratmağa çalışdı. Onlar bu istiqamətdə Ukrayna qoşunlarının əks həmlə keçrəcəyindən ehtiyatlanırlar.

Düşünürəm ki, bütün bu xaotik və koordinasiya olunmayan əməliyyatlar rusların həddindən artıq tələsdiklərini göstərir. Müharibənin hər uzanan günü Rusiya iqtisadiyyatına milyardlara başa gəlir. Onlar da bunun fərqindədirlər.

Bu gün Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri rusların 4 təyyarə, 1 helikopter, 2 İHA (OTR) və 2 qanadlı raketini məhv etdi. Artıq ukraynalıların hava hücumuna qarşı tədbirləri artırdıqlarını görürük. Buna baxmayaraq, ruslar hələ də hava üstünlüyünü saxlamaqda davam edirlər. Çünki onların raket-artilleriya sistemləri arsenalı hələ də tam istifadə olunmayıb. Raket-artilleriya silahlarının kütləvi tətbiqi rusların yeni müharibə strategiyasının əsasını təşkil edəcək. Bu, itki vermədən qarşı tərəfə maksimum itki verdirməyin tək çarəsidir. İtkilər mülki insanlar və hədəflər olsa da belə. Xüsusən də ruslar bunu guya ukraynalı əsgərlərin müdafiə silahlarını məktəblərdə və uşaq bağçasında mövqeləndirdikləri ilə əsaslandırırlar. Yəni artıq ruslar üçün mülki və ya hərbi hədəf anlayışı yoxdur. Bütün hədəflər legitimdir.

32 gün ərzində Rusiya ordusu tərəfindən Ukraynada 8 mindən çox yol, 260 körpü, 4 min 431 yaşayış yeri, 92 fabrik və ya müəssisə, 378 təhsil müəssisəsi, 138 səhiyyə ocağı, 2 liman, 8 mülki və 10 hərbi hava limanı, içərisində atom elektrik satansiyası da olmaqla 8 elektrik stansiyasına zərər vurulub və yaxud dağıdılıb.

Raket-artilleriya zərbələrinə tab gətirməyən 3,8 milyondan artıq Ukraynalı ölkəni tərk edərək qaçqına çevrilib. Bu, Rusiyanı o qədər də narahat etmir. Nə müharibə onların ərazisində gedir, nə də qaçqın axını ora gedir. Bəlkə, Avropa ölkələri bu humanitar fəlakət ilə qarşılaşandan sonra bizim Birinci Qarabağ Müharibəsindən sonra nəyə qatlaşdığımızın fərqinə vararlar.

Görünən odur ki, Rusiya qoşunlarının bir digər sıxıntısı da idarəetmədədir. Komandanların və qərargahların asanlıqla hədəfə çevrilməsinin qarşısını almaqda çətinlik çəkirlər. Məhz bu səbəbdən də Rusiya ordusu Ukraynada ciddi müqavimətlə üzləşdikdə kommunikasiyada, komanda məntəqələrinin yaradılması və fəaliyyətinin təşkilində problemlərlə üzləşib. Rus ordusunda olan rabitə resursları isə özünü doğrultmur. Rusların şifrəli hərbi rabitə sistemi normal çalışmır. Rusiya ordusu tərkibində vuruşan rusiyalı çağırışçılar, çeçenlər və Luqansk, Dontesk qruplaşmaları arasında ümumi rəhbərlik sahəsində rabitə kommunikasiyasında ciddi problemlər üzə çıxır.

Rus hərbçiləri özlərinin şifrəli hərbi rabitəsindən normal istifadə edə bilmədiyi üçün adi mobil rabitəyə üstünlük verirlər. Operatorlar isə geolokasiya proqramlarının vasitəsi ilə dislokasiya koordinantlarını Ukrayna tərəfinə servis edir. Vaxtlı-vaxtında operativ kəşfiyyat məlumatı varsa, yüksək ranqlı generallar və qərargahlar asan hədəfə çevrilir. Ukrayna hərbi rəhbərliyi ümumi şəbəkədə olan danışıqları asanlıqla izləyə və dinləyə bilir. Onlar asanlıqla nəinki danışığın mahiyyətini, həmçinin koordinatları müəyyən edə bilirlər. Sonra isə bu koordinatlar raket zərbəsi endirəcək qruplara, dronların idarəetmə məntəqəsinə ötürülür. Bununla da yüksək rütbəli hərbçilərin zərərsizləşdirilməsi təmin edilir. Ruslar ukraynalıların bu texnologiya dəstəkli əməliyyatlarına qarşı heç bir tədbir görə bilmirlər. Çünki rabitə və radioelektron rabitə vasitələri yeni nəsil müharibələri dəstəkləyə bilmir.

Rusiya qoşunlarının digər bir problemi ondadır ki, Ukraynada tətbiq edilən yüksək dəqiqlikli hesab olunan raketlərin 60 faizi ya hədəfə çatmır, ya hədəfə dəqiq dəymir, ya da düşdüyü yerdə partlamır. Ukraynadan fərqli olaraq rusların raket, artilleriya və adi atıcı silahların atışlarının dəqiqliyi çox aşağı səviyyədədir. Hərbi obyektlərin və hədəflərin məhv edilməsi vaxtının uzanmasının əsl səbəbi də elə budur.

Rusiya 32 gün ərzində Ukraynaya 1 200-dən çox raket buraxıb. Rusiya Ukraynaya qarşı “İsgəndər-M” operativ-taktiki raketlərindən, X-55 və X-555 tipli qanadlı raketlərdən, “Kalibr” qanadlı raketlərindən geniş istifadə edib. Bir neçə dəfə isə “Kinjal” hipersəs sürətli “hava-yer” raketi tətbiq edib. Nəticədə isə heç bir starteji və operativ hədəf ələ keçirilməyib. Bu necə müharibədir?

Bizim qoşunlar 44 günlük müharibəmizin 15-ci günündə artıq cənub istiqamətində 130 kilometr irəliləmişdilər. 32 gün keçib, lakin rus qoşunları bəzi istiqamətlər üzrə yalnız 20 km-ə qədər irəliləyə biliblər. Bizim qoşunlar hələ 30 il möhkəmləndirilmiş həddlər və rayonlar üzərinə əks-həmləyə keçərək bunu gerçəkləşdirmişdilər.

Strateji və operativ müharibə əməliyyatlarının planlanması haqqında bilgisi olan birisi olaraq deyə bilərəm ki, rusların bu müharibəsinin məqsəd və məramını hərbi elmin kanonlarına görə çözmək mümkün deyil.

Rus “strateq”ləri əməliyyatlar teatrındakı bu biabırçı vəziyyəti dünyanın ikinci güclü ordusunun Ali Baş Komandanına necə qəbul etdirə bilirlər və bu vəziyyət nə qədər davam edəcək, önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

1052
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv